Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.09.2022 11:37
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda yeni qəbul olunan magistrantlarla görüş keçirilib

Aşqarlar Kimyası İnstitutunda yeni qəbul olunan magistrantlarla görüş keçirilib

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna 2022/2024-cü tədris ili üzrə qəbul olan I kurs magistrantlarla görüş keçirilib.

Əvvəlcə iclas iştirakçıları 12-13 sentyabr 2022-ci il tarixlərində erməni silahlı birləşmələrin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri geniş təxribatların qarşısını alarkən şəhid olan igid əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxş edən institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, elmlə təhsilin inteqrasiyasının ən mühüm istiqamətlərindən biri də elmi tədqiqat müəssisələrində magistr hazırlığıdır. Onun sözlərinə görə, digər elmi institutlar kimi Aşqarlar Kimyası İnstitutunda da  2016-cı ildən magistr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir: “Magistr hazırlığını böyük elmin astanası hesab etmək olar. Çünki bu hazırlıq üzrə magistrantlar elmi tədqiqat vərdişlərinə yiyələnir, elmin sirlərini öyrənməyə başlayırlar”.

V.Fərzəliyev qeyd edib ki, elmi tədqiqat institutlarında magistrantlar bilavasitə elmi tədqiqat laboratoriyaları ilə birbaşa təmasda olur, sintez üsulları, müasir fiziki-kimyəvi analiz üsullarını mənimsəyirlər: “Doktoranturada artıq onlar sərbəst təcrübə aparıb qarşılarına qoyulan elmi problemlərin həlli ilə müstəqil məşğul ola bilirlər”.

O, rəhbərlik etdiyi institutda gənclər üçün geniş imkanların açıldığını, magistrantların davamlı bilik qazanmaları üçün hər cür şəraitin yaradıldığını deyib, yeni qəbul olunan magistrantlara bu imkanlardan yararlanmağı tövsiyə edib.

İnstitutun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev indiyə qədər Aşqarlar Kimyası İnstitutunda magistraturanı bitirən tələbələrin hamısının bu elmi tədqiqat müəssisəsində qalıb müxtəlif vəzifələrdə işlədiyini, onların bir çoxunun artıq doktorantura pilləsində elmi araşdırmalarını davam etdirdiyini bildirib. O, magistrantların elmi rəhbərlərinə magistrlərə dissertasiya mövzusu verilərkən olduqca aktual mövzulara müraciət olunmasını və gələcəkdə həmin mövzuda araşdırmanın elmin sonrakı pillələrində davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Ə.Sucayev institutda gənclərin, o cümlədən magistrantların elmə həvəsləndirilməsi kimi tədbirlərin daha da genişləndiriləcəyini söyləyib.

Görüşdə müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova və aparıcı elmi işçi, k.ü.f.d. Nüsrət Əliyev çıxış edərək magistrantlara öz tövsiyələrini veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: