Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.09.2022 11:00
  • A-
  • A
  • A+

MEK ilə Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb

MEK ilə Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə təcrübə mübadiləsi üçün Bakıda səfərdə olan Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev və mərkəzin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed Mərkəzi Elmi Kitabxananın (MEK) qonağı olub.

Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva iştirak ediblər.

Öncə MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqlara kitabxananın fəaliyyət istiqaməti, iş prinsipləri haqqında ətraflı məlumat verərək kitabxana ilə yaxından tanış edib. Tanışlıq zamanı sərgi salonuna, 15 akademikin büstlərindən ibarət qalereyaya, Nadir kitablar və qiymətli nəşrlər fonduna, eləcə də kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fonduna baxış keçirilib, fondun yaradılmasının məqsədi və fəaliyyəti haqqında ətraflı məlumatlandırılıblar.

Dəyirmi masa ətrafında davam edən görüşdə baş direktor Məmməd Əliyev irəlidə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi ilə əməkdaşlığına böyük ümidlərlə yanaşdığını qeyd edib. Bildirib ki, istər mədəni, istər elmi sahələrdə müxtəlif səpkili layihələrin keçirilməsi hər iki ölkənin əlaqələrinin inkişafına töhfə verəcək. Çıxışı zamanı professor Məmməd Əliyev Özbəkistan kitabxanaları ilə kitabxanalararası mübadilə və bu istiqamətdə geniş əməkdaşlıq məsələlərini diqqətə çatdırıb. Vurğulanıb ki, Əlişir Nəvai adına Özbəkistan Respublikası Milli Kitabxanası ilə kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsi oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracaq.

Görüşdən məmnunluğunu ifadə edən Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev MEK-də yaradılan şəraiti yüksək qiymətləndirib. Mərkəzin direktoru, həmçinin bugünkü görüşdə səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün möhkəm zəmin yarandığını qeyd edib.

Daha sonra hər iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sonda qonaqlara MEK tərəfindən dəyərli nəşrlər təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: