Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası tərəfindən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar maraqlı nəticələr verməkdədir.
2025-ci il iyunun 2-dən etibarən davam edən qazıntılar nəticəsində XIV əsrə aid şirli və şirsiz keramika nümunələri, kaşı fraqmentləri, su təsərrüfatı qurğuları və memarlıq elementləri üzə çıxarılıb. Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərlik etdiyi ekspedisiya qrupu nəzarət edir.
Ümumilikdə 500 m² sahədə aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən edilib, qədim su hövzəsi ətrafında üç su qurğusu və saxsı boru xətləri aşkarlanıb, sitadel sahəsində bişmiş kərpicdən inşa olunmuş, döşəməsi yonulmuş daşlarla örtülmüş tikili üzə çıxarılıb, tünd rəngli, miniatür naxışlarla bəzədilmiş XII - XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və kənd yerli nümayəndəsi Ağamalı Əliyev qazıntı sahəsində olaraq işlərin gedişatı və qalaya çəkilən yeni yolun vəziyyəti ilə yerində tanış olublar.
Əlişa qalası - Hirkan Dövlət Təbiət Qoruğunun girişində, strateji yüksəklikdə yerləşən və elmi cəhətdən indiyədək tədqiq olunmamış abidədir. İlkin qazıntılara 2023-cü ilin sentyabr ayında start verilib və hazırda tədqiqatlar intensiv şəkildə davam etdirilir.
Qeyd edək ki, Əlişa qalasında aparılan tədqiqatlar bölgənin qədim və orta əsrlərə aid mədəni-tarixi irsini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, qalanın turizm potensialı da artır.
Arxeoloji ekspedisiyanın üzvləri yol infrastrukturu ilə bağlı dəstəyə görə Astara Rayon İcra Hakimiyyətinə təşəkkürlərini çatdırıb. Bu təşəbbüs həm ziyarətçilərin təhlükəsizliyi, həm də ekspedisiyanın rahat fəaliyyəti üçün əlverişli şərait yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.