Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.07.2022 17:12
  • A-
  • A
  • A+

“14 iyul 1969-cu il - müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib

“14 iyul 1969-cu il - müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Yasamal rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və MEK-in birgə tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə MEK-də Ulu Öndərin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu il görkəmli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53 ili tamam olur. 14 iyul 1969-cu il Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edir. Bəxtiyar Nəbiyev məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu ildən Azərbaycanın sosial - iqtisadi həyatında inkişafın bünövrəsinin qoyulduğunu, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərin Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdüyünü qeyd edib. “Bu mənim üçün də şərəfli bir dövrdür. Öz elmi-tədqiqat işimdə məhz Heydər Əliyev və Azərbaycanın 1969-1982-ci illərdəki iqtisadi inkişafını tədqiq etmişəm”- deyə, Bəxtiyar Nəbiyev bildirib.

Çıxışı zamanı millət vəkili Elnur Allahverdiyev görkəmli dövlət xadimi Heydər Əliyevi xalqın xilaskarı, qüdrətli rəhbər, müstəqil Azərbaycanın banisi kimi xarakterizə edib.

Millət vəkili Jalə Əhmədova qeyd edib ki, illər, əsrlər ötsə də, Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşında daim yaşayacaq, onun müəyyən etdiyi inkişaf yolu isə hər zaman dövlətimizi daha yüksək zirvələrə ucaldacaqdır.

Tədbirdə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirilir. “Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan aqrar respublikadan təhsili yüksək səviyyədə olan respublikaya çevrildi. Bu müddət ərzində Azərbaycanda 5 yeni ali məktəb açılıb, AMEA-da bir sıra elmi-tədqiqat institutları yaranıb, laboratoriyaların əsası qoyulub”. Çıxışı zamanı professor Məmməd Əliyev MEK-in fondlarında, həmçinin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə kitabxanada fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində tariximizin bu şərəfli zaman kəsiyini özündə əks etdirən dəyərli nəşrlərin mövcud olduğunu diqqətə çatdırıb. Baş direktor onu da vurğulayıb ki, Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçərək ölkəmizin beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Məmməd Əliyev möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük müharibənin elə bu siyasətin nəticəsi olduğunu vurğulayıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin irsinin milli sərvətimiz olduğunu, Ulu Öndərin hakimiyyətə gəlişi ilə azərbaycançılıq ideologiyasının təməlinin qoyulduğunu və bu fenomen şəxsiyyətin müstəsna xidmətləri ilə əbədilik qazandığını vurğulayıb.

Tədbirdə YAP Yasamal rayon təşkilatı tərəfindən Ulu Öndərin həyatını və zəngin fəaliyyətini  əks etdirən film nümayiş olunub.

Daha sonra tədbir iştirakçıları fenomen şəxsiyyət Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri öyrənmək və gələcək nəsillərə ötürməkdə qiymətli mənbə olan nəşrlərdən ibarət sərgiyə baxış keçirib. Sərgidə Elmira Axundovanın “Heydər Əliyev: 1969-1989. Şəxsiyyət və zaman: həyat və fəaliyyətinin xronikası”, Musa Qasımlının “Heydər Əliyev -İstiqlala gedən yol (1969-1987)”, “Parlament tariximizin Heydər Əliyev dövrü”, “Heydər Əliyev: Azərbaycan elminin keşiyində: sənədlər və materiallar” I cild, Mahirə Hüseynovanın “Missiya”, Fəraməz Maqsudovun “Heydər Əliyev və Azərbaycan elmi”, Habil Həmidovun “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti” və s. kimi nəşrlər təqdim edilib.

Sonda qonaqlar MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, həmçinin Qarabağ müharibəsi qəhərmanları fondu ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: