Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

21.06.2022 11:45
  • A-
  • A
  • A+

“Proline Chemicals” MMC-nin baş direktoru: “Müəssisəmizdə dünya bazarında rəqabət aparmaq imkanlarına malik məhsullar istehsal olunur”

“Proline Chemicals” MMC-nin baş direktoru: “Müəssisəmizdə dünya bazarında rəqabət aparmaq imkanlarına malik məhsullar istehsal olunur”

Məlum olduğu kimi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) ölkə rəhbərliyi tərəfindən iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin təsis olunmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə yaradılmışdır. YTP elm-sənaye-dövlət üçbucağının yaranması və səmərəli fəaliyyət göstərməsi üçün bütün tələblərə cavab verə biləcək bir mexanizm kimi Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşdırmaqdadır.

Texnopark yarandığı dövrdən elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası, elmin kommersiyalaşdırılmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir.

YTP-yə yeni qəbul olunmuş rezidentlərdən olan “Proline Chemicals” MMC-nin təsisçisi və baş direktoru Vüqar Həsənov müəssisənin əsas fəaliyyət istiqamətləri, təqdim etdiyi innovativ məhsullar və YTP-nin həmin müəssisə üçün yaratdığı imkanlar barədə suallarımızı cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Vüqar müəllim, “Proline Chemicals” MMC olaraq yüksək keyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olursunuz. Bu məhsullar barədə məlumat verməyinizi istərdik. Məhsullarınız hansı sahələrdə tətbiq olunur?

– 2020-ci ildə əsası qoyulmuş “Proline Chemicals” MMC mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nano-hissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur. Belə ki, müəssisədə avtomobil texniki mayeləri, avtomobil kimyası, avtomobil qulluq vasitələri, avtomobil kosmetikası, sənaye kimyəvi vasitələri, məişət kimyası üçün yüksək keyfiyyətli yuyucu və təmizləyici vasitələr, otel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalı həyata keçirilir.

Nano keramika, “Nano Clear-view anti-rain”, “Nano anti-mist”, “Nanoshampoo”, “Nano fast wax”, “Nanox”, karnauba mumu qatqılı nano-cilalayıcı, parça üzlüklər və xalçalar üçün nano-təmizləyici, motor hissəni təmizləmək üçün dielektrik xassəli nano-təmizləyici, maye açar nano-effekt və s. müəssisədə istehsal olunan məhsullardandır.

“Proline Chemicals” MMC-nin innovativ məhsulları avtomobillərin lak-boya örtüyü, avtomobil şüşələri (ön, yan və arxa), faraları və güzgüləri, məişət avadanlıqları (pəncərə şüşələri, kafel, metlax, duş kabinələrinin şüşələri, keramik çanaqlar), eləcə də inzibati binaların şüşə səthlərində tətbiq olunma imkanına malikdir.

“Proline Chemicals” MMC-nin təqdim etdiyi bu layihənin YTP ərazisində həyata keçirilməsi sizə nə kimi imkanlar təqdim edir?

– Müəssisəmiz 2021-ci ilin avqust ayında “Hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı” layihəsi üzrə AMEA YTP-nin rezidenti kimi qeydiyyata alınmışdır. AMEA və YTP tərəfindən “Proline Chemicals” MMC-yə böyük etimad və dəstək göstərildiyini əminliklə deyə bilərəm. Şübhəsiz ki, biz də bu etimadı doğrultmaq üçün əlimizdən gələni edirik. Müəssisə texnoparkın rezidenti kimi bir çox üstünlüklərdən faydalanır. Bunlara müxtəlif vergi və gömrük güzəştləri daxildir. Bu güzəştlər Azərbaycanda fəaliyyət göstərən bütün texnoparklara aiddir. Lakin YTP-də investorların qeyd olunan güzəştlərdən əlavə, böyük bir elmi resursa əlçatanlığı da var. Başqa sözlə, texnopark institutlar, eləcə də investorlarla birgə fəaliyyət üçün çox əlverişli platformadır.

Qeyd edim ki, “Proline Chemicals” MMC mövcud istehsal bazası əsasında AMEA YTP ərazisində icra etdiyi layihə üzrə istehsal üçün tələb olunan bütün lazımi mühəndis-kommunikasiya xətləri ilə təmin olunub. Ərazinin logistika baxımından Bakı şəhərinin əlverişli hissəsində yerləşməsi müəssisənin fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

– Bildiyimiz kimi, artıq YTP-də istehsal sahəsi hazırlanıb və məhsullarınızın istehsalına başlanılıb. Təqdim etdiyiniz məhsullar bazarda mövcud olan digər məhsullardan nə kimi üstün cəhətlərə malikdir?

– Məhsullarımızın hazırlanmasında dünyanın aparıcı istehsalçılarının keyfiyyətli xammallarından istifadə olunur. “Proline Chemicals” MMC-də istehsal prosesi beynəlxalq standartlar və xarici təcrübə əsasında həyata keçirilir. Geniş çeşid və yüksək keyfiyyət şirkətin uğurlu fəaliyyətinin təminatıdır. Əldə edilən zəruri biliklərə və müasir elmi nailiyyətlərə əsaslanaraq, müəssisə daim rəqabətədözümlü innovativ məhsulların istehsalı və mövcud reseptlərin effektivliyinin artırılması üzərində çalışır.

İnvestisiya layihəmizin məqsədi layihə çərçivəsində istehsalı nəzərdə tutulan məhsullar üzrə seçilən müştəri seqmentinin bütün tələbatlarını daxili istehsal hesabına təmin etməklə yanaşı, analoji məhsullar üzrə idxaldan asılılığın azaldılması və yeni iş yerlərinin açılması hesabına əmək resurslarının cəlb edilməsidir. Layihə çərçivəsində istehsalı nəzərdə tutulan məhsulların bazarda analoji məhsullardan üstünlüklərinin başlıcası qiymət rəqabətində əldə etdiyi təbii üstünlükdür. Çünki məhsulun yerli bazarda analoqu mövcud deyil, idxal edilən əmtəələr isə daha yüksək qiymətlərə təklif olunur. Məhsullar birmənalı olaraq, potensial mümkün ola bilən idxalı tamamilə əvəz edir. Əlavə investisiya və marketinq dəstəyi olduqda Gürcüstan, Qazaxıstan və Ukrayna bazarlarına potensial ixrac imkanları vardır.

– “Proline Chemicals” MMC “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında hansı səviyyədə təmsil olundu?

 Bildiyiniz kimi, “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən sərgidə AMEA üçün də geniş sahəni əhatə edən xüsusi pavilyon ayrılmışdı. Sərgidə Akademiyanın 6 elmi-tədqiqat müəssisəsi və YTP-nin 5 rezidenti  iştirak edirdi. Bu rezidentlərdən biri olan “Proline Chemicals” MMC də sərgidə öz məhsullarını uğurla təqdim etdi. Sərgidə mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələri nümayiş etdirdik.

“BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə, o cümlədən müəssisəmizin təqdim etdiyi məhsullarla yaxından tanış oldu, əldə olunan nailiyyətləri yüksək qiymətləndirdi. Eləcə də Türkiyə Elmlər Akaemiyasının prezidenti, prof. Müzəffər Şəkər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və digər elm və texnologiya sahəsi üzrə tanınmış nümayəndələr AMEA-nın pavilyonuna baxış keçirdi, təqdim olunan layihələrə maraqlarını ifadə etdilər. 

Ümumiyyətlə, sərgi ziyarətçiləri tərəfindən təqdim etdiyimiz innovativ məhsullara böyük diqqət göstərildiyini müşahidə etdik.

Bununla yanaşı, festival Türkiyənin müvafiq qurumları və şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması baxımından da böyük imkanlar açdı, qardaş ölkənin bir neçə qurumu məhsullarımızla yaxından tanış olmaq istəklərini ifadə etdilər.

– Vüqar müəllim, YTP-də yeni məhsul çeşidlərinin istehsalı nəzərdə tutulubmu?

– Müəssisənin sərəncamında olan avadanlıqlar ay ərzində 50 ton məhsul istehsal edib, qablaşdırıb, etiketləyib və qutulara dolduraraq satışa hazır vəziyyətə gətirməyə imkan verir. İstehsal olunan məhsullar bioloji parçalanandır, istehsal prosesi tullantısız, ekoloji cəhətdən zərərsizdir.

Yeni məhsullar istehsal edildikcə müvafiq olaraq, yeni metodikalar meydana gəlir. Yeni texnologiyalara və məhsullara tələbat yaranır ki, müəssisəmiz də müasir tələblərə adekvat olaraq, bazarın nəbzini tutmağa çalışır və müvafiq istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi üçün bütün imkanlarımızı səfərbər edirik.

Yaxın 6 ay ərzində yeni avadanlıqların alınması, yeni qablaşmalar üçün pres formaların, etiketlərin, karton qutuların dizayn edilməsi və hazırlanması, yeni xammal növlərinin alınması, digər dövriyyə vəsaitlərinin artırılması və əlavə işçilərin cəlb olunma prosesinin başlanması, bir neçə innovativ məhsulun satışa çıxarılması nəzərdə tutulur. Yeni məhsul çeşidlərinin hazırlanması üçün əlavə anbar sahəsinə ehtiyac yaranır. Daşınma məqsədləri üçün kiçik tonnajlı yük avtomobilinin alınması planlaşdırılır.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: