Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.07.2022 10:24
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev IEEE Computer Society beynəlxalq institutunun vebinarında məruzə ilə çıxış edib

Akademik Rasim Əliquliyev IEEE Computer Society beynəlxalq institutunun vebinarında məruzə ilə çıxış edib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev IEEE Kompüter Cəmiyyətinin (IEEE Computer Society, USA) beynəlxalq institutunun vebinarında “Azərbaycanda informatikanın meydana gəlməsi və onun inkişaf mərhələləri” mövzusunda geniş məruzə ilə çıxış edib.

Alim vebinarda Azərbaycanda informatika elminin formalaşması mərhələlərini xronoloji qaydada şərh edib, ölkədə Sovet İttifaqı dövründə və müstəqillik illərində informatika, kompüter elmləri və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrinin təkamülünü müqayisəli şəkildə təhlil edib.

Akademik Azərbaycanda ilk telefon stansiyasının yaradılması, poçt, teleqraf və teleradio verilişlərinin yayımı texnologiyalarının inkişaf yolundan bəhs edib. Ölkənin ilk dəfə İnternetə çıxışının 1991-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini söyləyib, ötən əsrin ortalarında analoq və rəqəmsal hesablama maşınlarının tətbiqinə başlanılması, onların imkanları, texnoloji xüsusiyyətləri haqqında məlumat verib. Ölkədə informatika elminin inkişafı istiqamətində riyazi, texniki və iqtisadi kibernetika, neft, qaz və kimya sənayesində avtomatik sistemlər, optimal idarəetmə, siqnalların emalı, əməliyyatların tədqiqi, qeyri-səlis məntiq, süni intellekt texnologiyaları, kompüter şəbəkələri və digər istiqamətlərdə elmi tədqiqatlara başlanıldığını diqqətə çatdırıb.

R.Əliquliyev informatika sahəsində dövlət siyasətindən də bəhs edib: “1950-ci illərdən başlayaraq ali təhsil müəssisələrində informatika üzrə yeni fakültələr, ixtisaslar açılmışdır. 1970-80-ci illərdə Azərbaycanda elektronika, telekommunikasiya, elektrotexnika sənayesi formalaşdırılmış, elmi-tədqiqat institutları təşkil olunmuşdur”.

Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə azərbaycanlı gənclərin təhsil alması üçün digər ölkələrə göndərildiyini xatırladan akademik söyləyib ki, hazırda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Alimin sözlərinə görə, 70-ci illərdə Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafının vüsət alması Ulu Öndər Heydər Əliyevin bilavasitə fəaliyyəti ilə bağlıdır. Bu dəstək və uzaqgörən siyasət nəticəsində respublikaya yeni texnologiyalar gətirilmiş, ən müasir zavodlar, istehsal birlikləri yaradılmışdır. Onlardan İskra, Ozon, Nord, Radiozavod, Elektron Hesablayıcı Maşınlar Zavodu və digər istehsal müəssisələrini misal göstərmək olar.

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində hələ 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektronika informatikası və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirilmiş, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmişdir. Beləliklə, respublikada yeni, perspektivli bir sənaye sahəsi təşkil olunmuş və onun elmi potensialı formalaşdırılmışdır. Hələ Sovet İttifaqı dövründə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislərin hazırlanırdı.

Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.

Sonra vitse-prezident 1990-ci ildə Bakıda törədilmiş 20 Yanvar faciəsi zamanı ölkədə yaranmış mürəkkəb vəziyyətdən danışıb. Həmin gün Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladıldığını, milli informasiya-kommunikasiya infrastrukturunun mövcud olmadığını, ölkənin daxili və xarici informasiya blokadasına düşdüyünü, Azərbaycanın səsinin dünyada eşidilmədiyini qeyd edib.

SSRİ-nin süqutundan sonrakı ilk illərdə ölkədəki qeyri-stabil siyasi vəziyyət, iqtisadi tənəzzül bütün sahələrdə olduğu kimi İKT sektoruna da mənfi təsir göstərmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə ölkədə stabilləşmə prosesi başlanmışdır.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə hazırlanan “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” Azərbaycanın alim və mütəxəssisləri qarşısında mühüm vəzifələr qoydu. Beləliklə, bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatın formalaşdırılması üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Müstəqil Azərbaycanın suverenliyinin əsas tərkib hissələrindən biri olan informasiya-kommunikasiya suverenliyinin təmin edilməsində, İKT-nin inkişafında, ölkəmizin qlobal dünyaya inteqrasiya olunmasında həmin strategiyanın çox böyük rolu olmuşdur.

Akademik vebinarda Azərbaycanda kosmik sənayenin formalaşması tarixindən də söz açıb. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kosmik sənayenin formalaşması və inkişafına xüsusi diqqət verdiyini qeyd edib. Bildirib ki, 2009-cu ildə ölkəmizdə kosmik sənayenin formalaşması ilə bağlı müvafiq dövlət proqramının qəbul edilməsi və 2013-cü ildə ilk kosmik peykimizin orbitə çıxarılması Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin bəhrəsi idi. Alim hazırda Yerətrafı orbitdə Azərbaycana məxsus 3 süni peykin mövcud olması haqqında da məlumat verib.

R.Əliquliyev Azərbaycan alimlərinin dünyada kompüter elminin inkişafına çox əhəmiyyətli töhfələr verdiyini, təsadüfi deyildir ki, ABŞ-ın Stanford Universitetinin dərc etdiyi, dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısına 25-dən çox azərbaycanlı alimin adının daxil edildiyini deyib. Akademik müvafiq beynəlxalq təşkilatların da İKT sahəsində ölkəmizdə qazanılan uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirdiklərini vurğulayıb.

AMEA-nın vitse-prezidenti uzun illər ərzində İKT-nin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq bu gün ölkəmizdə IV Sənaye inqilabının çağırışlarına cavab verən tədqiqatların aparıldığını qeyd edib. Bildirib ki, Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında imzalanan razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ölkəmizdə bu istiqamətdə atılan mühüm addımlardandır.

“Hazırda informasiya cəmiyyətinin intellektuallaşdırılmasının, IV Sənaye inqilabının əsas trendlərindən biri süni intellekt texnologiyalarıdır”, – deyən akademik bu texnologiyaların Azərbaycanda geniş tətbiq olunduğunu, əmək bazarında rəqəmsal transformasiyaların təsiri ilə yeni reallıqların yarandığını nəzərə çatdırıb.

Məruzənin sonunda alim dünya elmi ictimaiyyətinin Azərbaycanda informatika elminin meydana gəlməsi və inkişafı haqqında məlumatlandırılması ilə bağlı çıxış üçün imkan yaratdığına görə IEEE Kompüter Cəmiyyətinə və bu qurumun Azərbaycan bölməsinə, eləcə də vebinarın iştirakçılarına minnətdarlığını bildirib.

Sonda akademik Rasim Əliquliyev vebinar iştirakçılarının suallarına ətraflı cavab verib, ölkə alimlərinin beynəlxalq əməkdaşlıqda müvafiq elmi mərkəzlər və universitetlər ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: