Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.05.2015 02:16
  • A-
  • A
  • A+

Gənc alim və mütəxəssislərin II futbol çempionatının qalibləri mükafatlandırılıb

Gənc alim və mütəxəssislərin II futbol çempionatının qalibləri mükafatlandırılıb

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsiAzad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin ikinci futbol çempionatı”nın final oyunu və bağlanış mərasimi keçirilib.

Çempionatın final oyununda akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun komandası ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun komandası mübarizə aparıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun komandası çempionatın qalibi olub.

Qaliblərin mükafatlandırılması mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə komandaların üzvlərini təbrik edib, atıq ikinci ildir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Ölkəmizdə bu sahənin, xüsusən də idman mədəniyyətinin gündən-günə daha sürətlə inkişaf etdiyini söyləyən AMEA-nın rəhbəri respublikamızın bütün rayon və şəhərlərində müxtəlif idman obyektlərinin inşa edilməsini, Milli Olimpiya Komitəsinin yaradılmasını dövlətimizin bu sahəyə diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirib.

Akademik Akif Əlizadə artıq müxtəlif beynəlxalq tədbirlərə və mötəbər idman yarışlarına ev sahibliyi edən Azərbaycanın yaxın günlərdə ölkəmizdə keçiriləcək “Bakı - 2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını xüsusi qeyd edib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov aprelin 27-də başlanan çempionatda ümumilikdə 17 komandanın iştirak etdiyini söyləyib, göstərilən dəstəyə görə akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra komandalar mükafatlandırılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun komandası birinci, Riyaziyyat və Mexanika İnstitutunun komandası ikinci, Geologiya və Geofizika İnstitutunun komandası isə üçüncü yeri tutub. Qalib komandaların üzvlərinə medal, diplom və pul mükafatları təqdim olunub. Çempionat çərçivəsində, həmçinin “Ən yaxşı oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə mükafatlar verilib. Riyaziyyat və Mexanika İnstitutunun hüçumçusu Elton Quliyev və Arxelogiya və Etnoqrafiya İnstitutunun qapıçısı Məhəmməd Abdullayev bu mükafatlarla təltif olunublar.

www.gencalimler.az

  • Paylaş: