Məlum olduğu kimi, ölkə Prezidentinin Sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib. Kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud olan problemlərin həllinə elmi yanaşmanı təmin etmək, kənd təsərrüfatının inkişafına elmin təsirini gücləndirmək, müasir tələblərə uyğun innovativ layihələri həyata keçirmək, aqrar sahədə ixrac potensialının artırılmasını təmin etmək məqsədilə AMEA tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülən işlərdən biri də AMEA-nın dayaq məntəqələri ərazisində yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir.
İyunun 11-də AMEA Rəyasət Heyəti, akademiyanın İşlər idarəsinin əməkdaşları və müvafiq sahə üzrə mütəxəssislərdən ibarət nümayəndə heyəti Kürdəmir rayonu ərazisində 50 hektar sahədə becərilmiş buğda zəmilərinə baxış keçiriblər. Taxıl yığımının başlanılması ilə əlaqədar yetişdirilmiş məhsulun vaxtında və itkisiz toplanmasının təmin edilməsi məqsədilə müxtəlif tədbirlər görülüb. Zəruri aqrotexniki qaydalara əməl olunmaqla becərilmiş sahədə hər hektardan 30-35 sentner məhsul əldə olunması gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir