AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” - 950” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.
“Elm və təhsil” nəşriyyatında çap olunan topluda akademik İsa Həbibbəylinin “Mahmud Kaşğarinin “Divanü-Lüğat-it-türk” əsəri Azərbaycanda”, professor Nadir Məmmədlinin “Mahmud Kaşğarinin “Divanü Lüğat-it-türk” əsəri”, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Divanü Lüğat-it-türk” abidəsindəki ləqəb və titullar”, dosent Baba Məhərrəmli “Mahmud Kaşğarinin divanında kök sözlər”, professor İsmayıl Kazımovun “Azərbaycan dilinin tarixi qrammatikası və Mahmud Kaşğari “Divan”ı və sair alimlərin məqalələri çap olunub.
Topluda qeyd edilir ki, Mahmud Kaşğari qədim türk sivilzasiyasının qüdrətli ideoloqu, “Divanü lüğat-it-türk” əsəri isə türk-müsəlman dünyasının kompasıdır. “Divanü lüğat-it-türk” əsəri türk dünyasının dilçilik xəritəsidir, dünya türkologiya elminin şah əsəridir.
Mahmud Kaşğari Dədə Qorqudla Nizami Gəncəvi arasında möhtəşəm zirvədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.