Hər il iyulun 22-si Azərbaycanda milli mətbuatın yarandığı gün kimi qeyd olunur. Azərbaycan jurnalistikasının zəngin və keşməkeşli inkişaf yolu ictimai fikir tariximizin çox mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, milli oyanış, müasirləşmə və mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində müstəsna rol oynayıb. Bu gün Azərbaycanda müstəqil, peşəkar və özünəməxsus ənənələri olan mətbu orqanlar fəaliyyət göstərir.
Milli mətbuat tariximizdən danışarkən “Əkinçi” qəzetini xatırlamamaq, onun ideyalarından bəhs etməmək mümkün deyil. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrə başlaması Azərbaycan tarixində ən mühüm, yaddaqalan hadisələrdən biri idi. “Əkinçi” qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda dilimizin qorunub-saxlanmasında böyük rol oynadı. Mürəkkəb bir tarixi dövrdə fəaliyyətə başladığı gündən mübarizə dolu yol keçən “Əkinçi” xalqı maarifləndirmək, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi nəcib missiyaları üzərinə götürdü, özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə səbəb oldu.
Belə ki, “Əkinçi”dən sonra yaranan “Kəşkül”, “Ziya”, “Kaspi” kimi qəzetlər ilk mətbu orqanımızın davamçısı kimi fəaliyyətə başladı. “Əkinçi” də daxil olmaqla, o dövrün qəzetlərinin əsas missiyası maarifləndirmək idi. Cəmiyyətdə kütləvi savadsızlıq və cahillik hökm sürdüyünə görə “Əkinçi” təkcə savadsızlıqla mübarizə aparmırdı, həm də ictimaiyyətə dünyagörüşü, müasirlik və mədəniyyət aşılayırdı.
1906-cı ildə nəşrə başlayan, Azərbaycan xalqının ictimai düşüncəsinin inkişafında mühüm rol oynayan “Molla Nəsrəddin” jurnalı da eyni missiyanı yerinə yetirirdi.
Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bütün xadimlərinin bir lider kimi formalaşmasında, siyasi fəaliyyətlərində mətbuatın misilsiz xidmətləri vardır. AXC dövründə nəşr olunan “Azərbaycan” qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunu göstərir.
Azərbaycan mətbuatının inkişafında ümummilli lider Heydər Əliyevin də müstəsna xidmətləri olmuşdur. Onun hakimiyyətə gəlişi ilə ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradıldı.
Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox Sərəncam və Fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Bununla da azad sözün daha da inkişafı üçün geniş imkanlar açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində milli mətbuatımıza diqqət və qayğısını uzun illərdir ki, davam etdirir.
Azərbaycanda çağdaş jurnalistikanın inkişafında xidmətlərinə görə fərqlənən jurnalistlərə “Əməkdar jurnalist” fəxri adı, “Tərəqqi” medalı verilir ki, bunlar da mətbuat sahəsində çalışan insanların fəaliyyətinə verilən yüksək qiymətin, mənəvi dəstəyin göstəricisidir.
Xatırladaq ki, ölkə rəhbəri İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik, 2010-cu ildə 135 illik, 2020-ci ildə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir.
Bu gün Azərbaycan mətbuatının inkişafı ilə bağlı nəzərəçarpacaq dərəcədə uğurlar mövcuddur. Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet jurnalistikası sürətlə inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir.
Dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.
Məlumdur ki, Azərbaycan mətbuatı 2020-ci ildə 2 böyük sınaqla qarşı-qarşıya qaldı. 2020-ci ilin fevral ayından etibarən COVID-19 pandemiyasının ölkəmizdə də yayılmağa başlaması Azərbaycan dövləti, səhiyyəsi ilə yanaşı, mətbuatımızın qarşısına da mühüm vəzifələr qoydu. Elə həmin il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün növbəti sınaq oldu.
Azərbaycan mətbuatı koronavirus pandemiyası dövründə mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini fasiləsiz məlumatlandırmaqda davam etdi. Mütəmadi olaraq koronavirus ilə bağlı ictimaiyyətin suallarının cavablandırılmasında, məlumatların çatdırılmasında jurnalistlərin xüsusi mövqeyi və əziyyəti danılmazdır.
İlk günlərdən etibarən koronavirusun qarşısının alınması üsulları haqqında mətbuatda mütəmadi çıxışlar edildi, məlumat xarakterli materiallar dərc olundu. Alim və mütəxəssislərin koronavirusun növləri, diaqnostikası, o cümlədən bu xəstəliyə qarşı hazırlanması nəzərdə tutulan peyvəndlərə dair məqalələri nəşr olundu, televiziya və internet saytlarında məzmunlu müsahibələri təqdim edildi.
Azərbaycan jurnalisti 44 günlük müharibə dövründə də həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı.
Milli mətbuatımızdan söz açmışkən AMEA mətbuatından bəhs etmək də yerinə düşər. Bu gün AMEA mətbuatı ölkə jurnalistikasının bir parçası kimi milli mətbuatımızın tarixi ənənələrinə sadiq qalaraq öz fəaliyyətini uğurla davam etdirir, cəmiyyəti məlumatlandırmaqda, elmi informasiya yaymaqda davam edir.
AMEA mətbuatı da öz növbəsində həm müharibə, həm də pandemiya dövründə fəaliyyətini yüksək səviyyədə quraraq COVID-19 ilə bağlı ölkədəki ən son vəziyyətə dair məlumatların cəmiyyətə operativ ötürülməsi, eləcə də müharibə dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak etdi. Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində medianın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. Ölkə ziyalıları kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırdılar.
İlk mətbu nümunəmizin nəşrindən düz 120 il sonra, 1995-ci ildə fəaliyyətə başlayan, ölkənin ilk veb-saytı olan science.gov.az-ın fəaliyyətə başlaması ölkədə İnternet-medianın, veb-jurnalistikanın əsasını qoyub. İnternet-media sahəsində ilk və əvəzsiz xidmətlərini, mətbuat tariximizə gətirdiyi yenilikləri nəzərə alaraq www.science.az portalını müasir dövrün “elektron-Əkinçi”si hesab etmək olar.
Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan science.az Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən dəyərli və etibarlı informasiya mənbəyidir.
AMEA Rəyasət Heyətinin digər mətbu orqanı olan “Elm” (“Nauka”) qəzeti ölkənin kütləvi informasiya vasitələri arasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən nəşrlərdəndir. Həftədə bir dəfə çap olunan qəzet Azərbaycan elmində baş verən yenilikləri ictimaiyyətə çatdırmaq, alimlərimizi dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərir.
Elmi-publisistik jurnal olan “Elm və həyat” nəşrə başladığı ilk vaxtdan elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayır. “Elm və həyat” Azərbaycan mətbuatında elmi kəşfləri, ixtiraları, elmi yenilikləri təbliğ edən elmi-kütləvi dərgidir. Üzərinə düşən maarifçilik missiyasını şərəflə yerinə yetirən jurnalın işi müasir tələblər əsasında qurulub.
Azərbaycanın ilk elmi internet televiziyası olan “Videosalnamə” studiyası isə AMEA-nın institut və təşkilatlarında keçirilən tədbirləri lentə alır, gənc alim və mütəxəssislərin reallaşdırdığı maraqlı layihələri işıqlandırır, Azərbaycan milli elmi irsinin mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub-saxlanılmasında yaxından iştirak edir.
AMEA rəhbərliyi də hər zaman mətbuatın inkişafına xüsusi önəm verir, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlayır.
Əminik ki, zəngin tarixə və ənənələrə malik olan jurnalistikamız bundan sonra da uğurla fəaliyyət göstərəcək, Azərbaycan həqiqətlərini həm ölkə, həm də dünya mətbuatına dəqiq, qərəzsiz və obyektiv şəkildə çatdıracaq!
Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətində uğurlar arzulayırıq!
Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri, dissertant
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.