“Texnofest” Aerokosmik və Texnologiya Festivalı tək millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Birliyi, həmrəyliyi və qarşılıqlı əməkdaşlığının növbəti zirvəsidir. Festival illərdən bəri yüksək səviyyədə siyasət, diplomatiya, iqtisadiyyat, hərbi sənaye, sahibkarlıq sahələrində davamlı birlik və əməkdaşlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində də əməkdaşlığının daha da genişləndirilərək yeni mərhələyə qaldırılmasına böyük təkan vermiş və geniş perspektivlər açmışdır. “Texnofest” Festivalı həmçinin müstəqillik illərində Azərbaycan Respublikasında hərbi sənaye, rəqəmsal inkişaf və informasiya texnologiyaları sahəsində əldə edilmiş böyük nailiyyətlərin möhtəşəm nümayişinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Texnofest” Festivalının müstəqil dövlətimizin qardaş Türkiyə Cümhuriyyəti ilə elm, təhsil və texnologiya sahəsindəki qarşılıqlı əməkdaşlığının zirvəsi adlandırması bu böyük texnoloji hadisəyə verilmiş yüksək siyasi qiymətin ifadəsidir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın “Texnofest” Festivalını “Bir Ananın iki oğlunun müasir mərhələdəki inkişafının, birlik və həmrəyliyinin real nümayişi” kimi dəyərləndirilməsi də ölkələrimiz arasında elm, təhsil və texnologiyaların inkişaf etdirilməsi sahəsində də sarsılmaz birliyin geniş imkanlara malik olduğunu nümayiş etdirir. Bütün bunlara görə “Texnofest” Aerokosmik və Texnologiya Festivalı Azərbaycan və Türkiyənin XXI əsrdəki yeni inkişafını, qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış möhtəşəm hadisədir.
Respublikamızın ali və orta məktəbləri kollektivlərinin “Texnofest” Festivalında çoxsaylı texnoloji layihələrlə iştirak etmələrinin xüsusi əhəmiyyəti vardır. Bu, artıq Azərbaycanda elm, təhsil və texnologiya sahəsində ən müasir biliklərə və qabiliyyətlərə malik yeni nəslin yetişib formalaşdığını göstərir. Ali məktəb tələbələrinin və orta məktəb şagirdlərinin seçilmiş layihələrinin fərqli nominasiyalar üzrə müxtəlif yerlərə layiq görülməsi və mükafatlandırılması ölkəmizin elmi-texniki inkişafının gələcək imkanlarını təsəvvür etməyə imkan yaradır.
Azərbaycan Milli Elmlər Akademiyası elmi tədqiqat institutlarının, Yüksək Texnologiyalar Parkının və Təcrübə-Sənaye Zavodunun “Texnofest” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirdiyi layihələr də iştirakçıların böyük marağına səbəb olmuşdur. Müxtəlif ölkələrdən olan və ya respublikamızı təmsil edən tanınmış alimlərin və mütəxəssislərin Akademiya layihələrindəki texnoloji yeniliklərin və tətbiq imkanlarının əhəmiyyətli olduğunu qeyd etmələri bu elmi qurumda da həmin istiqamətdə gedən dinamik prosesləri əks etdirir.
Başqa bir mühüm məqamı da xüsusi qeyd etməyi də lazım bilirəm. Bu, Türkiyə Hərbi Sənayesinin ulduzu olan Səlcuq Bayraqdarın və Nobel Mükafatı laureatı, dünya şöhrətli elm xadimi Əziz Səncərin Texnofestdə iştirak etməsi ilə əlaqədardır. Nəinki Türkiyədə, hətta dünya pilotsuz hərbi texnikasının yaradılması sahəsində müasir dövrün əfsanələrindən biri kimi qəbul olunan Səlcuk Bayraqdarın və tibbi-biologiyanın kimyəvi reaksiyalarla əlaqəli şəkildə inkişaf etdirilməsi sahəsində yeni istiqamət açmış görkəmli elm xadimi professor Əziz Səncərin “Texnofest” Festivalı günlərində Azərbaycan gəncliyi ilə görüşləri, onların sərgiyə çıxarılmış texnoloji layihələrinə dair dəyərləndirmələri ölkəmizdə yeni elmi nəslin, müasir dövrün mühəndis-konstruktorlarının formalaşdırılması və inkişaf etdirilməsinə müstəsna dərəcədə təsir göstərən, təkan verən böyük hadisədir. Böyük inamla demək olar ki, “Texnofest” Aerokosmik və Texnologiya Festivalı Azərbaycanda və Türkiyədə yenə dövrün Səlcuk Bayraqdarlarını və Əziz Səncərlərini hazırlayıb yetişdirəcək çox əhəmiyyətli bir müasir platformadır.
Eyni zamanda, “Texnofest” Aerokosmik və Texnologiya Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin böyük təşkilatçılıq fəaliyyətinin və gələcəyə baxışının da mükəmməl bir hesabatı kimi tarixə daxil olmuşdur.
“Texnofest” – Azərbaycan və Türkiyə Birliyinin müasir inkişafdakı yerini və geniş imkanlarını nümayiş etdirən möhtəşəm hadisədir.
“Texnofest” – Azərbaycan və Türkiyə Birliyi və əməkdaşlığının yeni tarixi epoxadakı inkişafının mükəmməl elmi və texnoloji jestidir.
İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.