Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.07.2022 16:15
  • A-
  • A
  • A+

AMEA-da Pakistan nəşrlərinin təqdimatı olub

AMEA-da Pakistan nəşrlərinin təqdimatı olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı çərçivəsində Mərkəzi Elmi Kitabxanada Pakistan guşəsinin açılışı olub.

Tədbir çərçivəsində, həmçinin tarix elmləri doktoru Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbalın həyatı və yaradıcılığı” kitablarının təqdimatı keçirilib.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, şair-tərcüməçi Elxan Zal Qaraxanlı və Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli də iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, təqdimatı keçirilən “Dünya ədəbiyyatı” dərgisinin Pakistana həsr olunmuş xüsusi buraxılışı AYB-nin katibi Səlim Babullaoğlunun rəhbərliyi və jurnalın baş redaktoru Seyfəddin Hüseynlinin böyük zəhməti ilə meydana gəlib: “Kitabda 44 Pakistan şair və yazıçısının əsəri yer alıb, onlar haqqında məlumat verilib. Jurnalın bu sayına Ədəbiyyat İnstitutunun baş direktoru və Pakistan Ədəbiyyat Akademiyasının prezidenti müqəddimə yazıb. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyin nəşr etdiyi “Dünya ədəbiyyatı” jurnalının Pakistan sayı Azərbaycanda qardaş Pakistan ədəbiyyatını öyrənmək baxımından ən sanballı mənbədir. Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, Akademiyanın müxbir üzvü Könül Bünyadzadə Ədəbiyyat İnstitutu ilə bərabər İqbalın irsindəki fəlsəfi tərəfləri öyrənir. Dünən Pakistan heyəti AMEA-nın Gəncə Bölməsində professor Xəlil Yusiflinin söhbətlərini dinləyib. Nizami Gəncəvi haqqında Nizamişünaslıq şöbəsinin hazırladığı kitabı qonaqlara təqdim edəcəyik”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Pakistanla əlaqələrə böyük əhəmiyyət verdiyini deyən alim Pakistan Azərbaycan əlaqələrinin tamamilə yeni mərhələdə inkişaf etdiyini söyləyib: “Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilə olan görüşə qədər əlaqələr tanışlıq mərhələsində idi. Bu münasibətlərin yeni mərhələsinə verdiyi töhfələrə görə AYB-nin sədri, Xalq yazıçısı Anara da minnətdarlıq edirik. Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olaraq Azərbaycan ədəbiyyatı antologiyası və Nizami Gəncəvi haqqında Lahor Dövlət Kollec Universitetində kitab çap olunacaq”.

Tədbirdə AYB-nin katibi Səlim Babullaoğlu Pakistan ədəbiyyatı xüsusi sayının necə yaranması və şair, kitabın tərcümə edəni və şərhlərin müəllifi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlı Məhəmməd İqbalın “Seçilmiş əsərləri” haqqında məlumat veriblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından Bəsirə Əzizəliyeva və Şəhla Qurbanova da çıxış ediblər.

Lahor Dövlət Kollec Universitetinin Urdu Dili Kafedrasının müdiri, professor Saima İram çıxışında Quba Soyqırımı Memorial Kompleksinə, Gəncə şəhərinə, Nizami Gəncəvinin məqbərəsinə, bir sıra muzeylərə səfərlərindən məmnun qaldıqlarını bildirib. O, Mərkəzi Elmi Kitabxanaya Pakistan ədəbiyyatı nümunələrini təqdim etməyi və onların təqdimatının keçirilməsini istədiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi və orada yayılmasına dəstək olacaqlarını bildirib.

“Siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz də Nizami Gəncəvini sevirik”, - deyə alim söyləyib.

Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli də çıxış edərək gələcək ədəbi-elmi əlaqələrə böyük töhfə olan bu tədbir haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda bir sıra azərbaycanlı ziyalılara sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: