Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.08.2022 14:42
  • A-
  • A
  • A+

Lənkəran bölgəsində abidələrin arxeoloji monitorinqi aparılıb

Lənkəran bölgəsində abidələrin arxeoloji monitorinqi aparılıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Anar Ağalarzadə və Lənkəran Regional Elmi Mərkəzin aparıcı elmi işçisi, t.ü.f.d. Samir Kərimov Lənkəran rayonunun Kosalar kəndində yerləşən (inv. №1523, XI-XIII əsrlər) eyniadlı yaşayış yerində arxeoloji monitorinq işləri aparıblar.

Monitorinqdə məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmi müraciəti əsasında abidənin hazırkı vəziyyətini müəyyən etmək, onun mühafizə zolağının mövcud parametrlərini dəqiqləşdirmək olub.

Kosalar kəndi ərazisindəki sözügedən abidə kəndin içərisində, yaşayış evlərinin arasında yerləşir. Uzun illər abidə təbii, antropogen təsirlərə ciddi şəkildə məruz qaldığı üçün onun az bir hissəsi saxlanılıb.

Abidədə aparılan arxeoloji monitorinq zamanı çox az sayda şirsiz saxsı məmulatı toplanılıb ki, bu da abidənin yaşayış yeri olmasından daha çox, onun vaxtilə inzibati bina kimi istifadə olunması ehtimalını yaradır. Həmçinin cənub-qərb tərəfdən salamat qalmış bişmiş kərpicdən enli divar qalıqları bunu deməyə əsas verir. Divarlar 25x25 sm ölçülü düzbucaqlı formalı qırmızı kərpicdən gəc məhlulu ilə bərkidilməklə inşa edilib. Salamat qalmış divarların hündürlüyü 1,2 m, eni 0,8 m, uzunluğu isə 3,8 m-dir. İlkin baxış zamanı abidənin mövcud saxlanılmış strukturu müəyyən edilməklə onun 4 tərəfdən mühafizə zonası müəyyən edilib. Abidə dəniz səviyyəsindən 8 metr hündürlükdə yerləşir.

Vaxtilə kənd sakinləri tərəfindən bu ərazidən daş üzərində oyma üsulu ilə hazırlanmış şir təsvirli əşya tapılıb və rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib. Abidəyə baxışdan ilkin olaraq onun Orta əsrlərə aid bina qalığı olması ehtimalı yaranır.

Arxeoloji monitorinq zamanı rayonun digər abidələrinə də baxış keçirilib və müvafiq qeydiyyatlar aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: