Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2022 14:24
  • A-
  • A
  • A+

UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsi Türkiyənin Hacettepe Universiteti ilə əməkdaşlıq edəcək

UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsi Türkiyənin Hacettepe Universiteti ilə əməkdaşlıq edəcək

16-20 may 2022-ci il tarixlərində UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks Beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov və həmin laboratoriyanın elmi işçisi Aynurə Paşayeva Hacettepe Universitetinin Bioetik Təlim və Təqdiqat Mərkəzində seminar-treninqdə iştirak ediblər.

Onlar Bioetika Təlim və Tədqiqat Mərkəzinin rəhbəri, prof. Nüket Örnək Büken, dos. Müge Demir, dos. Önder İlgili və mərkəzin bu istiqamət üzrə digər aparıcı mütəxəssisləri ilə görüşərək fikir mübadiləsi aparıblar. Treninq zamanı insan və heyvanlar üzərində eksperimentləri, həkim və pasiyentin qarşılıqlı münasibətlərini, süni intellekt, tibbi genetika və s. kimi sahələri əhatə edən tədqiqatlarda insan haqlarının qorunması baxımından bioetika protokollarına və konvensiyalarına riayət edilməsi, onların düzgün tərtib edilməsinin əhəmiyyəti qeyd edilib. Seminarda bioetika sahəsini əhatə edən mövzularda bir neçə məruzə dinlənilib, dəyirmi masa arxasında müzakirələr aparılıb.

Eyni zamanda bioetika sahəsini daha da dərindən mənimsəmək, inkişaf etdirmək və bu istiqamətdə kadr hazırlığını həyata keçirmək məqsədilə AMEA-nın bir neçə əməkdaşının Hacettepe Universitetinin HÜBAM mərkəzinə uzunmüddətli təlim kurslarına və doktorantura təhsili almağa göndərilməsi, birgə görüş və konfransların keçirilməsi, onlayn seminarlarda iştirak barədə ilkin razılıqlar əldə edilib.

Bundan əlavə, Hacettepe Universitetində nəşr olunan “Turkish Journal of Bioethical Reflections” jurnalı ilə əməkdaşlıq və həmin jurnalda Azərbaycan alimlərinin məqalələrinin nəşr olunması məsələləri də müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: