Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.09.2022 10:30
  • A-
  • A
  • A+

Sinqapurda çalışan azərbaycanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi fəaliyyəti ilə tanış olub

Sinqapurda çalışan azərbaycanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi fəaliyyəti ilə tanış olub

Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun tədqiqatçı alimi, Dr. Nailə Omar Xəyyam Əliyeva Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu (MBBİ) ziyarət edib, müəssisənin laboratoriyaları və burada aparılan elmi tədqiqat işləri ilə tanış olub.

İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova  müəssisənin tarixi, əsas fəaliyyət istiqamətləri və burada aparılan elmi tədqiqat işləri, əldə edilən mühüm nəticələr barədə məlumat verərək bildirib ki, müəssisənin maddi-texniki bazasının təşkilində, tədqiqat istiqamətlərinin müəyyənləşməsində və kadr potensialının zənginləşməsində akademik Cəlal Əliyevin mühüm xidmətləri olub. Müəssisə əməkdaşlarının əsas hissəsinin gənclərdən ibarət olduğunu bildirən alim hazırda MBBİ-də magistrant və doktorantların hazırlanması, Fransa, Böyük Britaniya, Belçika, İtaliya, Almaniya, Cənubi Koreya, Türkiyə və digər aparıcı ölkələrin elm mərkəzlərində təcrübəyə cəlb edilməsi istiqamətində sistemli addımların atıldığını söyləyib. O vurğulayıb ki, tanınmış xarici elm mərkəzlərində çalışan azərbaycanlı alimlərlə, o cümlədən Nailə Əliyeva ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası yolunda əhəmiyyətli nailiyyətlər qazanmağa imkan yaradır.

İnstitutda yerinə yetirilən tədqiqat işlərindən məmnun qalan Nailə Əliyeva dəvətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan diasporunun bütün nümayəndələri kimi, o da vətənində baş verən mühüm hadisələrlə, elmin inkişafı, təhsilin səviyyəsi ilə dərindən maraqlanır, təhsilə və elmə gənclərin, xüsusən də qızların cəlb edilməsi məsələsini dəstəkləyir.

Qeyd edək ki, Nailə Əliyeva 1992-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, 1999-cu ildə N.N.Bloxin adına Xərçəng Elmi Tədqiqat Mərkəzində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi tədqiqatlarını Moskva Dövlət Universitetində, ABŞ-ın Florida və Texas universitetlərində davam etdirib. Hazırda alim Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunda regenerasiya və funksional bərpa proseslərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: