Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

14.04.2025 12:35
  • A-
  • A
  • A+

Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik etdiyi illər Milli Elmlər Akademiyasının intibah dövrüdür

Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik etdiyi illər Milli Elmlər Akademiyasının intibah dövrüdür

Sürətli sosial-iqtisadi və texnoloji dinamika ilə müşayiət olunan müasir dövrdə informasiya cəmiyyətinin prioritetlərindən biri də məhz kibernetika və informatika sahələrinin inkişafı və mövcud problemlərin aradan qaldırılmasıdır. Bu sahələr ətrafında “Dövlət-Özəl-Akademik” əməkdaşlığın qurulması, yeni metodların yaranması və elmi tədqiqat sahələrinin müəyyənləşdirilməsi, süni intellekt sahələrinin genişlənməsi və tətbiqi sahələrinin inkişafı müasir dövrün tələbidir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ərəfəsində sözügedən sahələrdə görülən işlər və planlaşdırılan layihələrlə bağlı Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Hörmətli Əli müəllim, bu il AMEA-nın yaranmasının 80 ili tamam olur. Bu dövr ərzində Akademiyanın keçdiyi inkişaf yolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Milli Elmlər Akademiyasının yaranması inkişaf dövrü və hazırkı vəziyyətinə nəzər salsaq bu prosesi bir neçə mərhələyə ayıra bilərik. 1945-ci ildə qurulan Akademiya ilk illərində elmi-təşkilati strukturunun qurulması, təşkilatlanması və maddi-texniki bazasının formalaşması prosesini uğurla keçdi. Ümumiyyətlə, AMEA yarandığı tarixdən bu günə qədər bir neçə böyük inqilabyönümlü addımlar, layihələr həyata keçirib. İlk illərdə əsas diqqət neft-kimya texnologiyalarının inkişafına yönəldildi. Sonradan geologiya, fizika, riyaziyyat və yer elmləri sahəsinə diqqət artırıldı. Bunların bir istiqaməti də informasiya texnologiyalarının, idarəetmə sistemlərinin, elektron hesablama maşınlarının yaranması və tətbiqi sahəsi idi. İlk elektron hesablama maşını 1945-ci ildə Amerika Birləşmiş Ştatlarında yarandı. 1952-ci ildə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda bu istiqamətdə addımlar atıldı. Akademiyanın yarandığı ilk illərdə elmi nəticələrin sənayedə tətbiqinə başlanıldı. Yüksək oktanlı soyuğadavamlı yanacaq növü, dənizdən neft çıxarılması ideyası və Neft Daşlarının salınması Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin adı ilə bağlıdır.

Akademiyanın inkişafında xüsusi bir mərhələ olan 1969-1982-ci illər Azərbaycan Sovet Respublikasına rəhbərlik etmiş görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illəri elmin, təhsilin və mədəniyyətin intibah dövrü hesab olunur. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyasının elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı. Heydər Əliyevin təşəbbüsü nəticəsində elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlər fəaliyyətlərinə görə mükafatlandırılırdı. Akademiya alimlərinin elmi nəticələri konstruktor büroları tərəfindən təcrübədən keçirilirdi. Əldə olunmuş uğurlu nəticələr sənayenin bir çox sahələrinə tətbiq edilirdi.

1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və digər elmi-tədqiqat müəssisələri yaradıldı. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri – RASU - “Azərbaycan” respublika kompüter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. “AZON”, “NORD” elm-istehsalat birlikləri, Radiozavod, elektron hesablama maşınları zavodu, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Sonralar Naxçıvanda, Tərtərdə, Mingəçevirdə, Şirvanda, Gəncədə, Sumqayıtda və Bakıda 30-dan artıq elektron və cihazqayırma zavodları işə salındı. Beləliklə, respublikada yeni və son dərəcə əlverişli bir sənaye sahəsi təşkil olundu. Onun elmi təminatı yaradıldı. Elmi-tədqiqat institutlarının nəzdində “Kristal”, “Registr”, “Tellur”, “Kibernetika”, “Biotex”, “Mikroelektronika”, “Kaskad” xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) ixtisasları üzrə mütəxəssislər hazırlanması üçün maddi-texniki baza yaradıldı. Beləliklə, indi bütün dünya tərəfindən müasir sosial-iqtisadi tərəqqinin inkişaf sxemi kimi qəbul edilən “Universitet-Hökumət-İqtisadiyyat” üçqat spiral modelinin tətbiqini Heydər Əliyev Azərbaycanda həyata keçirməyə başladı.

Bu gün Azərbaycan artıq kosmik ölkələr sırasına qoşulmuş, regional transmilli rəqəmsal koridorların müəllifi, elektron imzalar və xidmətlər ixrac edən ölkə, müasir rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt əsasında yeni cəmiyyətin – informasiya cəmiyyətinin qurulmasını və inkişafını təmin edən ölkəyə çevrilmişdir.

- Əli müəllim, rəhbərlik etdiyiniz müəssisə 1960-ci ildə təsis edilib. Bu 65 ildə İdarəetmə Sistemləri İnstitutunun yaranması tarixinə nəzər yetirsək hansı nailiyyətlər əldə edib?

- Bəli, doğru buyurdunuz, bu il institutumuzun yaranmasının 65 ili tamam olur. Ancaq bundan öncə də institutun yaranma tarixini 1952-ci ilin mayından - Azərbaycan Elmlər Akademiyasındakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasının təşkil edildiyi vaxtdan da hesablamaq olar. Sonra laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə Hesablama Mərkəzi kimi daxil edildi və 1960-cı ildə Hesablama Mərkəzi Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrildi. 1965-ci ilin mayında isə bu Hesablama Mərkəzinə Kibernetika İnstitutu adı verildi. Keçmiş Kibernetika İnstitutunun da inkişafının əsas təməli Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Bu illərdə Azərbaycanda sənayenin tələbatına uyğun informatika və elektronika sahəsinin əsası qoyuldu və sürətli inkişafı başlandı. İnstitutun nəzdində cihaz və qurğuların təcrübi nümunələrinin yaradılması və tətbiqi üçün Xüsusi Konstruktor Bürosunun yaranması da bu illərdə baş verdi. Təsərrüfat hesablı Büro yarandığı gündən bu günə kimi böyük uğurlar əldə edib və hazırda fəaliyyətini davam etdirir.

1972-ci ildə Heydər Əliyevin dəvəti ilə SSRİ EA-nın prezidenti akademik M.Keldışın Azərbaycana gələn zaman keçirilən görüşdə Ulu Öndər EA-nın fəaliyyəti, o cümlədən Mstislav Keldışın həm elmi, həm ictimai fəaliyyəti haqqında dəqiq, dolğun və peşəkar terminlərlə yüksək səviyyəli geniş nitq söylədi. M.Keldış bu nitqdən sonra öz təəccübünü və məmnunluğunu gizlədə bilmədi. Onun Azərbaycan SSR EA və bütövlükdə respublika haqqında təsəvvürü dəyişdi. Nəticədə, o dövr üçün ən güclü sayılan, yalnız müdafiə əhəmiyyətli təşkilatlara verilən BESM-6 hesablayıcı maşını Azərbaycana ayrıldı.

Məhz bu EHM-u Kibernetika İnstitutunda quraşdırılıb işə salınması Azərbaycanda informatikanın sürətlə inkişafına səbəb olmuşdur. Ümumiyyətlə, ölkəmizdə informatikanın inkişafı və bizim bu sahədə müvəffəqiyyətlərimiz unudulmaz prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1994-cü ildə internet şəbəkəsinin MDB ölkələrində Rusiyadan sonra ikinci olaraq alimlərimiz və mühəndislərimizin səyi nəticəsində Azərbaycan Milli Elmlər Akademiyasında tətbiqinə və istifadəsinə başlanıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən və “Əsrin müqaviləsi”nin imzalanması ilə bütün sahələrdə olduğu kimi, elmi qurumların da fəaliyyəti bərpa olundu. İnternet birinci növbədə elmi tədqiqat institutlarında sonra isə ali təhsil müəssisələrində tətbiq edildi. 1995-ci ildə ölkədə ilk dəfə AMEA-nın rəsmi veb-saytı - www.ab.az adı ilə fəaliyyətə başladı.  Hazırda science.gov.az adı altında 30 ildir ki, fəaliyyət göstərən portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatında, alim və mütəxəssislərin elmi nailiyyətlərinin yerli və xarici auditoriyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərir.

2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Kibernetika İnstitutunun adı İdarəetmə Sistemləri İnstitutu olaraq dəyişdirilib. Hazırda institutda idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və müasir elmin çağırışlarına uyğun olaraq fundamental elmi tədqiqatlar, təcrübi konstruktor və tətbiq işləri davam etdirilir.

- Ötən il institutunuzda hansı işlər görülüb? 2024-cü ildə aparılan elmi tədqiqatları necə qiymətləndirisiniz?

- İnstitutda 2024-cü ildə üç əsas istiqamət üzrə: İdarəetmənin nəzəri və tətbiqi problemləri; Süni İntellekt texnologiyaları və Sosial-iqtisadi sistemlərin tədqiqi üzrə Elmi şuranın qərarı ilə 23 mühüm nəticə alınması təsdiqlənmişdir. Bunlardan doqquzu seçilərək AMEA-nın Fizika, Riyaziyyat və Texnika elmləri Bölməsinin Elmi Şurası tərəfindən qəbul olunmuşdur və sonda isə iki elmi-nəticə AMEA-nın Ümumi İclası tərəfindən seçilərək AMEA-nın illik elmi nəticələr sırasına daxil edilmişdir. Həmçinin qeyd edim ki, ötən il elmi tədqiqatların nəticələri institut əməkdaşları tərəfindən 370 elmi əsərdə, o cümlədən 201 məqalədə (29 - WoS, 50 - Scopus bazalarında və s.) təxminən 3000-ə yaxın istinadlarla çap olunmuşdur, 3 patent alınmışdır.

Ötən il xüsusilə qeyd edilməlidir ki, elmi-tədqiqatların nəticələri 7 qrant layihəsi başa çatdırılmış, 3 qrant layihəsi isə davam etdirilmişdir. Burada xüsusilə Azərbaycan Elm Fondunun, SOCAR, Erasmus və ETN Elm Proqramı (öncə AMEA-nın) qrant və dəstəklərini qeyd etmək lazımdır. Bu qrantlar elmin kommersiallaşdırılması istiqamətində, tətbiqi işlərin həyata keçirilməsində institutumuza çox kömək edir.

- Elmi tədqiqat işlərinin nəticələri hansı sahələrdə tətbiq olunur?

Bu sual ilə siz bu gün Azərbaycanda və demək olar ki, bütün dünyada elm və texnologiyaların inkişafında ən vacib məsələyə - elmin kommersiyalaşdırılması, yəni elmi nəticələrin sənayeyə gətirilməsi, təbiət problemlərinin həllinə toxundunuz.

Biz də öz növbəmizdə institutun fəaliyyətində tətbiqi işlərə xüsusi önəm veririk. Son illər, hesabat ilində və bu gün İdarəetmə Sistemləri İnstitutunda üç istiqamətdə tətbiqi layihələr həyata keçirilir:

- Texnoloji proseslərin idarə edilməsində “Əşyalar İnterneti” əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan informasiyanın toplanması, ötürülməsi, emalı və müxtəlif sahələrə (neft-qaz, energetika və s.) adaptasiya oluna bilən intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması və tətbiqi. Burada AR Dövlət Neft Şirkəti – SOCAR və son zamanlar isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində;

- Müxtəlif təyinatlı, o cümlədən, xüsusi təyinatlı pilotsuz uçuş aparatlarının bort kompüteri, uçuş kontrolleri, xüsusi rabitə və uçuş idarəetmə sisteminin və müvafiq proqram təminatının işlənib hazırlanması və tətbiqi. AR Müdafiə Sənayesi Nazirliyi və Qarabağ iqtisadi rayonu;

- Az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları əsasında generativ Böyük Dil Modelinə (GAl) əsaslanan Azərbaycan dilinin tanınması, başa düşülməsi və sintez məsələsinin həlli, müvafiq sahələrdə, o cümlədən, robot çağrı mərkəzlərində, təhsildə (robot-repetitor, virtual təhsil), tibbdə və s. tətbiqi. Dövlət İmtahan Mərkəzi, çağrı mərkəzləri və Təcili Tibbi Yardım xidməti kimi müəssisələrdə tətbiq olunur, yaxud tətbiqinə hazırlıq işləri gedir.

Bir məqamı da qeyd etmək lazımdır ki, böyük həcmli layihələrin həyata keçirilməsi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda qəbul olunmuş “Dövlət-özəl-əməkdaşlığı” platforması üzərində qurulanda daha səmərəli və dayanıqlı olur. Amma bu geniş qəbul olunmuş platformaya bir sütun da əlavə etsək “Dövlət-özəl-Akademik-Əməkdaşlıq” platforması üzərində innovativ layihələrin həyata keçirilməsi daha səmərəli və etibarlı olur. Burada özəl sektorun iştirakını xüsusi ilə qeyd etmək lazımdır. Məsələn, inkişaf etmiş qərb ölkələrində elmi-tədqiqat xərclərinin 50-60%-i özəl sektorun payına düşür. Məsələn, 2023-cü maliyyə ilində ABŞ-da Amazon şirkətinin elmi-tədqiqat xərcləri təxminən 73 milyard dollar təşkil etmişdir ki, bu da MDB ölkələrinin birlikdə elmi-tədqiqat xərclərindən təxminən 2 dəfə çoxdur.

Qeyd edim ki, institutda tətbiq işləri əsasən təsərrüfat müqavilələri əsasında xüsusi Konstruktor Bürosu vasitəsi ilə SİNAM şirkəti, Robotroniks, İntelPro, Neurotime  Startup şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

- Dünya elmi hazırda süni intellektə böyük sərmayə qoyur. Elm mərkəzləri rəqəmsallaşmağa və elektron idarəetməyə doğru gedirlər. Bu sahədə İdarəetmə Sistemləri İnstitutunda hansı layihələr həyata keçirilir?

- Dünyada süni intellektin ilk addımları 1950-ci illərdən başlasa da əsrin sonuna qədər elə böyük bir iş ortaya qoyulmadı. Əsasən süni intellekt texnologiyalarından son 30 ildə geniş istifadə edilir və əsas istiqamətlərindən biri, təbii dillərin emalı, yəni NLP-texnologiyalarıdır. Ölkəmizdə ilk layihə kimi süni intellektə əsaslanan Azərbaycan dilinin səsli tərcüməsi, onun başa düşülməsi qərarların qəbul edilməsi modeli yaradıldı.

Belə bir zamanda süni intellekt problemləri və ETN və AMEA-nın institutları tərəfindən bu istiqamətdə aparılan tədqiqatlar və alınan nəticələr diqqət çəkir. Azərbaycanda Sİ işlənilməsi və tədbiqi üzrə işlər çoxdan başlamış, təbii dillərin emalı (NLP) texnologiyalarının tətqiqi isə 90-cı illərdə, sürətli inkişafı isə digər aparıcı ölkələrdə olduğu kimi ölkəmizdə də 2000-ci illərdə başlanıldı. Lakin 2023-cü ildə ABŞ-nin Open Aİ şirkətinin işlənib hazırladığı Böyük Dil Modelinə əsaslanan ChatGPT sistemi, sonradan generativ xassəli versiyaların elan olunması milli dil modelləri əsasında qurulan sistemləri geridə qoydu və bu gün bütün dünya üzrə yayılmış CPT-4o, LLAMA, BERT, DEEPSTEEK, Grok 3, yaxınlaşan multimodal GPT-5 kimi sistemlər geniş tətbiq olunmağa başlanıldı.

Azərbaycanda da bu sistemlərdən geniş istifadə olunur. Lakin əsas sual bu gün Böyük Dil Modellərinə əsaslanan milli informasiya resursları üzərində qurulan və milli Datasetlər üzərində öyrədilən (Dərin Öyrənmə) və aparıcı xarici LLM sistemlərinin potensial və real imkanlarını özündə saxlayan açıq kodlu (Open Source) süni intellekt proqram təminatının və müvafiq texniki təminatının və infrastrukturunun ölkəmizdə qurulması və geniş tətbiqidir. Bu istiqamətdə aparıcı ölkələrdə olduğu kimi bizi də süni intellektin gələcək elmi tədqiqat və tətbiqi işlərdə necə istifadə olunacağı sualı, müsbət və mənfi nəticələri haqqında sual narahat edir. Əsasən də bu sual 2024-cü il kimya üzrə Nobel mükafatına layiq görülən üç alimdən ikisi – Google DeepMind direktorları Demis Hassabis və John Jumper alimlərinin kimya və biologiya sahəsində böyük problem sayılan - zülalların üçölçülü strukturlarının proqnozlaşdırılması kimi problemin həllinə süni intellektin tətbiqi ilə nail olduqları elan olunandan sonra alimləri daha çox maraqlandırır.

Problemin həllində ölkəmizdə açıq arxitekturalı, dünyanın aparıcı sistemlərinin indiki və gələcək inkişaf resurslarına və xidmətlərinə çıxış qabiliyyətini özündə saxlayan milli süni intellekt mərkəzinin və infrastrukturunun qurulması əsas şərtdir. Süni intellekt sistemlərinin inkişafı və geniş tətbiqində əsas məsələlərdən biri də kiber-təhlükəsizlik sistemləridir. Nəzərə alsaq ki, artıq Süni İntellekt sistemi avtonom fəaliyyət göstərə bilir, bu isə yeni problemlər və təhlükələr yaradır. Doğrudan da, kiber-təhlükəsizlik böyük problem sayılır, çünki get-gedə rəqəmsallaşma çoxalır. Bu gün dünyada hər il 60% rəqəmsal resurslar artır. Bütün böyük sistemlər, müasir hərbi sistemlər, bank sistemləri rəqəmsallaşır.

2023-cü ildə informasiya texnologiyaları sənayesinin dünya üzrə olan gəlirləri 5,3 trilyon dollar olub. Kiber-təhlükəsizliyin vurduğu ziyan isə 8-10 trilyon dollar arasında qiymətləndirilir. Bu hətta iqtisadi paradoks yaradır. Belə çıxır ki, rəqəmsallaşdırma iqtisadi cəhətdən özünü doğrultmur. Ancaq söhbət iqtisadi ziyanda deyil, ümumiyyətlə, hətta dünyanın gələcək konfliktləri, müharibələri rəqəmsal müstəviyə keçir. Belə olan halda qlobal təhlükəsizlik ön plana keçir. Burada milli sistemlərin əsas problemi süni intellektin proqram və texniki təminatı, Data-setləri, informasiya resursları və onlar üzərində qurulan dərin öyrənmə prinsipidir.

Belə bir vəziyyətdə və gələcək problemlərin həllində və texnoloji və innnovativ inkişaf üçün süni intellekt texnologiyalarının milli asılılığın azaldılması aspektlərini nəzərə alaraq qeyd olunan yerli süni intellekt sisteminin və infrastrukturunun qurulması vacibdir. Qeyd edək ki, belə bir yanaşma yeni bir inqilabi hadisə deyil. İndi artıq bir qrup ölkələrdə belə sistemlərin yaradılmasına başlanılmışdır. Milli Elmlər Akademiyasının, Elm və Təhsil Nazirliyinin iştirakı ilə keçirilən ümumi illik hesabat iclasında bununla əlaqədar müvafiq qərar qəbul edildi.

Bir məsələni də diqqətə çatdırmaq istərdim. Azərbaycanın loqistika imkanları ildən-ilə artmaqda davam edir. Şərq - Qərb dəhlizinə müxtəlif yanaşmalar var. Amma son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Orta dəhliz layihəsinin gələcək perspektivləri çox yüksəkdi. Bu sahədə alimlərimizin də üzərinə müəyyən vəzifələr düşür. Son zamanlar loqistik problemlərin həllində süni intellektin tətbiqinə başlanılıb. Bu istiqamətdə İdarəetmə Sistemləri İnstitutunun alimləri də işləyir. İnstituta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dəstək verir. Avropa Birliyinin rəqəmsal strateji layihəsində İdarəetmə Sistemləri İnstitutu elmi problemlərin həlli üçün dayaq nöqtəsi rolunu oynayır.

- Əli müəllim, İdarəetmə Sistemləri İnstitutunun beynəlxalq əlaqələri hansı səviyyədədir?

- Biz son illər dünyanın aparıcı ölkələrinin elmi mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələri qururuq. 2024-cü ildə institutun əməkdaşları Yunanıstan, Ukrayna, Macarıstan, Hindistan, Çin Xalq Respublikası və Rusiya Federasiyasının alimləri ilə birgə 13 elmi məqalə dərc etdiriblər. Çin Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar İnstitutu, Pekin Şimal Universiteti ilə əməkdaşlıq əlaqələrimizi genişləndirmişik. Bu il Çinin Guanjou Universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamışıq.

Çinin  Aerokosmik Tədqiqatlar İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutu arasında aeorkosmik informasiyanın əldə olunaraq yer problemlərinin həllinə yönəltmək ilə bağlı tədqiqatlar aparılır. Bu mövzuda ötən il ölkəmizdə keçirilən COP29 çərçivəsində iki panel keçildi orada bir panel göydən yerə baxış adlanırdı. Nəticə etibarı ilə biz göydən süni intellektin köməyi ilə alınan məlumatları yer problemlərinin həllinə yönəldirik. Burada yer problemlərinin həlli dedikdə böyük şəhərlərin problemlərindən tutmuş Yer kürəsində fəlakətlərlə mübarizə, iqlim dəyişiklikləri kimi məsələlər nəzərdə tutulur. Kosmosdan peyk texnologiyaları vasitəsilə bu problemlərin həllini müsbət mənada sürətləndirmək istəyiriksə burada alçaq orbitli peyklərə üstünlük verilir. Çində yüzdən çox alçaq orbitli peyklərlə yer kürəsinin demək olar ki, bütün ərazilərindən informasiya toplaya bilirlər. Çinlə bizim apardığım təcrübə mübadiləsi nəticəsində Azərbaycanda Azərkosmosa elmi dəstək veririk. Azərbaycan Kosmik Agentliyi “Azərkosmos” Çin Milli Aerokosmik Agentliyi ilə çox yaxın əməkdaşlıq edir. Çin alimləri ilə birgə layihələr üzərində çalışırıq. Hesabat ilində, həmçinin 8 beynəlxalq konfranslar keçirmişik. Bunun üçü bizdə, qalanları xarici ölkələrdə, yaxud onlayn rejimdə keçib.

- 2022-ci ildən Prezident İlham Əliyevin Fərmanı ilə Akademiyanın institutlarının bəziləri Elm və Təhsil Nazirliyinə birləşdirilib. Görülən işlərin mühüm istiqamətlərindən birini də elmlə təhsilin inteqrasiyası təşkil edir. Bu sahədə proses necə gedir?

- Elm və təhsilin inteqrasiyası hər zaman əsas suallardan biri olub. Son 3 ildə Akademiyadan ayrılan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu sahədə əsas irəliləyiş ali təhsil müəssisələri ilə birgə layihələr həyata keçiririk. İnstitutların da elmi bazaları var. Nüfuzlu bazalarda indeksləşən jurnallarda birgə məqalələr çap etdiririk. Nəticədə universitetlərin reytinqi yüksəlir. İdarəetmə Sistemləri İnstitutunda hər il yüzdən çox tələbə istehsalat təcrübəsi keçir. Alimlərimizin bir qismi institutlarda tələbələrə mühazirələr oxuyur.

Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi elm və təhsilin inteqrasiyası istiqamətində hər biri üzərinə düşən işləri uğurla yerinə yetirirlər. Hər il Elmlər Akademiyası hesabatları qəbul edir. AMEA yenə də ali elmi dövlət qurumu olaraq əsasən elmi tədqiqatları koordinasiya edir, düzgün priorietitlərin seçilməsində mühüm rol oynayır. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə ötən ildən stimullaşdırıcı mükafatlar verilməyə başlayıb. Bizim institutun da alimləri nüfuzlu jurnalda məqalələrinin çapına görə əlavə vəsait alırlar. Ancaq say etibarilə azlıq təşkil edir. 2025-ci ildən biz Elm və Təhsil Nazirliyi ilə razılaşdırmışıq ki, daxili imkanlar hesabına məqalələri müvafiq jurnallarda çap olunan alimlərimizin ən azı əlli faizinə pul mükafatları verək.

- Gənclərin elmə marağını necə qiymətləndirirsiniz? Ölkənin iqtisadiyyatına, həmçinin  multidissiplinar layihələrə gənc tədqiqatçıları necə cəlb etmək olar?

- Bu yaxınlarda Gənclər Günü ərəfəsində İdarəetmə Sistemləri İnstitutunun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının elmi işçisi Rüstəm Əzimov Prezident cənab İlham Əliyevin “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən Prezident mükafatına layiq görülüb. O həm də institutumuzun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavinidir. Rüstəm Əzimov “Texnika üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. R.Əzimovun elmi fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin rolunu xüsusi vurğulamaq lazımdır. İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından Rüstəm Əzimov kimi gənclərə verdiyi dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Ancaq gənclərin elmə marağına gəldikdə bu sahədə mənim yanaşmam bir az fərqlidir. Bəli digər sahələrə nisbətən gənclərin elmə marağı istəklərinin az olması hiss olunur. Burada bir neçə amil var. Bu gün hər kəs iş həyatına atılıb daha tez qazanc əldə etmək istəyir. Ancaq elm elə bir sahədir ki, burada aldığın maaş özəl şirkətdə sənə təklif edilən maaşdan az olacaq. Ancaq elmə gəlmək istəyən gəncə maaş az olsa da həvəs və inam hisslərini oyada bilsək gənc tədqiqatçının biliyindən istifadə edib onun elmi nəzəriyyəsini praktikaya çevirib səneyədə tətbiq etsək, o, zəhmətinin bəhrəsini görəcək. Biliyini kapitala çevirdikcə həyat şəraiti də düzələcək elmin də inkişafına töhfələr verəcək. Nəticədə özü ilə bərabər gənclər də ona baxıb elmə marağı artacaq. Bu istiqamətdə əgər institut özəl şirkətlərlə birgə işləyə bilsə onda tədqiqatçıların maddi marağı artar. Biz də çalışırıq ki, institutumuzda bunu edək.

- Əli müəllim, müxtəlif platformalarda “Dövlət-Özəl-Akademik” əməkdaşlığı ilə bağlı təkliflərinizi səsləndirirsiniz. Bu sahədə hansı əməli işlər həyata keçirilməldir?

- Bu mövzu indiki dövrümüzün ən aktual məsələlərindəndir. Bu gün innovativ inkişaf deyirik. Dünyada bu inkişafın modeli var, adına qızıl üçbucaq modeli deyirik. Yəni üç sütunun üzərində dayanır. Birincisi, insan kapitalı-bilikdir ki, o da Azərbaycan Milli Elmlər Akademiyasında və universitetlərdə formalaşır, ikinci sütun dövlətdi - dövlət şərait yaratmalıdır ki, biliyi təcrübə əsasında sənayedə tətbiq edəcək şirkətlər startaplara güzəştlərin olunması imkanlarını yaratsın. Güzəşt deyildikdə vergilərdən azad olunması, gömrük rüsmularından güzəşt edilməsi, yüksək texnologiyalar parklarının yaradılması, xüsusi iqtisadi zonaların fəaliyyəti və s. üçüncü isə maliyyə. Bu istiqamətdə inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycanda hələ görülməli işlər var. Vençur kapitalı deyirik.Yəni açıqlaması yüksək potensiallı və yüksək riskli startap və ya inkişaf etməkdə olan şirkətlərə təqdim edilən kapital maliyyələşdirmə növüdür. Bu investorların yüksək inkişaf potensialına malik şirkətləri müəyyən etməyə və investisiyalarından əhəmiyyətli gəlir əldə etmək üçün böyüməyə kömək etməyə çalışdıqları yüksək riskli, yüksək gəlir potensiallı investisiya modelidir. Bu riskli işlərdir ki, bir neçə işə vəsait ayrılar, ancaq nəticə əldə etmək olmaz. Ancaq həmin riskli işlərin içərisindən bir qazanc gətirəcək layihə bəzən bütün zərəri nəinki qarşılayır, həm də əlavə gəlir mənbəyi yaradır. Bu gün dünyanın inkişaf etmiş texnoloji şirkətləri bu yolu keçiblər.

Hazırda Azərbaycanın dövlət büdcəsindən elmə ayrılan vəsait bir faizi keçmir. İnkişaf etmiş ölkələrdə bu rəqəm fərqlidir. Cənubi Koreyada təxminən 4.3 faiz, Amerikada 2 faiz civarındadır. Amma bu o demək deyil dövlət büdcəsindən bizdə elmə vəsait az ayrılır. İnkişaf etmiş ölkələrdə elmə ayrılan puldan əlavə, özəl şirkətlər çox böyük dəstək olur. Elmi nəticələri sənayenin tətbiqinə yönəldiriksə mütləq özəl şirkət və korporativlər dəstək olmalıdır. İdarəetmə Sistemləri İnstitutunda bu sahədə çox yaxşı model var. İnstitutun təsərrüfat hesablı konstruktor bürosu var. Alınan elmi nəticəni təcrübi konstruktordan keçiririk və sənayedə tətbiq olunur. Amma ölkəmizdə bu sahədə sənayeyə tətbiqdə boşluq var. Bu boşluğu doldurmaq üçün özəl sektorla aktiv işləmək vacibdi. 

Bu sahədə Elm və Təhsil Nazirliyinin institutlara elmi tədqiqat mərkəzlərinə şərait yaratmasını gözləyirik. Çünki özəl şirkət, yaxud dövlət qurumları açıq bazar iqtisadiyyatı dövründə hər kəs keyfiyyəti yüksək, dəyəri aşağı olan məhsulu alır. Sovetlər dövründə belə idi ki, elmi biliklər konstruktor bürolarda təcrübədən keçirilirdi və sənayedə tətbiq olunurdu. Dövlət qurumları ilə müqavilələr bağlanırdı və sifarişlər yerinə yetirilirdi. İndi isə tələb-təklif məsələsində hazır məhsula qiymət verilir. Özəl şirkətlərlə əməkdaşlıq müqavilələri mütləq olmalıdır. Təcrübi konstruktor bürolar olmalıdı. Hazırda institutda işləyən startaplar var, ancaq çox təəssüf ki, elmi nəticəni heç bir qazanc etmədən təqdim edirik. Həmin şirkətlər əlavə vəsait ayırsalar alınan müsbət nəticə sənayedə tətbiq olunar. Şirkətlərlə söhbətlərimiz əsnasında onların bildirdikləri məsələdə də yuxarıda qeyd etdiyim kimi elmi nəticəni sənayedə tətbiqi üçün özəl şirkətlərə aşağı faizli kreditlər subsidiyalar verilməlidir.

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti, Abraham Linkolnun gözəl bir sözünü xatırlatmaq istərdim. Deyir ki, bir dahinin alovlu biliyinin üzərinə insan nəfsinin yağı lazımdır. Doğrudan da insanın biliyinin son məhsula getməsi üçün onu yaradanlarda maraq oyatmalısan. Bu marağı institut kimi tək edə bilmərik, amma özəl şirkətlərlə birgə əlaqədə bu sistemi yarada bilərik. 

- Əli müəllim, müsahibəyə görə təşəkkürümüzü bildirik.

- Təşəkkür edirəm və yeniləşən, yeni ideyalarla gələcəyə doğru əmin addımlarla irəliləyən Azərbaycan Milli Elmlər Akademiyasının bütün əməkdaşlarını 80 illik yubileyi münasibətilə təbrik edirəm! Akademiya əməkdaşlarının elmi fəaliyyətlərində uğurlar, nailiyyətlər arzulayıram!

Müsahibəni apardı: Aqil MƏHƏRRƏMOV, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin baş mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: