AMEA-nın Rəyasət Heyətinin aparatında 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq Vətən müharibəsində qazanılmış qələbə ilə bizə qalib xalq adını yenidən bəxş edən şəhidlərimizin əziz ruhuna həsr edilmiş Anım gününün dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən qürurla qeyd olunduğunu söyləyib. Qeyd edib ki, düşmənin cəbhə boyunda həyata keçirdiyi genişmiqyaslı təxribata cavab olaraq müzəffər ordumuzun Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında icra etdiyi “Dəmir yumruq” əməliyyatı cəmi 44 gündə Ermənistanın kapitulyasiyası ilə nəticələndi, tarixi Azərbaycan torpaqları işğaldan azad edildi, haqq-ədalət bərpa olundu. Akademik Arif Həşimov vurğulayıb ki, qazanılmış qələbənin kökündə ordumuzun cəbhədə apardığı uğurlu əməliyyat planı ilə bərabər, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatiya və informasiya meydanındakı mübarizəsi, xarici media nümayəndələrinin təxribatçı suallarına qarşı dərin zəkası, məntiqi və dünyagörüşü ilə verdiyi cavablar da mühüm rol oynadı.
O diqqətə çatdırıb ki, Akademiyanın hərbi vəzifəli şəxsləri, gənc mütəxəssisləri və əməkdaşların övladları da Vətən müharibəsində ordumuzun sıralarında iştirak edib, həmçinin AMEA tərəfindən Silahlı Qüvvələrimizin Yardım Fonduna vəsaitlər köçürülüb, müxtəlif yardımlar edilib, alimlərimiz yerli və xarici mətbuatda, beynəlxalq tədbirlərdə, sosial şəbəkələrdə xalqımızın haqq davasını inamla müdafiə ediblər.
Akademiyada bu günə kimi Qarabağın tarixi ilə bağlı yerli və xarici mənbələrə əsaslanmaqla bir çox sanballı tədqiqat əsərlərinin, xəritələrin işıq üzü gördüyünü deyən A.Həşimov bu xüsusda Tarix İnstitutunun fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, sözügedən nəşrlərin Ermənistanla sərhədlərimizin müəyyənləşdirilməsində, yer adlarının dəqiqləşdirilməsində qiymətli mənbə kimi post-müharibə dövründə yaranmış reallıqlara AMEA-nın töhfəsi olduğunu vurğulayıb.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir, müxtəlif tədbirlər keçirir və ölkəmizin ərazi bütövlüyünü təmin etmiş, Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhuna dərin ehtiramını bildirir. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılmış qələbə ölkəmizdə xalq-ordu-iqtidar birliyinin təmin edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və dəmir yumruğu sayəsində mümkün oldu.
Prezident İlham Əliyevin müharibə dövrü fəaliyyətinin 3 istiqamətdə qiymətləndirilməli olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, Ali Baş Komandanın hərb meydanında verdiyi əmrlər və döyüş taktikası müharibənin gedişini həll etdi. Eyni zamanda ölkə başçısının informasiya cəbhəsində dünyanın 30-dan çox media qurumuna verdiyi müsahibələr beynəlxalq arenanı tam əmin etdi ki, Azərbaycan haqq savaşı aparır və yalnız öz tarixi torpaqları uğrunda döyüşür. Natiq Prezident İlham Əliyevin həm müharibədən öncə, həm də müharibə zamanı həyata keçirdiyi diplomatik səylərin, dünyanın aparıcı dövlətləri ilə qurduğu balanslı siyasətin də Vətən müharibəsinin taleyində həlledici rol oynadığını söyləyib.
Həmçinin qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi siyasəti, “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında TANAP, TAP və digər meqalayihələrin icrası qələbəmizin başlıca faktorlarından olub.
Bundan əlavə, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ordu quruculuğu siyasətinə də xüsusi diqqət yetirildiyini deyən akademik dünyanın aparıcı analitikləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin müharibənin gedişatı zamanı dünyanın ən güclü 50 ordusundan biri kimi qiymətləndirildiyini, müharibədən sonrakı dövrdə isə həmin mərkəzlər tərəfindən ordumuzun ilk 20-liyə daxil edildiyini vurğulayıb.
Natiq, həmçinin Ümummilli Lider Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” anlayışının şüardan dövlətlərarası münasibətlərin strategiyasına çevrildiyini, Vətən müharibəsində qələbənin qazanılmasında qardaş Türkiyə dövlətinin rəhbərliyinin və xalqının siyasi və mənəvi dəstəyinin ordumuzun gücünə güc qatdığını söyləyib. İki dövlətin liderlərinin 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları “Şuşa Bəyannaməsi”nin ölkələrimiz arasındakı münasibətləri yeni müstəviyə daşıdığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli, o cümlədən qardaş Pakistan dövlətinin və xalqının müharibə zamanı verdiyi dəstəyin daim ölkəmizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Akademik İsa Həbibbəyli, eyni zamanda Azərbaycanın tarixi qələbəsi ilə “Böyük Ermənistan” mifinin də dağıdıldığını, dünyadakı erməni diasporasının və lobbisinin də məğlubiyyətə uğradıldığını söyləyib.
Məruzəçi AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən Vətən müharibəsinə, ölkə başçısının həmin ərəfədəki müsahibələrinə, çıxışlarına və qələbədən sonrakı dövrə həsr olunmuş bir çox tədqiqatların aparıldığını, kitabların ərsəyə gətirildiyini deyib və bu gün yaranmış reallıqlara uyğun araşdırmaların davam etdirildiyini bildirib.
AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov isə çıxışında vurğulayıb ki, son 200 ildə daim torpaqlarını itirən və işğalçılığa məruz qalan Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz ərazilərini düşməndən azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın Vətən müharibəsindəki qələbə ilə erməni faşizminə tarixi dərs verdiyini deyən Y.Mahmudov bu zəfərin xalqımız üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, tarixən Azərbaycan dövlətləri çətinə düşən zaman başqalarından kömək axtarıblar, lakin bu dəfə ölkəmiz öz taleyini özü həll etdi. Ulu Öndər Heydər Əliyevin daim tarixçilərə Azərbaycanın son 200 ildəki tarixinin yenidən yazılmasını tövsiyə etdiyini xatırladan natiq Prezident İlham Əliyevin tapşırığı ilə AMEA-nın Tarix İnstitutu tərəfindən Qarabağın, İrəvanın, Naxçıvanın tarixi, ərazisi, coğrafiyası, yer adları, mədəniyyətinə dair silsilə əsərlərin, xəritələrin, atlasların nəşr edildiyini, dünyanın bir çox dillərinə tərcümə olunduğunu, təqdimatlarının edildiyini diqqətə çatdırıb. Akademik həmin nəşrlərdə tarixi mənbələr əsasında ermənilərin Cənubi Qafqazın aborigen xalqı olmamasının və Çar Rusiyası tərəfindən bu ərazilərə köçürülməsinin əksini tapdığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə çıxışında bildirib ki, 27 Sentyabr – Anım Günü xalqımız üçün müqəddəs günlərdən biridir və bu qələbəyə görə əbədiyyən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdar olacağıq. İ.Hüseynova torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan elminin də 30 illik fasilədən sonra Qarabağa böyük qayıdışının başladığını söyləyib.
Daha sonra çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Adil Qəribov vurğulayıb ki, Prezident İlham Əliyev böyük sərkərdə və dahi siyasətçidir və Ali Baş Komandanın yüksək quruculuq siyasəti və diplomatik istedadı Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasında başlıca rol oynadı. O qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, yeni dövrün çağırışları Azərbaycan elmi qarşısında, xüsusilə texniki elmlər qarşısında bir sıra vəzifələr qoyur və bu istiqamətdə alimlərimiz var gücləri ilə çalışmalıdırlar.
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov isə müharibədən sonra Qarabağda aparılan quruculuq işlərindən, qısa müddətdə həyata keçirilən böyük layihələrdən danışıb və işğaldan azad edilmiş ərazilərə səfərlərinə dair təəssüratlarını bölüşüb.
Sonda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.