Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Oxu, nəğmən dilə gəlsin!
28.06.2022 13:14
  • A-
  • A
  • A+

Oxu, nəğmən dilə gəlsin!

Xalq artisti Bülbülün 125 illiyinə ithaf olunur   

Əsrlər boyu insanları öz cəh-cəh səsi il valeh edən, heyran qoyan bülbül Şərq ədəbiyyatında ən çox müraciət olunan obrazlardan biridir. Eşqin, sədaqətin rəmzi sayılan bülbül musiqi ifaçılığı ilə bağlı əhvalatların, rəvayətlərin də baş qəhrəmanıdır. Xalq arasında bülbülün mahir musiqiçilərin ifasından vəcdə gələrək cəh-cəh vurmağa başladığı, uçub ustad sənətkarların çiyninə, musiqi alətlərinin üstünə qonduğu haqqında maraqlı söhbətlər danışılır.

Bir də vətənə bağlılığın, saf məhəbbətin rəmzi kimi uzun illərdir yaddaşımıza yazılan Xarıbülbül əfsanəsini xatırlayaq. Deyilənə görə, Qarabağ xanı öz qızını İran şahına ərə verir. Xan qızı İranda darıxdığından şah onun şərəfinə sarayın bağçasında “Vətən bağı”nın salınmasını əmr edir. Bağ salınır və Qarabağda yetişən bütün güllər, bitkilər bu bağda əkilir. Onlardan hər biri yad torpaqda qol-budaq açır, yalnız Xarıbülbül özünə məskən sala bilməyərək saralıb solur. 

1897-ci ilin iyun ayının 22-də Şuşa yaxınlığında dünyaya bir körpə göz açır. Günəşin ayı əvəz etdiyi işıqlı bir səhər çağında doğulduğundan anası onu Aydınlıq, atası isə Murtuz deyə çağırır. Amma bütün bunlardan daha yüksək bir adı ona xalq özü verərək Bülbül  adlandırır  və o,  Azərbaycan musiqi sənətinin Bülbülü kimi dünyada tanınır.

Bülbülün yolda dünyaya gəlişi taleyin bir qisməti olduğu qədər həyat yolunda rəmzi məna da daşıyır. Xalq yazıçısı Elçinin qeyd etdiyi kimi, “Bülbül yolda anadan oldu və bütün ömrü boyu da yolda oldu – həm həqiqi, həm də məcazi mənada: dünyanın müxtəlif ölkələrində, müxtəlif şəhərlərində oldu, onun səsi müxtəlif konsert salonlarından gəldi və eyni zamanda bir sənətkar kimi, həmişə yolda oldu - sənətin yüksək bədii-estetik zirvələrinə aparan yolda”.

Tanınmış sənətkarın Şuşada, Azərbaycanın mədəni mərkəzlərindən biri olan qədim bir şəhərdə dünyaya gəlişi onun musiqiyə, şeirə meylinin yaranmasına mühüm təsir göstərmişdir. Şuşanı “Şərqin konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” adlandırırlar və bu, əlbəttə, təsadüfi deyil. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi sənətkarlar, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Xurşudbanu Natəvan, Qasım bəy Zakir və onlarca ədiblərimiz öz yaradıcılıq qayəsini Şuşa təbiətindən aldığı kimi, Bülbülün ecazkar avazı da bu torpağın ab-havasından, suyundan bəhrələnmişdir. Mənbələrdə qeyd olunduğuna görə, məktəb-mədrəsə təhsili aldığı kiçik yaşlarında Bülbül xalq sənətkarı Xan Şuşinski ilə Cıdır düzünə çıxar, orada hərəsi bir tərəfə çəkilərək bayatı deyərdi: bir bayatını Bülbül, bir bayatını Xan. Zənnimizcə, illərlə davam edən bu bəhsləşmə, bu yarış Bülbülün xalq sənətçisi kimi yetişməsinə öz müsbət təsirini göstərmişdir.

1907-ci ildə ilk təhsilini Şuşa mollaxanasında alan müğənni burada Quran surələrini mükəmməl öyrənməklə yanaşı, Şərq dillərinə, ədəbiyyatına, dini-fəlsəfi baxışlara yaxından bələd olmuşdur. Bir baxımdan Qarabağın musiqi ocağı sayılan mədrəsə təhsili illərində bu məktəbin yetirmələri olan Qarabağın ən görkəmli xanəndələri – Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Mirzə Sadıq (Sadıqcan) və b. sənətkarlarla tanışlıq onun musiqi zövqünün formalaşmasına doğru istiqamət vermişdir. Bülbül 1909-cu ildə Gəncə şəhərinə köçərək, xalq xanəndəsi kimi Zaqafqaziyanın bir çox şəhər və kəndlərində çıxış etməyə başlamışdır. Təlimatçı-təşkilatçılıq qabiliyyəti doğuşdan ruhunda olan sənətkar burada yaşadığı illərdə şəhərin xanəndə və musiqiçilərdən ibarət xor yaratmış, Gəncə və onun qəzalarında musiqi-teatr işlərinə rəhbərlik etmişdir. Gəncə İncəsənət İşçiləri İttifaqının sədri, mədəniyyət şöbəsinin müdiri, mədəni-maarif plenumunun üzvü, İncəsənət İşçiləri İttifaqı İdarə Heyəti sədrinin müavini vəzifələrini uğurla həyata keçirmişdir.

Bülbülün səhnədəki ilk addımı 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl mülik” operasında Səadət rolu ilə bağlıdır. 1920-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət edilən müğənni Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasında Kərəm rolunu müvəffəqiyyətlə ifa etmişdir. Daha sonra Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında İbn-Səlam, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Qərib rolundakı çıxışları ilə Azərbaycan tamaşaçılarının qəlbinə yol tapmış, sevilmişdir.

Bülbül 1921-1927-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1927-ci ildə dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilmiş və burada dövrünün tanınmış musiqiçilərindən - Cüzeppe Anselmi, Delli Ponti və Rafaele Qranidən dərs almışdır. 1931-ci ildə İtaliyanın “Arte Nostra” jurnalında Bülbülün fotoşəklinin də yer aldığı “Azərbaycanlı Bülbül” adlı geniş məqalə dərc olunmuşdur. Məqalədə deyilirdi: “Bülbül müsəlman aləmindən İtaliyaya təhsil almaq üçün gəlmiş ilk vokalçıdır. O, spesifik Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir”.

İtaliyanın Milan Konservatoriyasını bitirdikdən sonra Azərbaycana geri dönən sənətkar 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamış, öz biliyi və bacarığını yeni vokal kadrların hazırlığı işinə sərf etmişdir. Azərbaycan vokal sənəti nəzəriyyəsini diqqətlə işləyib hazırlayan Bülbül Azərbaycan dilinin fonetikasının öyrənilməsinə də böyük diqqət yetirmişdir. Onun “Oxuma üçün Azərbaycan dilinin fonetik xüsusiyyətlərinin əhəmiyyəti” əsəri nəinki musiqişünaslar, Azərbaycan dilçilik elmi üçün də qiymətli mənbədir.

Bülbül 1940-cı ildə elmi və elmi pedaqoji sahədəki xidmətlərinə görə professor adına layiq görülmüşdür.

Ümummilli liderimiz Heydər Əliyev Bülbülün yaradıcılığını Azərbaycanın ən böyük sərvəti kimi dəyərləndirərək, onu “milli qürurumuz” adlandırmışdır. Nə idi Bülbülü bu qədər sevdirən? Qeyd edək ki, tanınmış müğənninin əsas üstünlüyü onun sənətinin milliliyindədir. Milli ruh, doğma vətənə, milli folklor və musiqi ənənələrinə bağlılıq onun yaradıcılığının təməlini təşkil etmişdir. Sənətkarın oxuduğu şeirin mənası və məzmunu ilə musiqi arasında sıx vəhdət, həmahəng səslənmə və həmavazlılıq açıqca hiss olunmaqdadır. Onun səsləndirdiyi bütün əsərlərdə olduqca aydın tələffüz, gözəl diksiyaya malik ifaçılıq qabiliyyəti özünü büruzə verir. Bülbül hesab edirdi ki, “öz dilində elə oxumalı ki, o dili başa düşməyənlər belə ləzzət alsın, sənin dilində oxumağı arzulasınlar”. Tanınmış ifaçı Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsnifləri, eləcə də xarici ölkə bəstəkarlarının ariya və romanslarını özünəməxsus üslubda, aydın tələffüzlə yüksək səviyyədə ifa etmək bacarığına malik idi.

Bülbül Şərq poeziyasını dərindən dərk edən, ona ürəkdən bağlı olan sənətkardır. Sədi, Hafizi, Ömər Xəyyam, Nizami, Xaqani, Füzulinin əsərləri həmişə onun ürəyində, dodaqlarında dolaşmış, Vaqifin, Ələsgərin yaradıcılığı dilinin əzbəri olmuşdur. Lakin onun qəlbində Nizami və Füzuli yaradıcılığı xüsusi yerə malik idi.  Bununla əlaqədar yazmışdır: “Mən ömrümün çox ilini sevimli sənətə - opera səhnəsinə vermişəm, lakin Füzulinin qəzəllərindən aldığım ilk təəssüratı heç vaxt unutmaram, həmin qəzəlləri görkəmli Azərbaycan müğənnisi Cabbar Qaryağdıoğlu oxuyurdu. O zaman onu dinlədikdə Füzulinin xalqa nə qədər yaxın olduğunu, xalqın arzu və düşüncələrini nə qədər parlaq ifadə etdiyini başa düşdüm”. Həyat yoldaşı Adilə xanım öz xatirələrində qeyd edir ki, “Bülbül şeir xəzinəsindən incilər seçməyi bacarır, söz üzərində yorulmadan işləyir, tələffüzünə xüsusi diqqət yetirirdi”. Doğrudan da, Bülbülün ifa etdiyi əsərlərdə sözlər musiqiyə çevrilir, musiqi isə insanın danışıq dili kimi səslənirdi.

Məşhur müğənni xalq musiqisinin – mahnı və təsniflərin, şifahi ənənəli professional musiqi janrlarının – aşıq musiqisi, muğam dəstgahları, zərbi muğamlar, təsnif və rənglərin mahir bilicisi olmuşdu. Bülbül not yazılarının tarixi əhəmiyyətini yüksək dəyərləndirmiş, qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini dərk etmişdi. O, müdriklik və uzaqgörənliklə muğamların, çoxdan unudulmuş təsnif və rənglərin nota yazılması sahəsində təməl addımları ataraq qocaman xanəndə və çalğıçıların yaradıcılıq ənənələrinin bərpa və inkişaf etdirilməsi sahəsində əvəzolunmaz xidmətlər göstərmişdir.

Dahi sənətkarın təşəbbüsü ilə 1932-ci ildə Azərbaycan Konservatoriyası nəzdində Zaqafqaziyada ilk dəfə olaraq xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılmışdır. Azərbaycanın ayrı-ayrı bölgələrində yaddaşlarda yaşadılan xalq mahnılarının toplanması və nota köçürülməsi kimi ali bir missiyanı həyata keçirən mərkəz Azərbaycan musiqi irsinin öyrənilməsində mühüm rol oynamışdır. Dövrün tanınmış musiqişünaslarını öz ətrafında birləşdirən mərkəzin fəaliyyəti sayəsində tarzən Qurban Primov, görkəmli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Zakir Bağırov, musiqişünas Məmməd İsmayılov, tanınmış xanəndələr Seyid Şuşinski, Cabbar Qaryağdı oğlu, Zülfü Adıgözəlov kimi ustadların muğam və təsnifləri nota salınmışdır.

Yalnız muğamatın, xalq mahnılarının, el havalarının yox, aşıq sənətinin öyrənilməsi və inkişafında da Bülbülün həm elmi-nəzəri, həm də sırf təşkilati baxımından böyük rolu olmuşdur. Zəngin xalq yaradıcılığına bağlılıq, bu yaradıcılığı öyrənmək və öyrətmək, onu təbliğ etmək, sevdirmək ömrünün sonuna qədər Bülbülün fəaliyyətinin tərkib hissəsini təşkil etmişdir. Bu sahəyə xüsusi sevgi ilə yanaşan qüdrətli müğənni aşıq yaradıcılığına dair materialları toplamaq üçün respublikanın müxtəlif rayonlarına xüsusi ekspedisiyalar təşkil etmiş, xalq yaradıcılığı nümunələrinin toplanması və sistemləşdirilməsi üçün xüsusi briqadalar yaratmışdır. Onun təşəbbüsü ilə 8000 səhifə həcmində dastan, nağıl, qoşma və aşıq musiqi nümunələri yazıya və nota köçürülmüşdür.

Bülbül 1938-1961-ci illərdə keçirilmiş Aşıqlar qurultayının təşəbbüskarı, təşkilatçısı olmuş və bu tədbirlərdə Azərbaycan musiqi elminin inkişafına istiqamət verən dərin məzmunlu məruzələrlə çıxış etmişdir.

“Aşıq el anasıdır”, “aşıq gördüyünü çağırar”, “bir aşıq haqq aşığıdır” sözləri ilə aşıq sənətini mədh edən sənətkar “Biz aşıq yaradıcılığına onun üçün  əhəmiyyət veririk ki, bu sənətkarlıq xalqımıza böyük ədəbi irs saxlamış, şifahi ədəbiyyatımızın anası olmuşdur. Yalnız lirik şeirlər deyil, tariximizlə əlaqədar olan, yaşayışımız, ənənələrimizlə bağlanan nə kimi gözəlliklər, oynaqlıqlar, həyati hadisələr varsa, telli sazda böyük həssaslıqla bizə çatdırılmışdır” - demişdir. Müğənninin musiqi folklorunu dərindən bilməsi, aşıq dünyasına, müğənni-xanəndələrin məişətinə, onların ənənəsinə yaxşı bələd olması Kərəm obrazının qüsursuz bir şəkildə ərsəyə gəlməsinə zəmin yaratmış və  tamaşaçılarda Kərəmin – Bülbülün əzablarına, ülvi məhəbbətinə, sədaqətinə dərin inam yaratmışdır.

Bülbül 1933-cü ildə Ümumittifaq Moskva Müsabiqəsində iştirak etmiş, müsabiqənin laureatı adını alan ilk azərbaycanlı olmuşdur. Tədbirdə məruzə ilə çıxış edən müğənni ölkəmizi və Azərbaycan musiqisini qürurla təmsil etmişdir.

Böyük Vətən Müharibəsi illərində Zaqafqaziya və Bryansk cəbhələrində, hərbi xəstəxanalarda, neftçilər qarşısında bütün gəlirini ölkənin müdafiə fonduna verilən konsertlər vermişdir. Arxa cəbhədə göstərdiyi fədakar əməyinə görə, 1944-cü ildə  “Qafqazın müdafiəsinə görə”, 1945-ci ildə isə “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində şərəfli əməyə görə” medalları ilə təltif edilmişdir. 

Sözsüz ki, Bülbülün yaradıcılığının zirvəsini Üzeyir Hacıbəylinin “Koroğlu” (Koroğlu), “Arşın mal alan” (Əsgər), görkəmli rus bəstəkarı Reynqold Qliyerin “Şahsənəm” (Əlyar), Əfrasiyab Bədəlbəylinin “Nizami” (Nizami), Niyazinin “Xosrov və Şirin” (Fərhad), Qara Qarayev və Cövdət Hacıbəylinin “Vətən” (Aslan), italyan bəstəkarı Cakomo Puççininin “Toska” (Mario) operalarında yaratdığı möhtəşəm sənət nümunələri təşkil edir. Bülbül Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operasında Koroğlu rolunun ilk və ən yaxşı ifaçısı olmuşdur. Səhnədə 400 dəfə bu rolu ifa edən müğənni əfsanəvi xalq qəhrəmanının momunental obrazını ədəbi olaraq tamaşaçıların yaddaşına yazmışdır.

Bununla belə, Bülbül Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Ağabacı Rzayevanın romans və nəğmələrinin də mahir ifaçısı olmuşdur. Onun ifasında xalq mahnıları və təsniflər – “Süsən sünbül”, “Yaxan düymələ”, “Çal oyna”, “Küçələrə su səpmişəm”, “Qara tellər”, “Girdim yarın bağçasına”, “Qaçaq Nəbi”, “Çəkərəm nazını yarim, nə qədər naz eləsən də”, “Xumar oldum”, “Segah təsnifi”  və s. tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Görkəmli sənətkar xalq musiqisinə böyük əhəmiyyət verərək onu “tarixi özündə qoruyub saxlayan xəzinə” adlandırmışdı.

Bülbül yaradıcılığının digər bir zirvəsini də onun sənətə gətirdiyi yenilik təşkil edirdi. Xəlqilik - ən yaxşı klassik ənənələrə sədaqətlə novatorluğun vəhdəti Bülbül yaradıcılığının başlıca xüsusiyyətlərindəndir. Dahi sənətkar dörd il İtaliyada təhsil almaqla Avropa vokal məktəbini, İtaliya tədris metodikasını dərindən öyrənmış, Azərbaycan musiqi məktəbini Ümumavropa məktəbi ilə sintezləşdirərək özünün yeni üslubunu yaratmış, bununla da tarixə Azərbaycan professional vokal məktəbinin banisi kimi qızıl hərflərlə həkk olmuşdur.  Xalq yazıçısı Anar haqlı olaraq deyir ki, “Bülbül ilk baxışdan bir-birinə uzaq olan iki musiqi dünyasını – Şərq və Qərb musiqisini öz parlaq sənətiylə yaxınlaşdırır, birləşdirir, təbii, üzvi vəhdətdə yüksək sənət örnəkləri yaradırdı. Yalnız Azərbaycanda deyil, bəlkə bütün İslam Şərqində yeni vokal üslubun təməlini qoymuşdu. Bülbülün ecazkar səsində iki musiqi aləmi – Avropa və Şərq bir-birinə qovuşurdu”.

Doğrudan da, min illər bundan əvvəl yaranmış xalq mahnıları Bülbülün misilsiz təqdimatında fərqli çalarlar, yeni intonasiyalar kəsb etmiş, verilən estetik zövq insanların müasir mənəvi tələbatını ödəyərək dinləyicilərdə dərin minnətdarlıq hissi yaratmışdır. Bülbülün Azərbaycan vokal mədəniyyətinə gətirdiyi yeniliklər opera və ifaçılıq sənətinin gələcək inkişafına da misilsiz töhfələr vermişdir.

Xalq artisti Bülbülün yaradıcılığı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan SSR Əməkdar artisti (1934) və SSRİ Xalq artisti (1938) fəxri adlarına layiq görülmüşdür. “Şərəf nişanı” ordeni (1938), iki dəfə “Qırmızı əmək bayrağı” ordeni (1936, 1958), 2 dəfə “Lenin” ordeni (1946, 1959), “Stalin” mükafatı (1950) ilə təltif edilmişdir. SSRİ - İtaliya Dostluq Cəmiyyətinin üzvü seçilmiş, SSRİ və İtaliya arasında dostluq əlaqələrinin inkişafına görə “Haribaldi Ulduzu” ordenini almışdır (1958). 

Ölkənin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edən sənətkar I (1938-1946), II (1947-1950), III (1951-1954), IV (1955-1959) və V (1959-1961) çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbül 1961-ci ilin iyul ayında Şuşa şəhərində son konsert proqramı ilə çıxış etmişdir. Bakıya qayıtdıqdan sonra sentyabr ayının 26-da öz mənzilində qəflətən vəfat etmiş və I Fəxri xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Respublikası rəhbərliyinin müvafiq sərəncamları ilə Bülbülün 90, 100,  110 və 120 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir.

1997-ci ilin avqust ayının 20-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bülbülün anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Həmin ilin dekabr ayının 3-də keçirilən təntənəli yubiley gəcəsində ölkə başçısı geniş məruzə ilə çıxış edərək demişdir: “Xalqımız da bilməlidir ki, bizim üçün əziz olan Qarabağ torpağı, Şuşa qalası işğaldan azad olacaq. Bülbülün diyarı müstəqil Azərbaycanın çiçəklənən bir guşəsi olacaq.

Bülbül 64 illik həyatında öz missiyasını tam şəkildə yerinə yetirməyi bacarmışdır. Elə buna görə də həyatının son dəqiqələrində ona təlaş içində yaxınlaşan həyat yoldaşına “Qorxma, qorxma, bu adicə ölümdür!” deyərək əzrayıla belə meydan oxumuşdur. Ecazkar səs sahibi olan Bülbül özü də bilirdi ki, sənəti ölməz, yaşamı əbədidir!

Ürəyi hər zaman millətinə məhəbbətlə dolu olan Bülbül yazırdı: “Mən arzuma çatdım. Azərbaycanda konservatoriyanı bitirmiş öz yaradıcı və ifaçı kadrlarımız, aktyorlar, dirijorlar, orkestrlərdə çalan musiqiçilərimiz yetişmişdir. İndi bizim konservatoriyada pedaqoqların əksəriyyəti azərbaycanlılardır”.

Cismani yoxluğundan uzun illər keçsə də, onun əvəzolunmaz ifası dinləyicilərin qəlbində daim cəh-cəh vurur. Xalq şairi Səməd Vurğun nə gözəl yazmışdır:

                                           ...Bu günün eşqinə mahnılar deyək.

                                           Desin  Koroğludan bir ağız aşıq,

                                           Nə lazım dünyada sözsüz yaraşıq?

                                           Eşit həqiqətin incə səsini,

                                           Bülbülün “Qarabağ” şikəstəsini..

Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə söylədiyi “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” ifadəsi bir düstur kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk edilmişdir. Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  müdrik siyasəti nəticəsində hazırda Qarabağ torpağı, eləcə də Bülbülün doğma vətəni əzəmətli Şuşa qalası düşmən işğalından azad olunmuşdur. Yenə də “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Ölkə Prezidenti İlham Əliyev “Əziz Şuşa, sən  azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dərçəldəcəyik” sözləri ilə milyonlarca azərbaycanlının qanayan yarasına məlhəm olduğu kimi, dahi Bülbülülün ruhunu da hüzura və rahatlığa qovuşdurmuşdur. Şuşa şəhərində yenidən bərpa olunmuş Bülbülün ev muzeyi Qarabağa Böyük Qayıdışın birinci sənət töhfəsidir.

Bu gün Bülbülün ruhu şad, qəbri nura qərq olmuşdur. Bu gün Şuşada əsir altında qalmış bir cüt bülbül - öz sədaqəti ilə adını əfsanələrə yazdıran Xarıbülbül boynunu qürurla dikəltmiş, bülbül nəfəsli Murtuza Məmmədovun “Qarabağ” şikəstəsi Şuşanın dağlarına, Topxana meşəsinə, Cıdır düzü oylağına şəstlə yayılmışdır. Bu gün Şuşada Üzeyirin, Bülbülün 30 ilə yaxın vətənsiz qalmış “Sənsiz”i, “Sevgili canan”ı öz yarına - torpağına qovuşmuşdur. Bu gün Bülbülün illərdir didərgin həyatı yaşamış və erməni vandalları tərəfindən zədələnmiş büstü əzəli vətəninə qaytarılaraq qələbəmizin rəmzinə çevrilmişdir.

Nə qədər ki, dünyada musiqi var, şeir var, söz var, Bülbülün özünün də ifa etdiyi xalq mahnısında deyildiyi kimi, “özü bir gül, sözü bülbül, səsi bülbül” olan sənətkar  qəlblərdə daim yaşayacaqdır.

Arzu MƏMMƏDXANLI, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: