Surətlə inkişaf edən, qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir. Bütün bunlar bir daha “Şərq Şərqdir, Qərb isə Qərb, onlar heç vaxt uyğunlaşmayacaqlar”, - deyənlərin yanıldığını göstərir. Bir vaxtlar Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, o zamanlar artıq arxadadır, ön plana isə qarşıdurma deyil, sivilizasiyaların dialoqu və ortaq mədəni-mənəvi dəyərlər çəkilib. Lakin elə o dövrdə yetişən və alim kimi formalaşan nadir istedad sahibləri var idi ki, zamanı qabaqlayaraq problemə ideoloji aspektdən fərqli olaraq universal modellər, ümumbəşəri dəyərlər müstəvisində yanaşırdılar. Aida İmanquliyeva məhz belə alim-tədqiqatçı idi.
Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu “Gilqameş”in, “Mahabharata”nın, “Ramayana”nın, “İliada”nın, “Odisseya”nın və digər eposların müqayisəli təhlili əyani nümayiş etdirir. Ellinizm dövründə isə yunan mədəniyyətinin Şərq mədəniyyətlərinə təsiri danılmazdır. Orta əsrlərdə mədəni təsirin istiqaməti yenə də Şərqdən Qərbə yönəldi. Barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz ərəb-İran mədəniyyəti antik və Avropa Renessans mədəniyyəti arasında vasitəçi oldu. Orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində sərhəd ədəbiyyatı adlanan mədəniyyətlər yarandı. Bunlardan ən maraqlısı, mütəxəssislərin rəyinə görə, ərəb və ispan ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsiri nəticəsində yaranan Əndəlus ədəbiyyatı hesab olunur.
XIX əsrin 20-ci illərində antik, ingilis, fransız, ispan, fars, hind, Çin ədəbiyyatlarının ən parlaq nümunələri ilə gözəl tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürdü. Lakin o zaman bu konsepsiya Avropa meyilli olmağa məhkum idi, çünki Şərq ədəbiyyatları özünütəcriddən hələ xilas ola bilməmişdilər. Yalnız bir qədər sonra, əsasən XIX əsrin ikinci yarısından etibarən, ərəb ölkələri Avropanın mədəni təsirinə fəal reaksiya verməyə başladılar. Şərq ölkələrində siyasi və iqtisadi vəziyyətin pisləşməsi, müstəmləkə asılılığı və milli özünəməxsusluğun və bədii ənənələrin itirilmə təhlükəsi mədəni həyatda daha şüurlu mübadiləyə, bəzən isə Qərb təsirinin fəal mənimsənilməsinə yol açdı. Bu təmayülün fəal təmsilçiləri milli dəyərləri, ilk növbədə, mədəniyyəti zənginləşdirmək arzusu ilə yaşayan yerli vətənpərvər ziyalılar oldu. Yeni yaranan ədəbiyyat ənənəvi etik və estetik funksiyalarından uzaqlaşdı, ictimai mövzulara üz tutdu. Ənənənin, demək olar ki, bütün sistem–struktur mahiyyəti dəyişdi. Məhz belə bir zamanda ərəb ədəbiyyatında “Suriya-Amerika məktəbi” adlanan ədəbi cərəyan yarandı ki, o çox-çox sonralar, 1970-ci illərin əvvəllərində təzəcə elmə qədəm qoymuş gənc alim Aida İmanquliyevanın nəzər-diqqətini özünə çəkdi. Elə həmin illərdən Aida xanım, demək olar ki, bu mövzunun yorulmaz tədqiqatçısına çevrildi. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olundu ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün çox mühüm zəmin yaratdı.
Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürdü, mədəni tərəqqini şərtləndirən amillərə istinad etdi. Bir məsələni də xüsusi şəkildə qabartdı. Şərqin bir çox ölkələrinin müasir inkişafı bir həqiqəti ortaya qoyur – Qərbin dəyərləri o zaman yerli zəmində kök sala və onu zənginləşdirə bilər ki, onlar Şərq ənənəsinə və milli xarakterə uyğun formalarda əxz edilsinlər.
Alim ərəb məhcər ədəbiyyatının ən müxtəlif bədii üsluba malik nümayəndələrinin yaradıcılığını araşdırdı: Nuaymə yaradıcılığında rus ədəbiyyatının təsiri ilə formalaşan tənqidi realizmi öyrəndi, Cübran yaradıcılığında ingilis poeziyasının təsiri ilə romantik üslubun inkişaf prosesini izlədi, Amerika transsendentalistlərinin Əmin ər-Reyhani və digərlərinin yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi. Bu zaman o yüzlərlə ədəbiyyat oxuyur, yazıçıların ən məşhur əsərlərini təhlil edir, onların yaradıcılıq metodunu, dünyagörüşünü, nəsr və poeziya dillərinin təkamülünü, lirizmi, müxtəlif qəhrəman obrazlarının xüsusiyyətlərini tədqiq edir, dünya ərəbşünaslığında ilk dəfə olaraq ərəb-Amerika, Qərbi Avropa və rus ədəbi əlaqələrinin məğzi və əhəmiyyətini tam aşkar edir, ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından mənimsəmə prosesi və onun nəticələrini müəyyənləşdirir. Alimin gəldiyi qənaətə görə, ədəbi inkişaf prosesi gedişində maarifçi didaktizm, sentimentalizm cizgiləri qeyd olunan ərəb yazıçıları tərəfindən aradan qaldırılmış, romantizmin və tənqidi realizmin poetikası mənimsənilmişdir. Beləliklə, onlar içərisində olduqları tarixi gerçəkliyi əks etdirmək üçün çox zəruri olan yeni ideya və yeni formaları özündə daşıyan Qərb mədəniyyəti və ədəbiyyatının nailiyyətlərindən yaradıcı surətdə faydalanıblar.
Bu yazıçıların hər biri öz yaradıcılıq metoduna xas olan etik və bədii dəyərlər ehtiyatını işə salaraq, onu özünəməxsus şəkildə bədii təcrübədən keçirib. Cübran və ər-Reyhani Qərb romantizminə müraciət ediblər. Lakin ərəb romantik şairlərindən fərqli olaraq, bu yazıçılar yalnız onun zahiri xüsusiyyətlərini mexaniki şəkildə qəbul etməyib, romantizmi yaradıcı metod kimi, yəni onlara ərəb gerçəkliyinə öz münasibətlərini ifadə etmək imkanı verən yeni nəzər nöqtəsi kimi mənimsəyiblər. Onlar ilk olaraq maarifçiliyin artıq daralmış çərçivəsini qırıb romantizm cəbhəsinə keçiblər. Cübranın və ər-Reyhaninin yaradıcılığında romantik istiqamət nəinki mənimsənilib, həm də zənginləşib və mürəkkəbləşib. Bu, bir tərəfdən ərəb ədəbiyyatının xüsusi ənənələri ilə Qərb romantizmi təcrübəsinin mürəkkəb sintezi nəticəsində, digər tərəfdən hər iki sənətkarın fərdi istedadı sayəsində baş verib. Beləcə, onlar ümumbəşəri problemlərin qoyuluşu səviyyəsinə yüksəlib və dünya ədəbi prosesinin nəinki bərabərhüquqlu iştirakçısı olmaq, həm də yeni bədii dəyərlərin dünya ədəbiyyatına ötürücüsü kimi çıxış etmək imkanı qazanıblar.
Görkəmli şərqşünas-alim Aida İmanquliyeva araşdırmalarının sonunda belə bir müddəa irəli sürür ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən faydalanmasında ilk növbədə məhcər ədəbiyyatı nümayəndələrinə borcludur. Məhcər yazıçıları Qərb ədəbiyyatının pozitiv təsiri orbitində olaraq, onun ən yaxşı nailiyyətlərini mənimsəyib və özünəməxsus şəkildə inkişaf etdiriblər. Öz əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlaya bilən bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynayıblar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr tərkibi daha da rəngarəng olub, bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.
Bu gün görkəmli şərqşünas-alim, elm təşkilatçısı, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın doğum günüdür. Ömür vəfa etsəydi, 83 yaşını onunla qeyd edəcəkdik. Təəssüf ki, belə olmadı, onun doğum gününü həmkarları, tələbələri onsuz qarşılamalı oldular. Ruhu şad olsun, Allah rəhmət eləsin!
Gövhər BAXŞƏLİYEVA, AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik