Ermənistanın Azərbaycandan qopardığı əlavə ərazilər məsələsi nəzərdən keçirilməlidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın ölkəmizin müxtəlif dövrlərdə ərazilərimizi ələ keçirməsi, işğal edilmiş torpaqlarda tarixi-mədəni irsimizin dağıdılması, toponimlərimizin təhrif edilərək süni şəkildə dəyişdirilməsi haqqındakı bəyanatlarını arxiv sənədləri, xəritələr, elmi-ədəbi əsərlər, xalq yaddaşı nümunələri tam təsdiq edir. Ermənistan tərəfi isə Qarabağda onlara məxsus hər hansı bir tarixi əsası olan heç bir abidə, toponim göstərə bilməz. Qarabağın və Zəngəzurun nəinki yerüstü maddi-mədəniyyət abidələri, hətta yeraltı arxeoloji materiallarda da, xalq yaddaşını əks etdirən folklor və etnoqrafiya nümunələri də ən qədim zamanlardan bu günə qədər Azərbaycan xalqına məxsus milli sərvətdir. Heç də təsadüfi deyildir ki, hələ XVIII əsrdə Molla Pənah Vaqif və Molla Vəli Vidadi öz şeirlərində səs-səsə verərək “Küllü Qarabağın abı-həyatı, nərmə-nazik bayatıdır, bayatı” sözlərini el-aləmə yaymışdılar. Çar Rusiyası dövründə ermənilərin də iştirakı ilə hazırlanmış xəritələrdə Ermənistan adlı dövlətdən heç bir iz də yoxdur.
Prezident İlham Əliyevin Laçın rayonuna səfəri zamanı haqqında bəhs etdiyi XX əsrin və əvvəlki dövrlərin xəritələri dünyanın ən mötəbər kitabxanalarında, muzey fondlarında saxlanılır. Ermənistan və onların xaricdəki havadarları həmin xəritələrə baxıb, Ermənistan adlı qondarma dövlətin nə vaxt peyda olduğunu, necə süni şəkildə yaradıldığını, sonralar hansı əraziləri ələ keçirdiklərini bir daha əyani şəkildə görə bilərlər. Sovet hakimiyyəti illərində bir-birinin ardınca cızılmış xəritələri müqayisə etdikdə Ermənistanın bolşeviklərin köməyi və Anastas Mikoyanın barmağı ilə Azərbaycandan nə vaxt nə qədər əlavə torpaq sahəsi qopartdığını da əyani şəkildə görmək mümkündür. Çox da uzaq olmayan sovet hakimiyyətinə qədərki dövrün xəritələrində isə erməni mənşəli yer adları axtarmaq özünü və başqalarını aldatmaqdan başqa bir şey deyildir. Məkrli qüvvələrdən başqa, dünya ictimaiyyəti artıq “yazıq ermənilərin” süni uydurmalarına yox, elmə, tarixə, arxivə inanır. Prezident İlham Əliyevin bəyanatlarındakı hər müddəanın arxasında təkzibedilməz tarixi faktlar və mötəbər sənədlər dayanır. Dövlət başçımızın yaxın və uzaq tariximiz haqqında səsləndirdiyi fikirlər siyasi-ideoloji cəhətdən olduğu kimi, elmi-tarixi baxımından da möhkəm əsası olan müddəalardır. Bütün bunlara görə sərhədlərin yenidən tanıdılması məsələsində Ermənistanın Azərbaycandan qopardığı əlavə torpaqlar məsələsi nəzərə alınmalıdır.
Ən əhəmiyyətlisi isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda yeni tarixin də tərəflərin hamısı üçün məqbul və sərfəli olan mükəmməl yol xəritəsini çəkir. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarından keçəcək Zəngəzur və Laçın dəhlizləri XXI əsrin xəritəsində gərgin daxili çəkişmələrin və uydurma xülyaların məngənəsində boğulmaqda olan Ermənistana açılmış qapıdır. Süni millətçilik və əsassız ərazi iddiaları bu qədər aydın reallıqları görməkdə Ermənistanın gözlərini kor etmişdir. Azərbaycan dövlətinin irəli sürdüyü prinsiplər və atdığı addımlar Ermənistan üçün regionda ən real çıxış yollardan ibarətdir. Dünyanın yeni reallıqlarını əyani şəkildə təsəvvür etmək üçün mühüm əhəmiyyətə malik olan Prezidenti İlham Əliyevin Laçın bəyanatları Ermənistan üçün mühüm özünüdərketmə mesajlarıdır. Azərbaycan Laçın dəhlizinə, Zəngəzur magistralının bərpasına Avropa-Asiya üfüqləri miqyasında və region dövlətlərinin ümumi maraqları miqyasına baxır. Ermənistan isə Laçından uzağı görə bilmir. Əslində bədnam ermənilər Laçının da mahiyyətini və əhəmiyyətini düzgün başa düşmürlər. Çox təəssüf ki, Ermənistanda anlaya bilmirlər ki, Zəngəzur-Laçın dəhlizləri Qərbin də, Şərqin də marağında olan qlobal xarakterli aktual məsələdir.
Zəngəzur-Laçın dəhlizləri XXI əsrin Böyük İpək yolunun əsas keçid nöqtələridir. Hadisələr və proseslər göstərir ki, Ermənistanda bu miqyasda düşünə bilənlər yox kimidir. Ona görə də dünya birliyi üçün, Avrasiya coğrafiyası üçün olduğu qədər də Ermənistandan ötrü də son dərəcədə əhəmiyyətli olan bu problemi həll etmək Azərbaycan Respublikasının üzərində düşür. 44 günlük Qarabağ müharibəsində olduğu kimi, Zəngəzur-Laçın dəhlizləri məsələsində də dünya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dəmir yumruğuna və dəmirdən də möhkəm olan ədalətli məntiqinə və obyektiv mövqeyinə böyük ümidlə baxır. Azərbayacan xalqı isə ürəkdən inanır ki, ölkəmizin lideri İlham Əliyev xalqımıza Qarabağda tarixi Zəfərin qürurunu yaşatdığı kimi, Vətən müharibəsindən sonrakı çətin, məsuliyyətli və mürəkkəb şəraitdə də qarşıya çıxan çətinlikləri böyük bacarıqla dəf etməklə irəliyə doğru inkişafımızı təmin edəcəkdir.
İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.