ETN Botanika İnstitutu və Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı (MTBT) ilə birgə həyata keçirdiyi 2022-2027-ci illər üçün “Qafqaz Ağac Toxum Bankının İnkişafı” layihəsinə dair işlər davam etdirilir.
Minilliyin Toxum Bankının (MTB) Mühafizə Tərəfdaşlığı üzrə koordinatoru Dr. Simon Kallow Botanika İnstitutunda olub. Səfərin məqsədi sözügedən layihə üzrə aparılan işlərin və institutun Toxum bankının fəaliyyətinin MTB-nin Toxum Mühafizəsi Standartları üzrə qiymətləndirilməsi olub.
Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, Toxum bankı sektorunun əməkdaşları və Dr. Simon Kallowun iştirakı ilə keçən görüşdə institutun elmi tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və müştərək layihələri haqqında danışılıb. Azərbaycan florasına aid endemik, nadir və dərman bitkiləri barədə fikir mübadiləsi aparılıb. S.İbadullayeva qonağa institutun alimləri tərəfindən tərtib olunan “Qarabağ florası” və “Azərbaycan florası” kitablarının ərsəyə gətirilməsi üçün aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.
Dr. Simon Kallow İnstitutunun Toxum bankının fəaliyyətlərini standartlara uyğunluq baxımından yerindəcə qiymətləndirib. Qiymətləndirmə prosesi toxumların toplanması, emalı, saxlanılması və sənədləşdirilməsi üzrə təqdim olunan işlər əsasında aparılıb. Mövcud imkanlar və ehtiyaclar müzakirə edilib, qarşılıqlı əməkdaşlığın inkişaf strategiyası müəyyənləşdirilib.
Qonaq, həmçinin institutun Herbari fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələri, onların saxlanılma şəraiti ilə yaxından tanış olub.
Səfərin nəticəsi olaraq MTB tərəfindən yekun hesabat hazırlanacaq və həm məlumat bazası nəticələrinə, həm də yerində keçirilmiş müzakirələrə əsaslanaraq tövsiyələr Botanika İnstitutuna təqdim olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.