Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

"Kitabla dostluq edənin yolu işıqlı olar"
17.04.2025 17:16
  • A-
  • A
  • A+

"Kitabla dostluq edənin yolu işıqlı olar"

"Ən yaxın dostlarım kitablarımdır. Onlarla "vaxt" keçirməyi çox sevirəm. Bilirəm ki, kitabla dostluq edənin yolu işıqlı olar. Elmlə məşğul olan insanın ömrü uzundur. Özü həyatda olmasa belə, əməlləri onu yaşadar. İşimlə, əməlimlə bu dünyanın yaddaşına yazılmaq istəyirəm..."

Həmsöhbətimiz AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi Elnurə Elçin qızı Hüseynovadır.

Elnurə 1994-cü ildə Bakı şəhərində anadan olub. Yaşının az, gənc olmasına baxmayaraq, gördüyü işləri sadaladıqca təəccüblənirsən. Səbirlə, aramla yazdıqlarını, yaratdıqlarını ipə düzürmüş kimi ardıcıllıqla sayır. "Müasir türk dili: tərcümənin linqvistik problemləri", "Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası", "Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası" monoqrafiyalarının müəllifidir.

Beş  kitabı - Səma Maraşlının "Gəlin-qayınana münasibətlərini mehribanlıqla həll edək",  "Sevmək daha gözəldir",  "Xoşbəxt ailə məktəbi",  Muhamməd Münir Qadbanın "Məkkədəki od parçası", Nadir Məmmədlinin "Azerbaycan Folkloru ve Konuşma Kültürü" kitablarını tərcümə edib. Eyni zamanda 80-dən artıq elmi əsərin müəllifi və 10-a yaxın elmi işin rəyçisidir.

Elnurə Hüseynova 2011-ci ildə Yasamal rayonu 176 nömrəli məktəbi əla qiymətlərlə bitirdikdən sonra yüksək balla Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Regionşünaslıq (Türkiyə üzrə) ixtisasına qəbul olub. Təhsil müddəti ərzində Mirzə Kazımbəy adına təqaüdə layiq görülüb. 2015-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra elə həmin il Dilçilik (Türk dili) ixtisası üzrə magistratura səviyyəsinə yüksək balla qəbul olunub. 2017-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin magistr pilləsini fərqlənmə diplomu və fəxri fərmanla bitirdikdən sonra 2018-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əyani doktoranturasına sənədlərini təqdim edib. 2024-cü ildə "Oğuz qrupu türk dillərində təbiət leksikası" mövzusunda dissertasiya işini vaxtından əvvəl  tamamlayaraq filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsində kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Gənc alim hazırda həmin şöbədə böyük elmi işçi vəzifəsində çalışır.

O, 2025-ci ildə AMEA tərəfindən "İlin gənc alimi" mükafatının qalibi seçilib. Azərbaycan, türk, rus, ingilis, ərəb və fransız dillərini mükəmməl  bilir.

Ötən il nəşr olunan  "Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası" və "Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası" adlı kitabları  müxtəlif sərgilərdə nümayiş olunub.

Gənc alim deyir ki, hazırda Azərbaycan dilinin şivələrində yer alan təbiət leksikası ilə bağlı materiallar toplayıb sistemləşdirərək lüğət hazırlayır. Həmçinin Azərbaycan dilində yer alan ərəb mənşəli şəxs adları ilə bağlı kitab üzərində çalışır. Eyni zamanda dialektlərdə yer alan təbiət leksikası vahidlərinin lüğətinin tərtibi ilə məşğul olduğunu bildirir.

Elnurə Hüseynova onu da vurğuladı ki, Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Xurşidbanu Natəvan və Səməd Vurğunun dilində təbiət leksikası vahidlərini tədqiq edib. Azərbaycanın dialektlərində təbiət anlayışının fərqli və oxşar məqamlarını, həmçinin ayrılıqda Qarabağ və Naxçıvan zonalarının şivələrində yer alan zoonimik və floristik leksik, onomastik vahidlərin, yəni yer adlarının təhlilini aparıb.

Elnurə Hüseynova monoqrafiyalarını bizə təqdim edib, astadan "vaxtınız olsa oxuyarsınız", - deyir. Gənc alim redaksiyanı tərk edəndən sonra onun masamızın üstünə qoyduğu kitabları nəzərdən keçiririk.

"Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası" adlı monoqrafiyada oğuz qrupu türk dillərinə daxil olan Azərbaycan, türk, türkmən və qaqauz dillərində relyef və iqlim leksikası müxtəlif yönlərdən - istər müasir ədəbi dillərdə, istərsə də bu dillərin dialekt və şivələrində, həmçinin mövcud xalqların ədəbiyyatlarında yer alan sözlərin yazılı və şifahi xalq ədəbiyyatlarında işlənən frazeologizmlər şəklində təhlil edilir. Bundan başqa, mövcud relyef və iqlim leksika vahidlərinin etimologiyası və onların digər türk dillərində müqayisəsi yer alır. Kitabda oğuz türklərinin təşəkkül tarixi; oğuz qrupu türk dillərinin təşəkkülü; oğuz qrupu türk dilləri müxtəlif aspektlərdən tədqiq edilmiş yerli və əcnəbi tədqiqatçılar haqqında müfəssəl məlumatlar verilmişdir.

Azərbaycan dilinin dialektlərində, eyni zamanda oğuz qrupu türk dillərində (Azərbaycan, Türkiyə türkcəsi, türkmən və qaqauz dilləri olmaqla 4 dilin lüğət tərkibində mövcud olan) relyef və iqlim leksikasını əhatə edən lüğət də oxucuların, tədqiqatçıların nəzərinə çatdırılır.

Onu da qeyd edək ki, bu monoqrafiyalarda ilk dəfə təbiət anlayışı daşıyan sözlərin etimologiyaları öyrənilmiş, sözlərin böyük bir qisminin türkmənşəli olmasının ara-sıra ərəb və farsmənşəli islam fəthləri dönəmindən dillərə daxil olan alınmalara, rus, Avropa, hətta italyan və latın mənşəli  alınma sözlərin də zamanla Azərbaycan, türk, türkmən və qaqauz dillərinə keçdiyini görmək mümkündür. Həmçinin qədim türk dilli qaynaqlar Kitabi-Dədə Qorqud, Orxon-Yenisey və digər toplam 40-dan artıq Qədim və Orta əsr türk mənbələrində yer alan sözlərin ilkin variantaları da müqayisə edilərək sözlərin zamanla dəyişilməsi izlənilmişdir.

Digər tərəfdən, monoqrafiyaların elmi yeniliyindən biri odur ki, kitabda Azərbaycan, türk, türkmən və qaqauz dillərində yer alan təbiətlə bağlı sözlərin nə indiki müasir ədəbi dildə, nə də bu dillərin dialektlərində müqayisəli tədqiqi verilmişdir. Bəzən digər türk dilləri: karluq, qıpçaq və sairə də yer alan sözlər də oğuz qrupu türk dillərində yer alan sözlərlə müqayisəyə tabe olaraq oxşar və fərqli məqamlar aşkar edilmişdir.

Monoqrafiyalarda yenilik olaraq həmçinin Azərbaycan, Türkiyə, türkmən və qaqauz xalqlarının şifahi və müxtəlif dönəm yazılı ədəbiyyatları da tədqiqata cəlb edilərək dastan, bayatı, atalar sözləri və ya yazıçıların əsərlərində təbiət leksikası vahidlərinin hansı çalarlılıqda işlənməsi də öyrənilir. Bu tədqiqat nəticəsində hər dörd dilin atalar sözləri və zərb-məsəllərində xeyli sayda eyni və ya bənzər anlayışın oxşar və bir qədər fərqli şəkillərdə yer almasını görmək də onların tarixən və etnik mənsubiyyət baxımından eyni kökdən gəldiyini sübuta yetirir.

Elşən QƏNİYEV

“Azərbaycan” qəzeti

  • Paylaş: