Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

27 sentyabr: Əks - həmlə əməliyyatı
28.09.2022 11:48
  • A-
  • A
  • A+

27 sentyabr: Əks - həmlə əməliyyatı

II Qarabağ savaşı – Vətən müharibəsində erməni işğalçıları və onların havadarları tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında şanlı ordumuzun apardığı hərbi əməliyyatlar, ədalətlilik prinsipi, beynəlxalq hüquq normaları və humanitar qanunlara söykənərək, həyata keçirilən əks həmlə əməliyyatı idi.

“İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək” prinsipinə söykənərək həyata keçirilən döyüşlərdə, şanlı ordumuz müharibə qanunlarına riayət etmiş, beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşmışdır. Azərbaycandan fərqli olaraq, 44 günlük Vətən Müharibəsində erməni işğalçıları müharibə qanunlarını və humanitar dəyərləri pozaraq öz ənənvi vəhşi davranışlarını nümayiş etdirmişlər.

2020-ci ilin sentyabr ayına qədər dəfələrlə mənfur düşmən tərəfindən Ermənistandan və işğal olunmuş Azərbaycanın Qarabağ ərazilərindən Azərbaycanın kommunikasiya xətlərinə, beynəlxalq əhəmiyyətli enerji-nəqliyyat dəhlizinə və mülki obyektlərə, dinc yaşayış məntəqələrinə davamlı şəkildə hücumlar edilmiş, müxtəlif terrorizm əməlləri həyata keçirilmiş, dəfələrlə təxribatlara əl atılmışdır. Bunun nəticəsində atəşkəs dövründə yüzlərlə dinc sakin həlak olmuş, mülki obyektlərə külli miqdarda ziyan dəymişdir.

2020-ci ilin sentyabr ayının 27-də erməni hərbi birləşmələri yenidən atəşkəs rejimini pozaraq hərbi təxribatlara əl atmışdır. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Azərbaycan Respublikası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşü həyata keçirmişdir.

Müharibənin gedişatında Azərbaycan ordusunun qarşısında aciz qalan və çoxsaylı itkilər verən erməni işğalçı ordusu öz ənənəvi və qeyri-insani taktikalarından istifadə edərək, həmçinin beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutmuşlar. Bunun nəticəsində Azərbaycanın yüzlərlə mülki əhalisi qətlə yetirilərək şəhid olmuşdur. Döyüş bölgələrindən kənarda yerləşən dinc əhalinin yaşadığı Bərdə, Gəncə, Tərtər, Mingəçevir şəhərləri və digər yaşayış məntəqələrinə qarşı çoxsaylı insan ölümünə səbəb olan ağır artilleriya silahlarından istifadə, erməni vəhşiliyinin təzahür formasıdır. Təəssüflər olsun ki, dünya birliyi və siyasi dairələri ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, bu faciələrə də seyrci münasibət göstərmişdir. Lakin türk-müsəlman dünyasına qarşı davam edən bu ənənəvi ikili standartlara baxmayaraq, Azərbaycan dövləti Şanlı Azərbaycan ordusunun rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti, həmçinin Türkiyə Cümhuriyyətinin, Anadolu türk qardaşlarının siyasi və mənəvi dəstəyi ilə torpaqlarını erməni faşistlərinin və onların havadarlarının işğalından azad edərək öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ müharibəsində vətən uğrunda Azərbaycan ordusunun minlərlə hərbi qulluqçusu şəhid olmuş və yaralanmışdır.

Kilsə zirzəmilərində mənfur ideoloji təməllər əsasında yaradılan, “Daşnaksütun”, “Qnçaq” və “ASALA” kimi hərbi-siyasi və terrorçu təşkilatların hərbi-siyasi dəstəyi ilə qurulan mövcud erməni dövləti, Azərbaycan dövlətçilik sistemi qarşısında olduqca aciz və zəif görünməkdədir. Mifoloji hökmdar Tiqranla başlayan və onunla da sona çatan, saxta kitablar əsasında yaradılan erməni tarixi və erməni dövlətçiliyi ən yaxşı halda tarix kitablarında öz mövcudluğunu qorumaqdadır. Saxtalaşdırılmış tarixi qaynaqlara söykənən erməni dövlətinin epizodik siyasi tarixi mövcud olsa da, lakin bu dövlətin hüquqi, sosial-iqtisadi, mənəvi, hərbi təsisatlarının mövcudluğunu görmək mümkün deyildir.

XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatları tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ II Qarabağ savaşından əvvəl dünya dövlətlərinə müraciət edərək qeyd etmişdir ki, “Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir...”. Eyni zamanda Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir”. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.

II Qarabağ savaşı-Vətən müharibəsində də Azərbaycanın müzəffər ordusu beynəlxalq hüququn bütün prinsiplərinə əməl edərək, erməni işğalçılarını ağır məğlubiyyətə uğratmış, 30 ilə yaxın bir dövrdə işğal olunmuş Dağlıq Qarabağ və ətraf əraziləri düşmən işğalından azad etmişdir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum dörd qətnaməsini icra etməməsi səbəbindən, bu missiyanı Azərbaycan dövləti öz üzərinə götürərək, bu qətnamələrin icrasını təmin etmişdir. 9 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən “Bəyanat” imzalanmışdır. Bəyanatda Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanmış və Ermənistanın kapitulyasiya aktıdır. Bu tarixi qələbə ilə torpaqlarımız erməni işğalından azad edilməklə bərabər, mifoloji mahiyyətli və təməlləri olmayan erməni dövlətçiliyinə ağır zərbə vuruldu. Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistan dövlətinin və erməni toplumunun siyasi-ideoloji dəyərlərinin tənəzzülünün əsasını qoydu.

12-13 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının suveren ərazilərini pozaraq təxribat törətməyə cəhd edən erməni terrorçuları müzəffər ordumuz tərəfindən ağır və öldürücü zərbəyə məruz qaldı. Torpaqlarımıza daxil olmağa cəhd edən  erməni diversantları ilə yanaşı, Ermənistanın Azərbaycanla sərhədyanı ərazilərində yerləşən hərbi hissələri, hərbi texnikası və yüzlərlə hərbçisi məhv edildi. Azərbaycanın lokal şəkildə həyata keçirdiyi və 7 saatdan çox çəkməyən bu hərbi əməliyyatı Ermənistanın revanşist hərbi-siyasi rəhbərliyinə ciddi siqnal və sülhə məcbur etmə xarakteri daşıyırdı.

İkinci Qarabağ - Vətən müharibəsində Azərbaycanın qəhrəman ordusu müqəddəs Qarabağ torpaqlarını işğaldan azad etməklə yanaşı, həmçinin Azərbaycan hərbi-siyasi tarixinin yeni bir mərhələsini yaratmışdır. Müzəffər ordumuzun mənəvi-insani dəyərlərə söykənərək beynəlxalq hüququn bütün prinsipləri, müharibə qaydaları çərçivəsində yaratdığı tarix, yazılacaq Azərbaycan hərb tarixinin yeni səhifələrində şərəfli, ləkəsiz, olduqca şəffaf bir şəkildə əks olunacaqdır. Əksinə… erməni hərb tarixinin səhifələrində isə erməni  hərbçilərinin azərbaycanlı mülki şəxslərin  qatili olması ilə bağlı çoxsaylı ifadələrə rast gəlmək mümkün olacaqdır.

Mübariz AĞALARLI, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent

baki-xeber.com

 

  • Paylaş: