Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzurun arxeoloji abidələri
12.07.2022 14:41
  • A-
  • A
  • A+

Tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzurun arxeoloji abidələri

XX əsrin sonlarında erməni silahlı qüvvələri Azərbaycanın əzəli torpaqlarının daha bir hissəsini – Şərqi Zəngəzur və Yuxarı Qarabağı zəbt etdi. Bu torpaqlar 30 ilə yaxın işğal altında qaldı. Azərbaycanlılara divan tutuldu, onların bir hissəsi soyqırımına məruz qaldı, digər hissəsi isə yurdlarından didərgin düşdü. Azərbaycan xalqının minilliklər boyu həmin bölgələrdə yaratdığı maddi mədəni irsi də vandalların hədəfinə çevrildi. Yerli diyarşünaslıq muzeylərinin on minlərlə eksponatı talan olundu, yüzlərlə tarix və memarlıq abidəsi dağıdıldı, yaxud “erməni möhürü” vurularaq saxtalaşdırıldı.

Qədim tarixə malik, Azərbaycan şəhəri olan İrəvan bir yaşayış məskəni kimi türk mədəniyyəti və memarlığını özündə cəmləşdirən şəhər olub. Lakin sovet dövründə erməni tədqiqatçılar Azərbaycan ərazisində arxeoloji tədqiqatlar aparsalar da, bizə o ərazini tədqiq etmək nəsib olmamışdı. Bunun da məlum səbəbləri var idi. Bu gün İrəvanda erməni vandallarının Azərbaycan-türk mədəniyyətinin son memarlıq abidələrinin yerləşdiyi Təpəbaşı ərazisində yenidənqurma adı altında azərbaycanlıların tarixi irsini məhv etməsi heç bir məntiqə sığmır. Tarixi fotolar, əcnəbi səyyahların, tarixçilərin yazdıqları sübut edir ki, İrəvan qədim Azərbaycan şəhərlərindən biridir.

İşğal dövründə hücuma, terrora məruz qalan abidələr arasında arxeoloji abidələr də vardı. Bu abidələri dövr baxımından 4 qrupa ayırmaq olar: Daş dövrü, Tunc və Dəmir dövrü, Antik dövr və Orta əsrlər dövrü. Azərbaycanın işğal edilmiş ərazilərində qədim dövr abidələri daha çox saxtalaşdırılır və erməni mədəni irsi kimi təqdim olunurdu. Orta əsrlər – İslam dövrü abidələri isə (xüsusilə məqbərə, türbə və digər qəbir abidələri) total şəkildə məhv edilir, izləri itirilirdi. Qarət məqsədilə abidələr kortəbii şəkildə talan olunurdu. 1996-cı ildən Qafan şəhərinin təxminən 10 kilometrliyində yerləşən Zəngilan rayonunun Ağkənd kəndi yaxınlığındakı Dəmir dövrünə aid sərdabələr dağıdılıb, əldə olunan tapıntılar erməni mədəni irsi kimi qələmə verilib. 2010-cu ildə Laçın rayonunun Sonasar kəndi yaxınlığında mal-qara otaran bir çoban təsadüfən eramızdan əvvəl IV-I əsrlərə aid edilən sərdabədən qızıl (200 qram), gümüş (700 qram) və tuncdan (5 kiloqram) hazırlanmış zinət əşyalarından, süfrə qablarından və s. ibarət zəngin xəzinəyə rast gəlib. Bu tapıntının üstündə Ermənistan Tarix Muzeyi, oyuncaq rejimin rəsmiləri və əşyaları əldə edən çoban arasında uzun müddət çəkişmələr gedib.

Ermənilər hələ 2005-ci ildə Şuşa və onun ətrafında Tunc dövrünə aid 200-ə yaxın qala və sərdabədə - kurqanda qazıntı aparmağı planlaşdırmışdı. Erməni alimləri Tərtər çayı sahilində “Karkar” adlı “qədim erməni yaşayış məskəni”nin tapıntısını böyük arxeoloji hadisə adlandırırdılar.

Sovet dövründə Zəngəzurda – Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində təəssüf ki, sistemli elmi araşdırmalar aparılmayıb, Cəbrayıl və Zəngilan rayonlarına isə Araz çayı üzərində su qovşağının tikintisi ilə əlaqədar yalnız qısamüddətli elmi ezamiyyətlər edilib. Bu isə öz növbəsində həmin rayonların arxeoloji abidələrlə zəngin olduğunu göstərir, həmin ərazilərdə onlarla yeni abidə qeydə alınıb.

Ötən əsrin 70-ci illərində Kəlbəcərdə çoxsaylı qayaüstü təsvirlər aşkar edilib, İstisu ətrafında Tunc dövrünə aid yaşayış yeri qeydə alınıb. Göyəm dağı, Zəngəzur, Soyuqbulaq, Göyçə gölü hövzəsindəki qayalıqlarda Azərbaycanın qədim maldar tayfaları tərəfindən yaradılan təsvirlər var. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edildikdən sonra məlum olub ki, ermənilər abidələri saxtalaşdırmaq üçün Kəlbəcərdə xüsusi istehsal sexləri yaradıblar.

Qubadlı ərazisində Mal təpəsi, Xırman yeri kimi iri yaşayış məskənləri ilə yanaşı, mağara məbədləri, o cümlədən alban məbədləri, qalaça, körpü və s. abidələr məlum idi. Bu tip abidələr İrəvan və Zəngəzur bölgələri üçün səciyyəvidir.

Zəngilan abidələrindən Xudafərin körpülərinin yaxınlığında yerləşən Şərifan orta əsr şəhər yeri xüsusilə seçilir. Rayon ərazisində İslam dövrünə aid məscid və digər memarlıq abidələri də çoxdur (Məmmədbəyli, Şərifan türbələri, Hacallı qülləsi və s.). Koroğlu daşı və ya “Ağ oyuq” adlanan və VII-VIII əsrlərə aid edilən abidə üzərində qədim Orxan-Yenisey yazılarına bənzər işarələr qeydə alınıb. Güman ki, bu ərazinin “Yazı düzü” adlandırılması da həmin işarələrlə bağlıdır.

Qarabağın ən məşhur abidələrindən biri də IV-V əsrlərdə alban knyazları tərəfindən indiki Ağdərə-Kəlbəcər yolu üzərində inşa olunmuş 9 tikilidən ibarət Xudavəng məbəd kompleksidir. XIII əsrdə Xaçın knyazı Həsən Cəlal bu monastırı əsaslı şəkildə təmir etdirib. Deyilənə görə, onun yoldaşı Mina xatun burada dəfn olunub. Kompleksdə alban hökmdarı Arzu xatunun məbədi xüsusi yer tutur.

Otuz ilə yaxın müddətdə Qarabağla yanaşı, Şərqi Zəngəzurun da işğal altında qalması bu bölgələrdəki arxeoloji abidələrin müasir texnoloji üsullardan istifadə etməklə, kompleks şəkildə öyrənilməsinə imkan verməyib. Ermənistan beynəlxalq konvensiyalara məhəl qoymadan Azərbaycanın bu tarixi bölgələrində mədəni-tarixi irsi kütləvi şəkildə dağıtmaqla, saxtalaşdırıb özününküləşdirməklə məşğul olub. İşğalçılar tərəfindən ən çox dağıntılara məruz qalan İslam dini abidələri, yəni məscid, türbə və başqa inanc yerləridir. Vandalların bölgədəki 67 məsciddən 63-nü tamamilə məhv etməsi, qalanlarını isə yararsız hala salması bunun əyani sübutudur.

Abbas SEYİDOV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor

Təvəkkül ƏLİYEV, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları bölməsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

AzərTac

  • Paylaş: