Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.09.2022 09:36
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda pakistanlı alimlərlə görüş olub

Ədəbiyyat İnstitutunda pakistanlı alimlərlə görüş olub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Muslim İnstitutunun direktoru, Cunaqadh əyalətinin naziri, professor Sahibzadə Sultan Ahmed Ali və institutun London təmsilçisi Kaşif Xanla görüş olub.

Qonaqlar öncə Ədəbiyyat İnstitutunun nəzdindəki Pakistan Ədəbiyyat Mərkəzini ziyarət ediblər.

Görüşdə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov və şöbənin digər əməkdaşları da iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Pakistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və ədəbiyyat istiqamətində uğurla inkişaf etdiyini bildirib: “Siz də bu əlaqələrin möhkəmlənməsində çox yaxından iştirak edirsiniz. Sizin keçən səfərinizdə İmadəddin Nəsimi ilə bağlı konfrans keçirmişdik. Akademik İsa Həbibbəyli əlavə edib ki, Azərbaycanın bütün dünya ölkələri ilə geniş əlaqələri var. Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası isə xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin Prezidenti cənab İlham Əliyev həm Türkiyə ilə, həm də Pakistanla əlaqələrimizin inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Pakistanın bayrağı Azərbaycanın şəhərlərində, kəndlərində, hər yerdə ucalır. Qarabağ müharibəsində isə biz Pakistan dövlətinin və xalqının böyük dəstəyini əbədi minnətdarlıqla qarşılayırıq. Azərbaycan da Pakistanı Kəşmir məsələsində birmənalı olaraq dəstəkləyir. Yayda pakistanlı alimlər qonağımız oldular. Onlar Nizami Gəncəvinin məzarını ziyarət etdilər. Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusif Huşkla Azərbaycan xalqının ədəbi-mədəni pasportu olan “Kitabi-Dədə Qorqud” eposunun Pakistanda urdu dilində nəşr edilməsi barədə razılığa gəldik. Bu kitabın bir təqdimatını da sizin nazir olduğunuz əyalətdə keçirərik”.

Sonra Muslim İnstitutunun direktoru, Cunaqadh əyalətinin naziri, professor Sahibzadə Sultan Ahmed Ali çıxış edərək görüş üçün təşəkkürünü bildirib. Vurğulayıb ki, bizim dostluğumuzu yaradan Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevi xatırlamaq yerinə düşər. Prezident İlham Əliyevin sayəsində isə dostluğumuz daha da möhkəmlənib: “Biz Pakistan ərazisində yaşayıb-yaradan azərbaycanlılara həsr olunmuş bir ensiklopediya yarada bilərik. Mənim bu səfərimdə əsas məqsədim odur ki, Pakistanda Nizami Gəncəvinin azərbaycanlılara məxsus olduğunu göstərim. Bu səbəbdən Gəncəyə də səfər edəcəm. Dörd günlük Şuşaya səfərim də olacaq”.

Görüşdə qonaqlar Azərbaycan-Pakistan əlaqələrini əks etdirən videoçarx nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: