Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli salnaməsidir
28.09.2022 14:56
  • A-
  • A
  • A+

Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli salnaməsidir

Uzun illər ərzində işğalçı Ermənistan Azərbaycana qarşı hərbi cinayətlər törətməklə xalqımızın gözünü qorxutmaq, yeni ərazilər işğal etmək məqsədi güdüb. Lakin bunlara baxmayaraq, xalqımız öz iradəsindən dönməyib, haqq yolunda mübarizəsini qətiyyətlə davam etdirib. Müzəffər ordumuz dinc insanların, şəhidlərin qisasını döyüş meydanında alıb, Ermənistanın yaşayış məntəqələrinə, dinc sakinlərinə atəş açma­yıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, bir daha xalqımızın böyüklüyünü, ləyaqətini göstərir.

İşğalçı Ermənistan Respublikası varlığı dövründə hər zaman faşizm ənənələrinə sadiq qalıb. Onlar yalnız Azərbaycana deyil, digər ölkələrə qarşı da daim torpaq iddiası ilə çıxış edib, saysız-hesabsız terror aktları törədib, soyğunçu, talançı əməllərdən çəkinməyib. Ermənistan Njde ləqəbi ilə alman faşistlərinə xidmət edən, cəllad və satqın kimi tanınan Qaregin Ter-Arutyunyanı, qatı cinayətkar Dro adlandırılan Drastamat Kanayanı milli qəhrəman kimi dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxıb.

İşğalçı ölkənin ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycana qarşı başladığı yeni ərazi iddiası zamanı Qərbi Azərbaycandan iki il ərzində 250 mindən çox azərbaycanlı öz dədə-baba yurdundan didərgin salındı, 217 nəfər vəhşicəsinə öldürüldü, etnik təmizləmə ilə yanaşı, 300-dən çox məscid, 500-dən çox qəbiristanlıq yerlə-yeksan edildi. Ermənistan vəhşiliyinin bariz nümunəsi olan Xocalı soyqırımı törədildi. Soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 1275 nəfər girov götürüldü.

Bu gün belə Ermənistan Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsindən boyun qaçırır. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı çox sayda soydaşımız işgəncələrlə öldürülərək kütləvi məzarlıqlarda basdırılıb. Onu da qeyd edək ki, bütün bu vəhşiliklər isə 30 ilə yaxın müddətdə işğal altındakı tarixi torpaqlarımız azad olunduqdan sonra üzə çıxıb. Şuşa rayonunun Daşaltı, Xocavəndin Edilli, Ağdamın Sırxavənd, eləcə də Xocalı rayonunun Fərrux kəndləri və digər ərazilərdə aparılan müvafiq axtarış tədbirləri ilə insanlığa sığmayan bu qəddarlıq artıq sübuta yetirilib. Bütün bu vəhşiliklər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, haqlı şəkildə ermənilərin müharibə cinayəti hesab edilir.

Birinci Qarabağ müharibəsindən Vətən savaşınadək olan işğal dövründə Azərbaycan ərazilərində erməni varvarlığının, terror və vandalizminin acı mənzərəsi indi də diqqət çəkir. Başdan-başa xarabalığa çevrilən şəhər və kəndlərimizin dəhşətli vəziyyəti ürək ağrıdır. Maddi-mədəniyyət abidələrimizin mənimsənilməsi, tarixi-mədəni təyinatına uyğun gəlməyən şəkildə istifadə olunması, məscidlərdə ev heyvanlarının saxlanılması, inanc yerlərinin əksər hallarda yerlə-yeksan edilməsi, yaşıllıqların məhv olunması işğalçının qəddarlığının miqyasından xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdəki dağıntılar qeyd edildiyi kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dönəmdə törədilib. Öncə evlərin və sosial obyektlərin tikinti materialları, dam örtükləri və pəncərələri oğurlanıb, daha sonra isə Azərbaycanın mədəni irsi dağıdılıb, təbii sərvətləri talan olunub. Bununla bağlı Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər”.

Qeyd edək ki, xarici ekspertlər tərəfindən ermənilərin Azərbaycanda törətdikləri dəhşətli dağıntlar, vandal əməllər nəticəsində şəhər və kəndlərin yerlə bir edilməsi Xirosima və Naqasakiyə atılan atom bombasından sonra yaranan vəziyyətə bənzədilib. Lakin Qarabağın atom silahı ilə deyil, Azərbaycan xalqına yönələn nifrətin gücü ilə bu hala salındığı vurğulanıb.

Nəhayət, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı.

Fərid MUSTAFAYEV, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi partiya təşkilatının sədr müavini

“Respublika” qəzeti

  • Paylaş: