Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Böyük elm fədaisi, ictimai xadim
05.09.2022 10:20
  • A-
  • A
  • A+

Böyük elm fədaisi, ictimai xadim

Azərbaycanda seysmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasında böyük xidmətləri olan AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qurban Yetirmişli ömür yolunu şərəflə yaşamış, yorulmaz əməyi, böyük zəhməti ilə Azərbaycan elminin inkişafına töhfələr vermiş, hər zaman xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, səmimiyyət kimi ali insani keyfiyyətləri ilə seçilmişdir.

Qurban Cəlal oğlu Yetirmişli 1952-ci il sentyabrın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1969-cu ildə 1 saylı Marneuli şəhər orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) geologiya fakültəsinə daxil olub və 1974-cü ildə Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı fakültəsini müvəffəqiyyətlə bitirərək mühəndis-geoloq ixtisasına yiyələnib.

Qurban Yetirmişli əmək fəaliyyətinə 1975-ci ildən AMEA-nın Geologiya İnstitutunda baş laborant vəzifəsindən başlayaraq, ardıcıl olaraq 1977-1978-ci illərdə "Geofiziki cihazqayırma" XKB mühəndis, 1978-1980-ci illərdə baş mühəndis vəzifələrində çalışıb. 1978-1979-cu illərdə Azərbaycan EA Rəyasət Heyəti tərəfindən Moskva İdarəetmə İnstitutuna kadrların hazırlanması fakültəsinə göndərilib, "Elmin regionlarda idarə edilməsi və iqtisadiyyatın proqnozlaşdırılması" ixtisası üzrə diplom alaraq eyni zamanda 1979-cu ildə həmin institutun "Regionların təşkili və idarəetməsi" ixtisası üzrə xüsusi əyani fakültəsini bitirib.

Qurban Yetirmişli Azərbaycanda seysmologiya sahəsində tədqiqatların aparılmasında böyük əməyi olan alimdir. Həyatının 40 ildən artıq bir dövrü demək olar ki, bu sahəyə həsr olunub. 1980-1999-cu illərdə Azərbaycan EA-nın Təcrübi-Metodiki Geofiziki Ekspedisiyasının (AMEA nəzdində RSXM) rəis müavini, 2000-2008-ci illərdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində baş direktorun 1-ci müavini işləyən, 2008-ci ildən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunan professor Qurban Yetirmişli inzibati idarəçiliklə paralel olaraq, elmi fəaliyyətini də davam etdirib. Dəyərli alim 2000-ci ildə "Aşağı Kür çökəkliyində seysmo-geodinamik şəraiti və kəsilişlərdə neft və qaz yataqlarının paylanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək "geologiya-mineralogiya" üzrə fəlsəfə doktoru alimlik dərəcəsini, 2004-cü ildə dosent elmi adını alıb.

Onun elmi fəaliyyətinin əsas istiqaməti seysmologiyanın, seysmotomoqrafiyanın, geodinamikanın, zəlzələ proqnozunun problemləri, seysmikliyin neft-qaz əmələ gəlməsinə müsbət təsiri, dərinlikdə (8-15 km) neft-qaz yataqlarının əmələgəlmə şəraitinin və palçıq vulkanlarının aktivliyinə seysmikliyin təsirinin öyrənilməsinə yönəlib. O, Azərbaycan ərazisinin seysmik rayonlaşdırılması və respublikanın iri şəhərlərinin mikrorayonlaşdırılması üzrə işlərin təşkilatçısıdır. Bu işlərin bir çoxu müxtəlif illərdə ən mühüm elmi nəticələr sırasında öz layiqli yerini tutub. Belə ki, Qurban Yetirmişli 2010-cu ildə "Cənubi Xəzər çökəkliyinin seysmikliyi (Azərbaycan sektoru)" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru dərəcəsini, 2018-ci ildə professor elmi adını alıb. O, 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.

Qurban Yetirmişli Azərbaycanın geodinamik, seysmoaktiv şəraiti mürəkkəb olan zonalarında, Yerin dərin qatlarında neft-qazlılığın qiymətləndirilməsi və perspektivliyi haqqında (Aşağı Kür çökəkliyi) bir sıra elmi-nəzəri işlər aparıb. 201 elmi məqalənin müəllifidir. Onlardan 94 elmi əsər xaricdə nəşr olunan beynəlxalq jurnallarda çap olunub. O, 6 monoqrafiyanın müəllifi, "Geofizika cildi" kitabının həmmüəllifidir.

Alimin təşəbbüsü ilə ilk dəfə Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyininin dəqiqliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən Yer qabığının sürət modeli tərtib olunub. İlk dəfə olaraq elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılıb.

Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək əraziləri müəyyən edilmişdir və bu, həmin zonalarda seysmik aktivliyin inkişafını izləməyə imkan verir.

Qurban Yetirmişlinin rəhbərliyi ilə ilk dəfə Azərbaycan seysmotelemetrik stansiyaların vasitəsilə Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürmənin davamlılığı, dərinliyi və ayrılan enerjisi təyin edilib.

Azərbaycan seysmotelemetrik stansiyalarının məlumatları əsasında, ocaq mexanizmlərinin məlumat bazası yaranıb və respublika ərazisinin fərdi seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyyətləri müəyyən olunub.

Professor Qurban Yetirmişlinin Azərbaycan ərazisində yaradılmış unikal monitorinq sisteminin və alınan məlumatlar əsasında silsilə elmi məqalələri dünyanın bir sıra nüfuzlu elmi jurnallarında öz əksini tapıb. Azərbaycan ərazisinin geodinamik şəraiti və seysmikliyinə aid problemlə əlaqədar aparılan tədqiqatlar dünya alimləri tərəfindən yüksək qiymətləndirilib və onlara 1000-ə yaxın istinad var. Bu da Azərbaycan elminin dünya elminə inteqrasiyasına, imicinin yüksəlməsinə, Azərbaycan alimlərinin nailiyyətlərinin xaricdə təbliğ olunmasına imkan yaradıb.

Qurban Yetirmişli "Azərbaycan ərazisində güclü zəlzələ episentrlərin xəritəsi (427-2018-ci illər)", "Azərbaycan Respublikası ərazisində məlum güclü zəlzələlərin pleystoseyst zonaları xəritəsi"nin, "Azərbaycan Respublikası ərazisində güclü zəlzələlərin başvermə ehtimalı xəritəsi"nin redaktoru, "Xəbərlər" (Yer Elmləri seriyası), Rusiya Elmlər Akademiyası Ural bölməsinin Orenburq Elmi Mərkəzinin "Bölleten Orenburqskoqo nauçnoqo üentra UrO RAN", "Qeoloqiə i qeofizika Öqa Rossii", "Zemletrəseniə Severnoy Evrazii", "Rossiyskiy seysmoloqiçeskiy jurnal", Özbəkistan Respublikasının "Voprosı seysmoloqii", Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəsmi nəşri olan "Türk Deprem Araşdırma Dərgisi" elmi nəşrlərinin redaksiya heyətinin üzvüdür.

Qurban Yetirmişli dünyanın bir sıra qabaqcıl elmi mərkəzləri ilə əməkdaşlıq edir. Tanınmış alim 25-dən artıq ölkədə konfranslarda elmi məruzələrlə çıxış edib.

Qurban Yetirmişli həmçinin bir sıra beynəlxalq qrant layihələrinin rəhbəri olub.

Alimin yüksəkixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Onun rəhbərliyi altında 4 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmış, hazırda 6 fəlsəfə doktoru elmi dərəcəsinə namizədin elmi rəhbəri və 7 elmlər doktorunun elmi məsləhətçisidir.

Qurban Yetirmişli rəhbərlik etdiyi Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi potensialının və avadanlıq bazasının inkişafı üçün böyük işlər görüb. Alimin bilavasitə rəhbərliyi altında kompleks seysmoloji-geofiziki tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ilə qədər 14 rəqəmsal stansiyadan ibarət olan seysmoloji müşahidə sistemi genişləndirilərək 84 rəqəmsal stansiyadan ibarət unikal monitorinq sisteminə çevrilib. Bundan başqa, ABŞ-ın "Trimble" şirkəti tərəfindən istehsal olunan cihazlarla təchiz olunmuş 24 yeni GPS, 25 Tiltimetr, 9 maqniometrik, 4 qravimetrik və 6 seysmogeokimyəvi stansiyaları qurulub, iki poliqon üzrə 200 nöqtədə geofiziki tədqiqatlar aparılır.

Qeyd edim ki, RSMX AMEA-nın tabeliyində olan ən çevik və fəal işləyən qurumlardan biridir. Qurban Yetirmişlinin təşkilata rəhbərliyi nəticəsində 2003-cü ildən başlayaraq milli seysmik monitorinq şəbəkəsinin fəaliyyətinə görə Azərbaycan nəinki keçmiş postsovet ölkələri, Yaxın Şərqdə də liderdir. Dünyanın aparıcı seysmoloji təşkilatları və universitetləri Mərkəzlə yaxından əməkdaşlıq edir.

Yeni stansiyaların quraşdırılması ölkə ərazisində aparılan seysmik monitorinq, seysmotomoqrafiya işləri, Yerin dərinlik quruluşunun öyrənilməsində, Yer təkində gedən proseslərin öyrənilməsi və bu sahədə elmi tədqiqatların keyfiyyətinin yüksəlməsinə imkan vermişdir. 2023-cü ildən etibarən işğaldan azad olunmuş rayonlarda, Qarabağda daha 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub.

Qurban Yetirmişlinin rəhbərliyi altında RSMX-da həyata keçirilən sürüşmə proseslərinin dinamikasına seysmikliyin təsiri mövzusunda tədqiqat işi dünyanın 18 ölkəsindən 160 təşkilatın iştirak etdiyi Moskva şəhərində keçirilən "ECO World-2018" Beynəlxalq Ekologiya müsabiqəsində 1-ci dərəcəli mükafata layiq görülüb.

Dəyərli alimin elmi və elmi-təşkilati fəaliyyəti daim yüksək qiymətləndirilib. O, 2003-cü ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanını alıb.

2005-ci ildə Azərbaycanda elmi sahədəki aktiv fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

2015-ci ildə səmərəli elmi fəaliyyətinə və Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 2016-cı ildə "Şərəfli ömür" Fəxri Diplomunu alıb.

Bütün bu sadalananlar bir alimin illər boyu çəkdiyi yorulmaz zəhməti nəticəsində əldə olunmuş uğurlardır. Hər yaşı ömrünün bir baharı kimi yaşayan alimin 70 yaşında da uğurları davam edir. 70 illik yubileyi ərəfəsində dəyərli alim, gözəl insan Qurban Yetirmişlini AMEA-nın əməkdaşları adından ürəkdən təbrik edirəm!

Arif HƏŞİMOV, AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik

“Respublika” qəzeti

  • Paylaş: