Müasir dünya getdikcə daha çox informasiya texnologiyalarının diktə etdiyi bir reallıqla qarşı-qarşıyadır. Siyasi proseslər medialaşır, informasiya şəbəkələri üzərində güclər mübarizə aparır, şəxsi və milli informasiya məkanlarının qorunması aktual problemlər siyahısında ön sıralarda dayanır. Belə bir zamanda informasiya təhlükəsizliyi, ideoloji stabillik və siyasi strategiyalar daha çox elmi təhlilə ehtiyac duyur.
Bu istiqamətdən yanaşaraq, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva dünyanın çağırdığı yeni reallıqlar ışığında siyasi və fəlsəfi düşüncənin rolu haqda dərin araşdırmalara imza atır. Alimin “Müasirliyin çağırışları: postmodernizm və multikulturalizm” monoqrafiyası bu sahədə orijinal yanaşma təqdim edir.
Müsahibəmizdə biz ekspertlə informasiya müharibələri, postklassik siyasi reallıqlar, multikulturalizmin yeni fəlsəfi aspektləri və Qərb intellektual mühitində dialoqun istiqamətləri barədə söhbət açacağıq. Eyni zamanda, çağın siyasi və iqtisadi proseslərinin informasiya cəmiyyəti kontekstində fəlsəfi təhlilini aparacaq, dövlətlərin informasiya potensialının siyasi strategiyalarında oynadığı rolu şərh edəcəyik.
Bundan başqa, AMEA-nın 80 illik yubileyi ərəfəsində Akademiyanın ictimai elmlər sahəsində indiyədək qazandığı nailiyyətləri, elmin inkişafındakı yeri və gələcək perspektivləri barədə də müsahibin dəyərli fikir və təkliflərini öyrənəcəyik.
- Müasir dövrdə siyasi proseslərin medialaşması və virtuallaşması informasiya təhlükəsizliyinə və milli informasiya məkanının suverenliyinə necə təsir edir? Bu kontekstdə dövlətlər informasiya müharibəsi şəraitində öz informasiya məkanlarını qorumaq və ideoloji təhlükəsizliyi təmin etmək üçün hansı yanaşmalardan istifadə edirlər?
- Bu gün virtual məkan kütləvi siyasi dəyərlərin, mənaların, dünyagörüşlərinin formalaşmasına və siyasi reallığın dərkedilməsinə təsir edir. Bu da informasiya müharibəsi şəraitində risklərə, yəni ictimai şüura kənar təsirlərin aktiv cəhdlərinə qarşı çıxmaq məqsədilə milli informasiya məkanının idarəolunanlığının və suverenliyinin qorunması zərurətini yaradır. Bu kontekstdə müasir siyasi idarəetmənin ən mühüm vəzifəsi kimi informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Bu nöqteyi-nəzərdən informasiya və media sahəsi virtual siyasi mübarizədə informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Müasir dövrdə milli informasiya təhlükəsizliyi ideoloji təhlükəsizlik məsələsini də ehtiva edir. Bu səbəblə informasiya məkanı hər bir dövlət tərəfindən qorunan milli internet seqmentlərinə parçalanır. Dövlətlər öz informasiya məkanlarını qorumaq və ideoloji təhlükəsizliyini təmin etmək üçün media siyasətindən istifadə edirlər. Bu gün media siyasəti “yumşaq güc” kimi cıxış edir, bunu geosiyasi müstəvidə ortaya çıxan reallıqlar tələb edir.
- Bu gün siyasi məkanın formalaşmasına və idarə edilməsinə müasir informasiya inqilabı güclü təsir edir. Bu baxımdan siyasi reallığın postklassik mənzərəsi hansı yeni xüsusiyyətlərlə səciyyələnir və dövlətlərin informasiya potensialı onların siyasi strategiyalarında hansı rolu oynayır?
- Bu gün müasir siyasi fəaliyyətin əsas resurslarından biri informasiyadır. Müasir dövrdə siyasi dünyanın postklassik mənzərəsinin əsas xüsusiyyəti siyasi məkanın şəbəkəyə əsasən təşkil olunmasıdır. Bir dövlətin informasiya bazarında informasiyanın təşkili və müvafiq əlaqələrin qurulması prosesində səmərəli fəaliyyəti onun informasiya potensialını təşkil edir. İnformasiya ictimai resursun müstəqil növü olaraq sosial inkişafın istiqamətini, xarakterini və tempini təyin edir, “milli informasiya ehtiyatları” anlayışının yaranmasına səbəb olur.
Qeyd edim ki, bu istiqamətdə tədqiqatlar dünyada intellektual ictimaiyyəti maraqlandırır və mövzular ətrafında müzakirələr doğurur. Bu yaxınlarda iştirak etdiyim beynəlxalq konfranslarda da, xüsusilə də dünyanın aparıcı elmi mərkəzlərindən olan Kembric və Oksford universitetlərində təşkil edilən konfranslarda, bunun bilavasitə şahidi oldum. Siyasi reallığın aldığı şəkil, yəni postklassik, o cümlədən informasiya təsiri altında bu gün diqqət mərkəzində olan mövzudur. Çünki virtual məkanda informasiya üstünlüyü dövlətlər arasında məkan münasibətlərinin taleyini müəyyən edəcək, bu da geosiyasətin yeni informasiya paradiqmasından danışmağa imkan yaradır.
- Roida xanım, müəllifi olduğunuz “Müasirliyin çağırışları: postmodernizm və multikulturalizm” monoqrafiyası müasir cəmiyyətin aktual problemlərini fəlsəfi, sosioloji və mədəni aspektlərdən araşdırır, elmlərarası yanaşma ilə multikulturalizmin müxtəlif formaları təhlil edilir. Sizin fikrinizcə, postmodern cəmiyyətlərdə multikulturalizm və tolerantlıq anlayışlarının mahiyyəti necə dəyişir? Bu gün dialoqun fəlsəfi çərçivələri hansı yeni problemlərlə qarşılaşır və Qərb intellektual ənənələri ilə hansı aspektlərdə uzlaşır, yaxud onlardan fərqlənir?
- Postmodernizm Qərb intellektual ənənəsinə xas fenomen sayılır, modernin köməyi ilə izah edilə bilməyən, modernin çərçivəsindən kənara çıxan reallıqların təsviri və səciyyələndirilməsi məqsədi ilə ortaya çıxıb. Buna görə də deyə bilərik ki, son illərin müasir Qərb fəlsəfəsinin tədqiqat mövzuları, postmodernizm daxil olmaqla, müasir reallıqları xarakterizə edən müasir cərəyanlar, konsepsiyalar olmuşdur. Bu səbəblə dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən bu mövzuları işıqlandıran monoqrafiya hazırlamaq təklifi edildi.
Postmodernizm modernizmin qətiliklərini rədd edir, lakin ümumiyyətlə hər şeyi, o cümlədən modernizmi özündə cəmləşdirir. Modernizmdən fərqli olaraq, keçmişi rədd etmir, bütün keçmişi və hazırkı dövrü daxil edir. Postmodernin dialoji təbiəti, zənnimizcə, bir neçə prizmada nəzərdən keçirilə bilər və yaxud deyə bilərik ki, postmoderndə dialoqun müxtəlif müstəvilərini görə bilərik: keçmişlə bu günün dialoqu, ənənə ilə yeniliyin dialoqu, premodern, modern və postmodernin dialoqu, Qərb və Şərqin, yaxud qeyri-Qərbin dialoqu və s.
Multikulturalizm postmodernin fəlsəfi əsasları ilə həmahəngdir. Postmodernizm multikulturalizmi aktuallaşdırır və dialoqun zəruriliyini vurğulayır. Postmodern multikulturalizmi çox mədəniyyətli dünyada yanaşı yaşamanın forması və zəruri şərti kimi qiymətləndirilir. Postmodern dövrdə multikulturalizm anlayışı daha genişdir, yəni sadəcə etnik müxtəlifliyi deyil, həm də müxtəlif həyat tərzləri, istiqamət və mədəni təmayüllərin müxtəlifliyi nəzərdə tutulur. Bu baxım bucağından, multikulturalizm plüralistik cəmiyyətin içində ictimai tolerantlığa yönümlü dünya görüşü mövqeyi kimi anlaşılır. Cəmiyyət üçün multikulturalizm səciyyəvidirsə, onda artıq dialoq vardır, çünki fərqli mədəniyyətlərin yanaşı yaşaması və tolerantlıq nəzərdə tutulur.
Dialoq fəlsəfəsi tolerantlıq, mədəniyyət və fəlsəfənin qarşılıqlı münasibəti, ünsiyyət prosesinin etik aspektləri, “elmlərarası dialoq” kimi tərkib hissələri ilə gender problematikasını da ehtiva edir. Beləliklə, tolerantlıq və “Başqası” müasir dövrün aktual məfhumları arasındadır.
- İndiki dönəmdə Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyası hansı strateji zərurətlərlə şərtlənir və bu prosesdə regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı hansı rolu oynayır?
- Bu gün beynəlxalq təhlükəsizliyin əsas parametrləri dəyişir. Müasir ictimai-siyasi reallıq, o cümlədən son dövrlərdə baş verən müharibələr şəraitində informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də informasiya və media sahəsində aktuallaşıb. İnformasiya sahəsində mədəni dəyərlər uğrunda mübarizə gedir, bu da mədəni üstünlüklərin rolunun əhəmiyyətini artırır. Dövlətlərin əsas geosiyasi potensialı kimi çıxış edən milli mentalitet və mədəniyyət informasiya təsirinə məruz qalır. Qeyd olunanlar virtual məkanda siyasi təfəkkürün və informasiya üstünlüyünün simvolik mahiyyətini hər zaman olduğundan daha çox aktuallaşdırır.
Türk dünyası ölkələri üçün geosiyasi müstəvidə yaranan reallıqlara uyğunlaşma zərurəti yaranıb. Müasir dünyada son zamanlarda baş verən siyasi, iqtisadi və mədəni hadisələr Türk dövlətlərinin rifah, inkişaf və təhlükəsizliyinin qarşılıqlı asılılığını nümayiş etdirir. Dünyada baş verən sürətli dəyişikliklər qarşısında regional təşkilatların əhəmiyyəti artır. Qlobal dinamikaya əsaslanan ümumi strateji baxışın formalaşdırılması zərurəti yaranıb. Regional səviyyədə ehtiyacları qarşılamaq üçün yaradılan platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır.
- Roida xanım, 2024-cü ildə elmi fəaliyyətinizlə Türk elm dünyasına bəxş etdiyiniz dəyərli töhfələrə görə Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi tərəfindən “Ziya Göyalp cəmiyyət mükafatı”na layiq görüldünüz. Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyası yolunda elmin rolu nə qədər həlledicidir?
- Türk xalqlarının mental birliyi informasiya məkanında türk mədəniyyətinin “simvolik kapital”ıdır və bu gün “yumşaq güc” kimi istifadə olunur. Mədəni və ideoloji təsirin aktuallığı xüsusilə informasiya və ideoloji qarşıdurma kontekstində aktuallaşır. Türk cəmiyyətlərinin siyasi mədəniyyətinin mental və mənəvi müstəvisini təşkil edən “simvolik kapital”ının strateji geosiyasi əhəmiyyəti hər gün daha da artır.
“Simvolik kapital”ın tərkib hissələrini təşkil edən elm və biliklər qlobal səviyyədə onun (“simvolik kapital”ın) ötürülməsində vacib və əsas vasitələrindən biridir və dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Elmi tədqiqatların və texnoloji biliklərin səviyyəsi, elm və texnikanın nailiyyətlərindən səmərəli istifadə etmək bacarığı ilə dövlətin və xalqın dünya birliyində statusu getdikcə daha çox müəyyən edilir. Bu baxımdan, mövcud intellektual ehtiyatlardan səmərəli istifadə Türk Dünyasının yeni geosiyasi konyukturada rəqabət bacarığını təyin edən ən vacib amillərdən biri kimi çıxış edir.
- AMEA-nın 80 illik yubileyi ərəfəsində, Akademiyanın təmsil etdiyiniz sahədə indiyə qədər qazandığı əsas nailiyyətləri və elmin inkişafında oynadığı rolu barədə fikirlərinizi paylaşmanızı istərdim. Gələcəkdə AMEA həm elmi sahədə, həm də ölkəmizin ümumi inkişafına töhfə baxımından yerini daha da möhkəmləndirmək üçün hansı prioritet addımlar atılmalıdır?
- Azerbaycan Milli Elmlər Akademiyası tarixi boyunca Azərbaycan dövlətinin prioritetlərini nəzərə alaraq tədqiqatlar aparmaqla ölkəmizin inkişafına öz töhfəsini verib. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2025-ci il tarixli Sərəncamında Akademiyanın hər zaman yüksəkistisaslı kadrların hazırlanmasında rolu, sosial-humanitar təqdiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi işinə verdiyi töhfələr və Respublikanın elmi-intellektual potensialının cəmləşdiyi mərkəz olduğu qeyd edilib.
Hal-hazırda Akademiya AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeniləşmə və islahatlar dövrünü yaşayır. Bu da obyektiv səbəblərdən irəli gəlir. Müasirliyin çağırışları ölkələri, cəmiyyətləri, dünya elmini, o cümlədən hər bir ölkənin elmini bu çağırışlara cavab vermək qarşısında qoyur. Bu da elmi-intellektual inkişaf prosesində keyfiyyətcə yeni mərhələnin başlamasını şərtləndirir. Bu məqsədlə “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” hazırlanıb.
Bütün dünyada müasir cəmiyyətin inkişafında elmin rolu yenidən qiymətləndirilir. Müasir dövrdə ölkələrin sosial, iqtisadi və siyasi inkişafında biliyin rolu artır. Elm və təhsil cəmiyyətin qarşısında duran bir çox mühüm problemlərin həllində vacib rol oynayır, onların inkişafı dövlət quruculuğu prosesinin, yüksək tərəqqinin vacib təminatı sayılır.
Xüsusilə də ictimai-humanitar elmlər bü gün müasir tendensiyalar və sosial və informasiya-texnoloji dəyişikliklər nöqteyi-nəzərindən təhlil edilməli və istiqamətdirilməlidir. Bu dəyişiklər sadəcə elmi mövzuların adlarında deyil, eyni zamanda tədqiqatların mahiyyətində də öz əksini tapmalıdır. Müasir elmdə, xüsusilə də ictimai-humanitar elmlər sahəsində sistemli dəyişikliklərə səbəb olan və onları institusional olaraq dəyişən bir neçə əsas istiqaməti qeyd etmək olar. Bunların başında rəqəmsallaşma, fənlərarası tədqiqatlar, texnoloji suverenlik gəlir. Elmi inkişafın əsas qanunauyğunluğu kimi inteqrativ tendensiyanı göstərmək olar. Müxtəlif sahələrin metodologiyalarının eyni zamanda istifadəsi kimi inteqrativ metodologiya bu tendensiyanın təzahürüdür. Bu gün ictimai və humanitar sahələrdə yeni tədqiqat formatlarının tətbiqi eyni zamanda böyük verilənlərlərin və s. istifadəsi ilə bağlıdır.
Düşünürəm ki, dünyanın getdikcə daha çox mürəkkəbləşdiyi müasir şəraitdə elmi təfəkkürün məhsulu olan sistemli yanaşmaya, peşəkar təhlil və proqnozlaşdırma bacarığına daha çox tələbat yaranacaq.
Müsahibə üçün təşəkkür edirəm!
Müsahibəni apardı:
Ruslan Kərimov
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.