Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük müharibə torpaqlarımızın azad olunması ilə nəticələndi. Döyüş hazırlığı yüksək olan ordumuz Ermənistanı məğlub edərək diz çökdürdü. Bu savaş Azərbaycan xalqının haqq işi idi. Bu erməni təcavüzünün qurbanı olan vətəndaşlarımızın qanının yerdə qalmamasının, düşməndən alınan intiqamın təntənəsi idi.
Ermənilərin türklərə, o cümlədən azərbaycanlılara qarşı yönələn təcavüzünün ikiəsrlik tarixi var. Ermənilərin XIX əsrdən başlayaraq köçürüldükləri Azərbaycan torpaqlarında qaldırdıqları ərazi iddiaları həmişə insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Onların Azərbaycan xalqına qarşı törətdiyi Xocalı, Qaradağlı, Başlıbel faciəsi cəmi 30 il əvvəl insanlıq tarixinə qanla yazılan bir soyqırımı cinayətləridir.
Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, bu torpaqlar işğal olunmuşdu və 30 ilə yaxın müddətdə Qərb siyasi dairələri beynəlxalq hüququn normalarının pozulduğunu görməzliyə vurmuşdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Amma ATƏT-in artıq arxivə atılmış Minsk qrupu heç vaxt Ermənistana təzyiq göstərmədi. Minsk qrupunun keçirdiyi görüş və monitorinqlərin səmərəsizliyi, düşməni işğal etdiyi torpaqlardan öz qoşunlarını çəkməyə sövq etdirmək imkanlarına malik olmaması nəticə etibarilə təcavüzkarın dəyirmanına su tökürdü. Bu da istər-istəməz Minsk qrupuna qarşı inamsızlığa gətirib çıxarmışdı. Hətta torpaqlarımızın ilhaqı üçün 30 ilə yaxın danışıqlar dövründə Azərbaycana təzyiqlər də oldu, respublikamızı özünün milli maraqlarının ziddinə olan kompromislərə getməsinə cəhdlər göstərildi.
Əlbəttə, vəziyyət belə davam edə bilməzdi. 2016-cı ilin Aprel döyüşləri, Cəbrayıl və Tərtər istiqamətində əldə olunan zəfər Cocuq Mərcanlı kəndinin, Lələtəpə və digər strateji yüksəkliklərin azad olunması, əlverişli döyüş mövqelərininin ələ keçirilməs 44 günlük müharibənin qığılcımları idi.
2019-cu il oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI iclasının plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır!” sözləri bir daha təsdiq edirdi ki, torpaqlarımızın azad olunacağı tarix uzaqda deyil.
2020-ci ilin yayında ermənilər hərbi-siyasi təxribatlarını daha da artırdılar. İşğal etdikləri torpaqlarımızda qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdi, Şuşada qondarma rejim üçün hansısa mərasimlər keçirdi, habelə xarici ölkələrdən gətirdikləri erməniləri Qarabağa və Şərqi Zəngəzura yerləşdirirdilər. Artıq bütün bunlar göstərirdi ki, Ermənistan sülh istəmir. 2020-ci ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonunda törətdiyi hərbi təxribat isə artıq danışıqlar prosesini tam dayandırmış, müharibənin qaçılmazlığını gündəmə gətirmişdi.
Ermənistanın 2020-ci il sentyabrın 27-də cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatdan sonra Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri düşmənin döyüş meydanında darmadağın edilməsi ilə nəticələndi. Həmin tarixdən başlanan Vətən müharibəsi cəmi 44 günə Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu savaşda ərazi bütöülüyünü bərpa etməklə Azərbaycan beynəlxalq konvensiyalarla təsbit olunmuş hüquqlarını güc yolu ilə təmin etməyin yeni nümunəsini yaratdı.
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi cavab tədbirləri, yüksək peşəkarlıqla düşünülmüş hərbi əməliyyatları hərb tarixində hər zaman xatırlanacaq hadisələr kimi qalacaq. Ermənilərin qürrələndikləri Ohanyan səddinin elə ilk həmlədə keçilməsi sıradan bir əməliyyat hesab oluna bilməz. İlk dəqiqələrdən düşməni geri oturdan bölmələrimiz bütün hərbi əməliyyatları qələbə ilə başa vurdular. Bir-birinin ardınca şəhər və kəndlərimizi işğaldan azad etdilər.
Döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan rəhbərliyinin müharibənin getmədiyi yaşayış məskənlərini raket qurğularından istifadə etməklə hədəf seçməsi isə insanlıq əlyhinə cinayət idi. Gəncə, Bərdə, Tətər kimi şəhər və rayonlara atılan raketlər mülki vətəndaşlarımızın həlak olması ilə nəticələndi. Ermənistan dövlətinin bu cinayət əməlləri 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının, 27 yanvar 1977-ci il terrorçuluqla mübarizə üzrə Avropa Konvensiyasının və 1946-cı il BMT Nizamnaməsinin tələblərinin kobud şəkildə pozulması deməkdir.
Vətən müharibəsində tarixi qələbənin qazanılmasında hərbçilərimizin yüksək vətənpərvərlik hisslərinə, döyüş əzminə malik olmaları böyük rol oynadı. Döyüşlər başa çatandan sonra Ermənistan mənbələri etiraf etdilər ki, Azərbaycan Ordusunun gücü qarşısında erməni əsgərlər duruş gətirə bilməyib cəbhənin bütün istiqamətlərində qaçıblar, kütləvi şəkildə fərarilik ediblər. Bəli Azərbaycan əsgəri düşmənin üzərinə ölümdən belə çəkinmədən hünərlə, cəsarətlə yürüdü. Bu yolda şəhidlik zirvəsinə də ucaldı.
Şəhidlərimizin əziz xatirələri daim uca tutulacaq, onların ailə üzvləri həmişə yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar. Onu da qeyd edək ki, Şuşanın azad edilməsi xəbərini də Ali Baş Komandan məhz Şəhidlər xiyabanından xalqımıza çatdırmışdı.
Vətən müharibəsinin 44 günü ərzində isə Azərbaycan xalqı bir daha öz rəhbərinin vətənpərvərliyinin, qətiyyətinin, yenilməzliyinin şahidi oldu. Məhz bu amillər xalqımızı tarixdə görünməmiş dərəcədə bir amal uğrunda həmrəy etdi. Məhz İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda qətiyyətli addımları, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.
Vətən müharibəsindəki qələbə Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına səbəb oldu. İndi Qarabağda və ona yaxın ərazilərdə infrastruktur layihələr həyata keçirilir, yollar çəkilir, beynəlxalq hava limanları tikilərək istifadəyə verilir, əhalinin tədricən öz doğma yurd-yuvalarına qayıdışı üçün ciddi addımlar atılır. Zəngilan rayonunda “ağıllı kənd” layihəsi əsasında inşa olunan Ağalı kəndinə ilk sakinlərin köçürülməsi, orada yaşayacaq insanlar üçün yaradılan şərait Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir.
Hazırda azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu gün bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycan təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini görür. Dövlətimizin maliyyə imkanları yüksəldikcə bu istiqamətdə ayrılan vəsaitlərin həcmi də artacaq, işğaldan azad olunan bölgələrimizin bərpası prosesi ən yüksək səviyyədə başa çatdırılacaq.
Habil QURBANOV, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.