Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.05.2025 10:25
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda “Sabahın Alimləri” respublika müsabiqəsində qızıl medal qazanan şagirdlərlə görüş keçirilib

Biofizika İnstitutunda “Sabahın Alimləri” respublika müsabiqəsində qızıl medal qazanan şagirdlərlə görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Sabahın Alimləri” respublika müsabiqəsində qızıl medal qazanan şagirdlərlə görüş keçirilib.

Görüşdə Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov, institutun bir sıra əməkdaşları, eləcə də Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, qalib gələn X sinif şagirdləri - Leyla Əlizadə və Gülay Quluzadə iştirak ediblər.

Tədbiri açan professor Oktay Qasımov qonaqları salamlayaraq bildirib ki, bu cür uğurlar Azərbaycan elminin gələcəyi baxımından olduqca sevindiricidir. Milli Qəhrəman Mübariz İbrahimov adına kompleksin adından çıxış edərək birincilik qazanmanız böyük məsuliyyət və eyni zamanda qürurverici haldır. Alim vurğulayıb ki, əsas məsələ daim irəliləmək, elmə marağı artırmaq və istiqaməti düzgün seçməkdir.

Tədbirdə çıxış edən “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasının müdiri, b.ü.f.d., dosent Sevinc Cəfərova və t.ü.f.d. Azad Əbdürahimov şagirdləri təbrik edərək öz ürək sözlərini bölüşüblər.

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov çıxış edərək institutun alimlərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Sabahın Alimləri” Respublika Müsabiqəsində qızıl medal qazanan iki komanda ABŞ-da keçiriləcək “Regeneron ISEF” (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsinə vəsiqə qazanıb. Həmin komandaların tərkibində Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin X sinif şagirdləri Əlizadə Leyla və Quluzadə Gülay da yer alır. Onlar Biofizika İnstitutunun “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasında b.ü.f.d., dos. Sevinc Cəfərovanın rəhbərliyi ilə “İnsulin rezistentliyi fonunda Metformin, Sulfonil sidik cövhəri və Galega Officinalisin eritrositlərdə baş verən oksidativ proseslərin inkişafına təsirinin tədqiqi” mövzusunda layihə hazırlamış və Tibb və sağlamlıq nominasiyası üzrə I yerə layiq görülərək qızıl medalla təltif olunmuşlar.

Sonda Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova və “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasının müdiri, b.ü.f.d., dos. Sevinc Cəfərovaya dərin təşəkkürünü bildirərək onlara rəsmi təşəkkürnamə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: