Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.07.2022 11:07
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun əməkdaşları mədəniyyətimizin incisi Şuşaya səfər ediblər

Elm Tarixi İnstitutunun əməkdaşları mədəniyyətimizin incisi Şuşaya səfər ediblər

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşları Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşaya səfər ediblər.

Səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, Molla Pənah Vaqifin türbəsi, Bülbülün ev muzeyi və bir sıra tarixi-mədəni abidələr, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.

Şuşada aparılan quruculuq işləri, həmçinin məşhur Gövhər Ağa Məscidinin və digər tikililərin bərpa-rekonstruksiya işləri ilə tanış olan institut əməkdaşları elm və mədəniyyət mərkəzi olan şəhərin tarixi məkanlarında xüsusi qeydlər, foto və videosənədlər əldə edərək gələcək tədqiqatları üçün maraqlı materiallar toplayıblar.

Şəhərin ekskursiyasından sonra Cıdır düzündə toplaşan ziyarətçilər öz təəssüratlarını bölüşüblər. Çıxış edənlər 30 il müddətində şəhərin işğal altında qalmasının hər bir azərbaycanlı üçün böyük kədər və ağrı olduğunu, nəhayət Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın  başçılığı ilə şanlı Azərbaycan Ordusunun bu üzgünlüyə son qoyduğunu deyiblər. Bu böyük qələbəyə görə şəhidlərə, qazilərə borclu olduğumuz bildirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçənlərin ruhu sayğı ilə yad edilib.  

Qeyd edək ki, səfər zamanı yeni istifadəyə verilmiş Füzuli Hava Limanı da ziyarət edilib, həmçinin yol boyunca işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinin qurbanı olan kəndlər, dağıdılmış məzarlıqlar lentə alınıb.

Məlumat üçün bildirək ki, Elm Tarixi İnstitutu “Şuşa ili” çərçivəsində şəhərin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirib. Bundan əlavə, institutda il çərçivəsində “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı  və şəhərin  görkəmli şəxsiyyətlərinə həsr olunmuş xüsusi toplu nəşr edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: