Xarı bülbül sözün bütün mənalarında bənzərsizlik üçün yaranıb. Real varlıq olsa da, əfsanələşmiş ömür sürən tək-tük canlılardandır. Milyonlarla bitkilər içərisindən məhz o, Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzinə və zəfər simvoluna çevrildi. Qəbul edilmiş rəmzi nişanı da vardır.
20 Yanvar faciəsindən sonra qərənfil də azərbaycanlılar üçün xüsusiləşdi, amma xarı bülbülün hekayəsi bir başqadır. Ən maraqlısı odur ki, bitki haqqında alimlər də söz açanda onun əfsanələşmiş tarixçəsindən yan keçə bilmirlər.
AMEA-nın “Elm və həyat” jurnalının 1965-ci ilin martında çap olunan üçüncü nömrəsində Validə Tutayuqun “Xarı bülbül” (səh. 5) məqaləsi nəşr olunub. Məqalənin müəllifi akademik Validə Tutayuq Şuşada doğulmuş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadındır.
Məqalə son dərəcə poetik cümlələrlə başlayır. Bu poetikliyin içərisində təbiətin sözlə mükəmməl ifadəsi nəzərdən qaçmır. Ümumiyyətlə, məqalənin dilində elmi məlumatın bədii fonda, lakonik təqdimi diqqəti cəlb edir. Məqalədə Xarı bülbüldən həm əfsanəvi, həm də real bitki kimi söz açılır.
İlk abzasda müəllif təbiətdəki bənzəyişlərdən bəhs edir. Mimikriya (yamsılama) adı verilən bu təbii qanunauyğunluğun əsasında yaşamaq uğrunda mübarizə dayandığını vurğulayır. Bu giriş məqalənin sonrakı bütün məzmununu ehtiva edir.
Müəllif xarı bülbülün məskən saldığı yeri incəliklərinə qədər təqdim edir: “Respublikamızın gözəl dağ yerlərindən biri olan Şuşa ətrafında, qayalıqlar arasında çox maraqlı bir qaş səhləbi vardır. Bu xarı bülbüldür. Onun çiçəyinin quruluşu maraqlıdır. Təbiət sanki onda nə isə bir sirr gizlətmişdir... Qaya dibində bitən ağçiçəkli həmərsinin ən sevimli sirdaşı – xarı bülbül bu kola pənah gətirmişdir...” Bu sitatlarda Xarı bülbülün ünvanı (Şuşa) və daimi yaşayış yeri (həmərsin kolunun dibi) haqqında bilgilər də verilib.
Harada və necə yaşadığı təqdim etdildikdən sonra xarı bülbülün əfsanəvi tarixçəsi nəql edilir: “Bu çiçək kiçik bir “bülbülün” tırtıl tərəfindən əsir edilməsini tərənnüm edir. Çiçəyin yuxarı hissəsi bülbülü, aşağı hissəsi isə tırtılı xatırladır. Bitki aləminin nümayəndəsinin heyvanat aləminin nümayəndəsini belə kəskin təqlid etməsi qəribə təbiət hadisələrindəndir. Çiçəyə diqqətlə baxsanız, görərsiniz ki, şabalıdı – məxməri rəngdə olan zərif ağnaxışlı “tırtıl” çox zərif, kiçik və olduqca gözəl bir “bülbülün” sinəsindən yapışmışdır. “Bülbül” arxası üzərində çırpınan kimi görünür. Onun kiçik qanadları acizanə açılmışdır. Sarı dimdikli başçığını yaşıla çalan iki göz bəzəyir: “Tırtıl” ağzı ilə “bülbülün” döşündən elə möhkəm yapışmışdır ki, “bülbülün” bu qəddar “düşməndən” azad olması ancaq onun zəkasının gücü ilə ola bilər. Bu kiçik əfsanəyə görə, el arasında bu bitkiyə xarı bülbül deyilir”.
Əfsanənin şərhindən sonra müəllif bitkiyə nəbatatın gözü ilə baxır: “Xarı bülbül səhləblərin (orxideyaların) nümayəndəsidir... Xarı bülbül qaş səhləblərdəndir. Digər səhləblərdə olduğu kimi, bunun da kök yumrusu var, çoxillik bitkidir. Xarı bülbülün çiçəyi çarpaz tozlanmaya uyğunlaşmış və olduqca maraqlı quruluşa malikdir...” Müəllif bitkinin əfsanəvi təsvirini dolğun verdiyi kimi, onun bioloji quruluşunun da tam təsvirini canlandırı. Çiçəyin bütün hissələrinin təqdimatından sonra - “Xarı bülbülün çiçəyindəki gözəllik də əsasən çarpaz tozlanmanın gedişinə uyğunlaşmış bir quruluşdur” - qənaətini bölüşür.
Biologiya mütəxəssisi olan alim məqaləsini bədii təxəyyülün köməyi ilə tamamlayır: “Xarı bülbül özünə etibarlı sirdaş tapmışdır. Deyirlər ki, həmərsin kolu (yabanı qızılgül) bülbülün əsil sevgilisidir. Onu axtarıb tapın, ancaq dərməyin. Qoyun xarı bülbülün nəsli artsın!”
Gülnar SƏMA, AMEA-nın Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.