Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.08.2022 13:05
  • A-
  • A
  • A+

Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası Damcılı mağarasında tədqiqatları davam etdirir

Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası Damcılı mağarasında tədqiqatları davam etdirir

2015-ci ildə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Yaponiya - Azərbaycan birgə beynəlxalq arxeoloji ekspedisiyası təşkil olunub.

Ekspedisiya Qazax rayonu ərazisində yerləşən Damcılı mağarasında əsaslı tədqiqatlar aparır.

Damcılı mağarası 1953-cü ildə S. N. Zamyatin və M. M. Hüseynov tərəfindən qeydə alınıb və (elə o zaman) ilkin tədqiqatlar aparılıb. Bununla da ölkəmizdə paleolit dövrünün öyrənilməsinin əsası qoyulub. 1956-1957-ci illərdə mağarada arxeoloji qazıntılar M.Hüseynovun rəhbərliyi ilə davam etdirilib. Nəticədə bulağa yaxın ərazidə, mədəni təbəqədən Üst və Orta Paleolit, Mezolit, Neolit dövrlərinə aid 7 mindən artıq alət və (təsərrüfat) tullantılar, eləcə də, fauna qalıqları aşkar olunub. Lakin mədəni təbəqənin qarışıq olması, dövrlərin keçid mərhələlərini və mütləq yaşını müəyyənləşdirməyə imkan verməyib.

2016-2019-cu illərdə t.ü.f.d, dosent Azad Zeynalovun və t.ü.f.d. dosent Mansur Mansurovun rəhbərliyi ilə aparılmış tədqiqatların başlıca məqsədi regionda Neolitdən əvvəlki dövrlərdə (Paleolit və Mezolit) Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etməkdən ibarət olub. Tədqiqatlar nəticəsində 4 minə yaxın arxeoloji nümunə aşkar olunub.

2022-ci ilin avqustun 1-i tarixindən Tokio Universitetinin Daş dövrü üzrə Prof. Yoşihiro Nişiakinin rəhbərliyi ilə Yaponiyalı mütəxəsislər (Prof. Wakano, Dr. Hiroto Nakata, Dr. Takehiro Miki, Dr. Saiji Arai, Fumika Ikeyama, Şizuka Miyai, Kantaro Tanabe) və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları t.ü.f.d. Yaqub Məmmədovun rəhbərliyi ilə Azərbaycanlı mütəxəsislər (e.i. Orxan Zamanov və e.i. Ülviyyə Heydərova) tərəfindən birgə tədqiqatlar davam etdirilir. Tədqiqatlara “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da cəlb olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: