Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2015 12:04
  • A-
  • A
  • A+

Radon qazının sağlamlığa mənfi təsir edə bilən riskinin azadılması istiqamətində tədqiqatlar aparılır

Radon qazının sağlamlığa mənfi təsir edə bilən riskinin azadılması istiqamətində tədqiqatlar aparılır

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən ölkədə radon qazının sağlamlığa mənfi təsir edə bilən riskinin azadılması istiqamətində tədqiqatlar aparılır. Araşdırmalarda Avropa təcrübəsini tətbiq etmək məqsədi ilə institutun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyevlə Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev İsveçrənin Luqano şəhərində yerləşən Tətbiqi Elmlər Universitetində (TEU) olublar.

Almaniya və Avstriya alimlərinin də iştirak etdiyi görüşdə tərəflər radon qazı ilə mübarizə istiqamətində təcrübələrini bölüşüblər. Müştərək tədqiqat imkanları müzakirə olunub, görülə biləcək konkret işlər müəyyənləşdirilib. Görüş iştirakçılarına müvafiq metodik vəsaitlər, o cümlədən radona qarşı mübarizədə yeni yanaşmaları əks etdirən nəşrlər təqdim olunub.

GGİ-nin əməkdaşları İsveçrə səfərindən sonra Polşa Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda təşkil olunmuş “Radon ətraf mühitdə 2015” adlı beynəlxalq konfransda iştirak ediblər. Krakov şəhərində keçirilmiş beşgünlük tədbirdə Rusiya, Macarıstan, Avstriya, Fransa, İtaliya, Çin və s. ölkələr təmsil olunub. Planetin müxtəlif yerlərində radon təhlükəsi ilə bağlı araşdırmaların nəticələri və yeni tədqiqat imkanlarına dair 65 elmi məruzə dinlənilib. Ç.Əliyev və Ə.Feyzullayevin birgə təqdim etdikləri “Azərbaycandakı tikililərdə və ətraf mühitdə radonun paylanma qanunauyğunluqları” adlı məruzə maraqla qarşılanıb.

Xatırladaq ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. GGİ ölkə ərazisində radonun paylanmasının tədqiqinə TEU-nun alimləri ilə birgə 2010-cu ildə başlayıb. İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə aparılmış tədqiqatlar nəticəsində “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub. Radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib.

Ç.Əliyev qeyd edir ki, radon riskli zonaların müəyyənləşdirilməsində xarici təcrübənin öyrənilməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulan vəzifələrdəndir. Proqramın icrasında GGİ ilə birgə respublikanın Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları da iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: