Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.08.2022 17:34
  • A-
  • A
  • A+

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gerçəkləşən gənc alimlərin yay düşərgəsi başa çatıb.

Düşərgədə 5 günlük proqrama əsasən AMEA-nın, həmçinin müxtəlif nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlər üçün təlimlər, seminarlar, intellektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil edilib.

Tədbirin təşkilində əsas məqsəd dünyada və Azərbaycanda fundamental elmin, akademik tələblərin, milli ənənələrin inkişafını gücləndirmək, gənclərin multidisiplinar inteqrasiyasını təmin etmək, fərdi, institusional və intellektual inkişafına təkan vermək, elmin tədqiqat, innovasiya, müasir mühəndislik və təhsildə rolunu müəyyənləşdirməklə əylənərək öyrənmək olub.

Yay düşərgəsində AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Demokratik Gənclər İctimai Birliyinin icraçı direktoru, Təhsil Nazirliyinin qrant layihələri üzrə təlimçisi Vəfa Vəliyeva, Təhsil Nazirliyi Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin baş mütəxəssisi Fərid Seyfullayev, Yüksək Texnologiyalar Parkının baş direktorunun müşaviri Müşviq Rəsulzadə, eləcə də AMEA-nın alim və mütəxəssislərinin praktik təlim və seminarları gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Proqrama uyğun olaraq Gənc alimlərin yay düşərgəsinin iştirakçıları Lənkəran Regional Elmi Mərkəzinə baş çəkərək, burada yetişdirilən müxtəlif çay növləri, sitrus bitkiləri, zəngin meşə genefondu ilə tanış olub, professor Fərman Quliyevin mühazirəsini dinləyiblər.

Düşərgənin sonuncu günü 44 günlük Vətən müharibəsi şəhidi Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Bağırzadə Mahsunun atası Zahir Bağırov gənclərlə görüşü təşkil edilib. Sonra gənclərin Şəhidlər xiyabanına ziyarəti baş tutub.

Gənclər, həmçinin Lənkəran rayonunun əsrarəngiz gözəlliyindən zövq almaq məqsədilə Xanbulan kəndində olublar.

Günün sonunda bağlanış mərasimi baş tutub və düşərgə müddətində gənclər arasında təşkil olunmuş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və müxtəlif hədiyələr təqdim edilib.

Sonda iştirakçılar çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən danışıb, düşərgəni yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: