Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.08.2022 10:38
  • A-
  • A
  • A+

Qazax Milli Universitetinin alimi Əlyazmalar İnstitutunun qonağı olub

Qazax Milli Universitetinin alimi Əlyazmalar İnstitutunun qonağı olub

Əl-Fərabi adına Qazax Milli Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, həmin universitetin nəzdində fəaliyyət göstərən Mədəni irs və əlyazmalar fondunun sədri, f.ü.f.d. Zübeydə Şafkan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Görüşdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, sözügedən müəssisənin icraçı direktoru, f.e.d. Paşa Kərimov, elmi katib, f.ü.f.d., dosent Əzizağa Nəcəfov, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, f.e.d. Aygül Hacıyeva, institutun əməkdaşları fil.ü.f.d., dosent Aybəniz Rəhimova, f.ü.f.d., dosent Nəzakət Məmmədli və Tahirə Əliyeva iştirak ediblər.

Görüş zamanı akademik Teymur Kərimli qonağa institutda görülən işlər barədə məlumat verib, gələcək birgə əməkdaşlıq layihələri müzakirə olunub.

Zübeydə Şafkan öz növbəsində təmsil etdiyi elmi müəssisədə yaradılmış əlyazmalar mərkəzinin qurulması və işinin təşkili zamanı dünyanın aparıcı əlyazma mərkəzləri ilə yanaşı, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təcrübəsini də əsas götürdüklərini vurğulayıb. Qonaq öz araşdırmaları barədə məlumat verib və bildirib ki, hazırda Azərbaycan dilində qələmə alınan unikal yazılı folklor abidəsi “Rüstemnameyi-türki” əlyazmasının üzərində tədqiqat aparır. Bakıya gəlişinin də əsas səbəblərindən biri həmin əsərin əlyazma nüsxələri haqqında ətraflı məlumat toplamaqdır.

Daha sonra alim institutun Ekspozisiya zalında nümayiş edilən nadir eksponatlar, əlyazma nüsxələri ilə tanış olub. İnstitutun elmi katibi, f.ü.f.d., dosent Əzizağa Nəcəfov binanın tarixi, burada mühafizə olunan yazılı abidələr, aparılan elmi tədqiqat işləri haqqında qonağa məlumat verib.

Sonda Zübeydə Şafkana Əlyazmalar İnstitutunun son nəşrlərindən bir neçəsi hədiyyə olunub və xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: