Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Xaqani bağında dekorativ bitkilər öyrənilib
26.07.2022 10:52
  • A-
  • A
  • A+

Xaqani bağında dekorativ bitkilər öyrənilib

Paytaxt Bakıda və şəhərətrafı ərazilərdə bir sıra rahat və gözəl parklar salınmışdır. Bu parklar insanların asudə vaxtlarını əyləncəli və səmərəli keçirməsi ilə yanaşı, biomüxtəlifliyin qorunmasında əhəmiyyətli rol oynayır. Xaqani bağı və ya Molokan bağı - Bakının ən qədim parklarından biridir. Sahəsi 0,8 ha-dır. Tikilmə tarixi 1870-ci illərə təsadüf edir. Qədimdən bakılıların sevimli istirahət məkanı olan Xaqani bağı bir çox özəllikləri ilə seçilir. Bakıya gələn molokanların bu ərazidə məskunlaşması və Molokan qəsəbəsinin əsasını qoymaları buranın Molokan adlandırılmasına səbəb olmuşdur. Sonralar qəsəbə köçürülsə də, buradakı ərazinin adı uzun illər yaddaşlara həkk olunmuşdur. Müstəqilliyin elan edilməsindən sonra bağ orta əsr şairi Xaqani Şirvaninin şərəfinə adlandırılmışdır.

Dekorativ bitkilər insanlar üçün estetik təsir mənbəyidir. Bu tip yaşıllıqlar şəhərlərin ağır psixoloji şəraitində, müasir dövrün ətraf mühit çirkləndiricilərindən mühafizədə xüsusilə vacibdir.

Abşeronun park və bağlarının bitki örtüyünün taksonomik tərkibi, landşaft kompozisiyalarının tərtibatının öyrənilməsi botanika elminin inkişafında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyası tərəfindən elmi-tədqiqat işi aparılmışdır. Elmi-tədqiqat işində 2021-ci ilin iyul ayının birinci ongünlüyündə Xaqani bağının ərazisinə ekspedisiyaya gedərək orada müşahidələr aparılmış, 29 fəsilə, 41 cins, 46 növdən ibarət dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılaraq taksonomik tərkibi, mənşəyi, ağac, kol və ot bitkilərinin miqdarı, həmişəyaşıl və yarpağı tökülən növlər  təyin edilmiş, bitkilərin kompozisiyalarda dekorativ əlamətlərinə görə qruplaşdırılması, kompozisiyaların düzəldilmə formaları, kiçik memarlıq formalarının istifadə qaydaları öyrənilmiş, fotoşəkilləri çəkilmişdir.

İnsan həyatında, onun sağlam böyüməsində yaşıllıqların əhəmiyyəti olduqca böyükdür. Təbiətdə iqlimin formalaşması və tənzim edilməsində yaşıllıqlar müstəsna rol oynayır. İstilik və nəmliyin normal mütənasibliyi də orqanizmin sağlamlığı, gümrahlığı üçün çox vacibdir. Bu mütənasibliyin nizama salınması, qorunub saxlanmasında yaşıllıqlar əvəzolunmaz sərvətdir.

Bağın arxitektura-landşaft kompozisiyasının əsası “Üç gözəl” heykəllər qrupudur. Bu incəsənət nümunəsi hovuzun mərkəzində yerləşir və öz orijinallığı ilə daim seçilir. Belə hesab edilir ki, pyedestalı təbii daşlardan olan “Üç gözəl” kompozisiyası 3 ünsürün – Günəş, hava və suyun təcəssümüdür.

Sanitar-gigiyenik normalara görə iri sənaye şəhərlərində, o cümlədən Bakı şəhərində yaşıllıqların sahəsi ümumi yaşayış sahəsinin 45-50%-ni və ya bir sakinə 26-30m2 təşkil etməlidir. Hal-hazırda Bakı şəhərinin və Abşeronun yaşıllaşdırılmasında istifadə edilən cinslərin assortimentinin artmasına ehtiyac vardır.

Xaqani Bağının ərazisində dekorativ ağac, kol və ot bitkilərinin kompozisiyalarda dekorativ əlamətlərinə görə qruplaşdırılması, kompozisiyaların düzəldilmə formaları öyrənilmişdir.

Sahədə müxtəlif formaların harmonik birlik halında yerləşməsi kompozisiya adlanır ( lat. composition – “əlaqə”, “birləşmə”). Bağ bütöv kompozisiya olaraq öz növbəsində ümumi ideya və təyinatla birləşən ikinci dərəcəli kompozisiyalardan ibarətdir.

Bağda yaşıllıq əraziləri elə salınıb ki, oturacaqların yanında kifayət qədər kölgəlik ərazisi vardır. Ağacların ətrafında kolluqlar və güllüklər salınmışdır. Bağ sonuncu dəfə 2009-cu ildə əsaslı şəkildə rekonstruksiya olunub, liqustrumun kol və ağac formaları, eldar şamı, kiçik sərv ağacları, xurma palması, yukka, azaliya, Vaşinqton palması, maqnoliya, pittosporum, şümşad bitkiləri əkilib, uşaq attraksionları qurulmuşdur. Mövsümi güllərdən bağa novruzçiçəyi, bənövşə, siklamen və s. əkilir.

Qazonları haşiyələndirən güllüklər qazon və ya çəmənliyin sahəsinə ağac-kol qruplarının keçidini gözəl edir. Burada güllüklər müxtəlif çiçəkləyən, monoxrom və ya bütövlüklə dekorativ yarpaqlı bitkilərdən və kiçik kollardan ibarət ola bilər.

Bağda ot örtüyünə gəlincə yarısı Niderland, digər yarısı isə Kanada sortu olan qazonla örtülmüşdür. Meyvə verən ağaclardan yapon əzgili və qırmızı ölməzkol vardır. Bağın ən qədim bitkiləri – 4 ədəd tikanlı akasiyadır. Onların təxminən 60-70 yaşı olar. Hündür, iriyarpaqlı ağacların sayəsində, hətta yayın cırhacırında da bağ sərin olur. Kiçik memarlıq formaları – işıq fənərləri, gül dibçəkləri, oturacaqlar, uşaq attraksionları, heykəllər, hovuz, göyərçinlər üçün yem qutusu istirahət edənlər üçün bağı daha rahat və gözəl edir.

Aparılan elmi-tədqiqat işinin nəticəsində müəyyən edilib ki, Xaqani bağının ərazisində taksonomik tərkibi, kompozisiyalarda istifadəsi öyrənilən 29 fəsilə, 41 cins, 46 növdən ibarət  dekorativ ağac, kol və ot bitkiləri Abşeron şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və yaşıllaşdırmada, müxtəlif formalı kompozisiyaların tərtibatında istifadə olunması məqsədəuyğundur.

Şəlalə GÜLMƏMMƏDOVA, AMEA-nın Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyasının rəhbəri, b.ü.f.d., dosent  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: