Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.08.2022 15:48
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda iriçiçəkli kampsis növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri və yaşıllaşdırmada istifadəsi öyrənilib

Dendrologiya İnstitutunda iriçiçəkli kampsis növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri və yaşıllaşdırmada istifadəsi öyrənilib

Dendrologiya İnstitutunda Campsis grandiflora K.Schum. iriçiçəkli kampsis növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri, çoxaldılması və yaşıllaşdırmada istifadəsi elmi əsaslarla öyrənilib.

Tədqiqat işində canlı çəpərlərin salınmasında, şaquli və vertikal yaşıllaşdırmada  geniş istifadə olunan Biqnoniya fəsiləsinin Campsis (nargülü) cinsinə aid Campsis grandiflora K. Schum.  iriçiçəkli kampsis növünün Abşeron şəraitində çoxaldılması, dinamiki inkişafı, fenoloji inkişaf fazaları, meyvə əmələgətirmə biologiyası və yaşıllaşdırmada istifadəsinin elmi əsaslarla öyrənilməsi qarşıya məqsəd qoyulub.

Respublikamızda Nargülü cinsinin iki növü mədəni şəraitdə becərilir, lakin onların  bioekoloji xüsusiyyətlərinin, iqlim amillərinə davamlılığının öyrənilməməsi nəticəsində,  bəzən müəyyən müddətdən sonra məhv olur, bu da yaşıllaşdırmada geniş istifadəsinə imkan vermir.  

İriçiçəkli kampsis növünün Abşeron şəraitində toxumla, qələmlə, zoğlarla çoxaldılması, fenoloji inkişaf fazaları, dinamiki inkişafının öyrənilməsi istiqamətində tədqiqat işi aparılıb.

Tədqiqatın gedişatında yaşlı nüsxələr üzrə aparılmış müşahidələrdə məlum olub ki, iriçiçəkli nargülü növü yaşıl qələmlərlə, zoğlarla və toxumlarla çoxaldılmada 3-cü ildə çiçəkləyirlər. Bu onu göstərirki, Abşeron şəraitində iriçiçəkli nargülü növünün yaşıl qələmlərlə, zoğlarla çoxaldılması, toxumla çoxaldılmadan daha məqsədyönlüdür.

Qeyd etmək lazımdır ki, növün toxumlarla çoxaldılması adətən vegetativ çoxaldılma çətin olduqda istifadə olunur, lakin aparılmış tədqiqat işində hər üç üsuldan istifadə onu göstərir ki, bu növün Abşeronda çoxaldılması məqsədyönlüdür.

Tədqiq olunan növün ontogenezində çiçəkləmə fazasına daxil olan dövr mühüm əhəmiyyət kəsb edir, çünki bu introduksiyanın nailiyyətini təyin edən əsas amildir. Qeyd etmək lazımdır ki, introduksiya olunan növün çiçəkləmə fazasına daxil olması, bitkinin inkişafını göstərən  əsas meyarlardan biridir. İlk çiçəkləmə müddəti eyni zamanda Abşeronun  iqlim xüsusiyyətləri ilə də izah olunur.

Yaşıllaşdırmada dekorativ xüsusiyyətlərinə görə sarmaşan bitki kimi hasarların, canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Tekoma cinsinə aid iriçiçəkli kampsisin (Campsis grandiflora) növünün Abşeron şəraitində toxumla, qələmlə, kök pöhrələri ilə çoxaldılması, dinamiki inkişafı, fenoloji inkişaf fazaları, meyvə əmələ gətirmə biologiyası və yaşıllaşdırmada istifadəsi Dendrologiya İnstitutunun təcrübə sahəsində öyrənilib. Sahələrdə tekoma cinsinə aid iriçiçəkli kampsis (campsis grandiflora) növünün toxumları yazda və payızda səpilib. Yazda səpilmiş toxumlardan 51 %, payızda səpilmiş toxumlardan isə 70-87% cücərti alınıb. Tədqiqat işində iriçiçəkli kampsisin (campsis grandiflora) növü Abşeron şəraitinə uyğunlaşdırılıb, parkların, bağların yaşıllaşdırmasında, şaquli əkinlərdə, canlı çəpərlərin salınmasında istifadəsi tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: