AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu beynəlxalq əlaqələrini genişləndirir. Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyənin Qars vilayətinə səfəri zamanı Qafqaz Universitetinin Şərq dilləri və ədəbiyyatları fakültəsində mühazirə ilə çıxış edib. Fakültənin Ərəb dili və ədəbiyyatı kafedrasının müdir müavini azərbaycanlı şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru Coşğun Zəkinin təşəbbüsü ilə təşkil edilən mühazirədən sonra müəllim-tələbə heyəti ilə görüş keçirilib. Görüşdə son illər Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatlar, əldə olunan mühüm elmi nailiyyətlər, elmi müəssisənin müasir dünya şərqşünaslığına verdiyi töhfələr, elmi nəşrlər barədə məlumat verilib.
Görüşdə iştirak edən Qafqaz Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri Esat Ayyıldız Şərqşünaslıq İnstitutunun rəhbəri akademik Gövhər Baxşəliyevaya dərin hörmət və salamlarını çatdırmaq diləyi ilə, “Böyük Murakkışın həyatı, şeirləri və ərəb ədəbiyyatındakı yeri” adlı əsərini instituta hədiyyə edib. Həmçinin gələcəkdə Qafqaz Universitetində təşkil edilən beynəlxalq konfranslarda, elmi platformalarda Şərqşünaslıq İnstitutunun təmsil olunması arzu olunub, türkiyəli şərqşünasların qısa zamanda azərbaycanlı həmkarları ilə mümkün görüşü və qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyəti ifadə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.