Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.09.2022 10:54
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə əlaqədar kollektiv qarşısında duran vəzifələr, 2022-ci ildə elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, II kurs magistrantların 20.09.2022-ci il tarixində keçirilmiş attestasiyasının nəticələrinin təsdiqi haqqında məsələlər daxil edilib.

İclası açıq elan edən institutun baş direktoru, akademik Dilqəm Tağıyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanla bağlı qeyd edib ki, Fərman elm və təhsilin vəhdət olaraq inkişafında, xüsusilə hər iki sahənin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsində, eyni zamanda Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətlənməsində mühüm rol oynayacaq. Bu da intellektual potensialın yüksəlməsinə, müstəqil Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə öz müsbət təsirini göstərəcək. Bu Fərman Elm və Təhsil Nazirliyində çalışan bütün əməkdaşların, o cümlədən institutumuzun əməkdaşlarının, Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün səyləri birləşdirməyi tələb edir.

Sənəddə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə mühüm struktur dəyişiklikləri də yer alıb. Fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib. Nazirliyin nəzdində Elm və Ali Təhsil, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentlikləri yaradılıb. Elm və Təhsil Nazirliyinin yaradılması elm və təhsilin inteqrasiyası baxımından atılmış islahatyönümlü çox mühüm bir addımdır. Ali təhsillə elmin birgə inteqrasiyası, bunun real zəmin əsasında olması, Azərbaycan elminin və ali təhsilin inkişafına xidmət göstərəcək. Elm və təhsilin inteqrasiyası zamanın tələbidir. Belə ki, təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətə davamlılığını şərtləndirən mühüm amillərdən biridir. Dövlətlər təkcə xidmət sahələri və istehsal etdiyi məhsullarla deyil, eyni zamanda elm və təhsil sistemləri ilə də rəqabət aparırlar. Hazırda dünyada rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında dövlətlər təbii sərvətlərindən çox, intellektual potensiallarına güvənirlər. Dünya miqyasındakı dəyişikliklərin sürətlə getdiyi hazırkı dövrdə hər bir ölkənin, cəmiyyətin yüksək təhsilli, innovasion təfəkkürlü mütəxəssislərə, elmi işçilərə daha böyük ehtiyacı var. Akademik bildirib ki, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivədəki prioritetlərə çatmaq üçün elmi müəssisələr və universitetlər birgə olaraq həm tədqiqat işləri aparmalı, həm də müasir dövrün tələblərinə cavab verən vacib istiqamətlər üzrə kadrlar yetişdirməlidirlər. Həmin proqramda həmçinin beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının artırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi də nəzərdə tutulub. Qeyd etmək yerinə düşər ki, bu məsələdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Elmlər Akademiyası və təhsil müəssisələri arasında yaxşı pillələrdədir.

Eyni zamanda adı çəkilən dövlət proqramında “Yaşıl enerji” məkanının yaradılması əsas hədəflərdən biridir. Burada əsas məqsəd elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Bunun həyata keçirilməsində kimyaçıların üzərinə böyük iş düşür. Buna görə də institutun 2023-2025-ci illər üçün elmi tədqiqat işləri planlaşdırılarkən yaşıllaşma və karbonsuzlaşma (“aşağı karbonlu inkişaf”), bərpa olunan enerji, hidrogen istehsalı və akkumliyasiyası, kimya məhsullarının idxalının yerli istehsalla əvəzlənməsi, yeni innovasiyalar və ixrac kimi prioritet istiqamətlər nəzərə alınmalıdır.

Sonra akademik doktorantura və dissertanturaya qəbul olunanlar haqqında məlumat verərək bildirib ki, bu il institutun doktorantura və dissertanturasına elmlər doktoru pilləsi üzrə 4, fəlsəfə doktorluğu pilləsi üzrə isə 9 nəfər qəbul olunub. Qəbul olunan doktorantların elmi rəhbərləri və dissertasiya işlərinin mövzuları müzakirələrdən sonra təsdiqlənib.

İclasda institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı II kurs magistrantların keçirilmiş attestasiyasının nəticələri barəsində şura üzvlərini məlumatlandırıb.

Müzakirələrdən sonra magistrantların attestasiyasının nəticələri təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: