Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişində görkəmli ədəbiyyatşünas alim Məmmədağa Sultanovun yaradıcılığından bəhs edilib
11.10.2022 17:22
  • A-
  • A
  • A+

“Vətənim” verilişində görkəmli ədəbiyyatşünas alim Məmmədağa Sultanovun yaradıcılığından bəhs edilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında Mədəniyyət kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Məmmədağa Sultanovun həyat və yaradılıcığından bəhs edilib.

Akademik Rafael Hüseynov bildirib ki, Məmmədağa Sultanov 1910-cu il yanvarın 5-də İranın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. O, qələmini ilk dəfə 1931-ci ildə bədii tərcümə sahəsində sınamış, həmçinin ara-sıra şeir və hekayələr yazmışdır.

Görkəmli ədəbiyyatşünasla bağlı xatirələrini bölüşən Rafael Hüseynov Məmmədağa Sultanovun qardaşlarının da istedadlı alim olduğunu, çalışdıqları sahənin təməlqoyanlarından olduqlarını bildirib: “Alimin qardaşı - AMEA-nın müxbir üzvü Qədir Sultanov paleontologiya elmində yeni istiqamət açanlardan idi. Professor Rəhim Sultanov klassik fars dilli nəsr abidələrinin ana dilimizə mükəmməl şərhli silsilə tərcümə ənənəsinin başlanğıcında dayanırdı. Digər qardaşı Əli Sultanzadə isə istedadlı rəssam idi”.

Verilişdə diqqətə çatdırılıb ki, Məmmədağa Sultanov 1947-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda Əlyazmalar şöbəsinə müdir təyin edilmişdir. Eyni zamanda, universitetdə fars dili və İran ədəbiyyatı tarixindən dərs demişdir. Əlyazmalar şöbəsi 1950-ci ildə ədəbiyyatşünas alimin gərgin əməyi nəticəsində Respublika Əlyazmalar Fonduna çevrilmişdi. Məmmədağa Sultanov 1950-1972-ci illərdə fondun direktoru olmuş, onun bir elm mərkəzi kimi formalaşmasında yorulmadan çalışmışdır. Alim 1976-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunun Şərq ölkələri ilə ədəbi əlaqələr şöbəsinin müdiri, 1982-ci ildən isə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun baş elmi işçisi işləmişdir.

Akademik Rafael Hüseynov 1990-cı il noyabrın 30-da AMEA-nın Rəyasət Heyətində görkəmli alimin 80 illik yubileyinin qeyd olunduğunu deyib. Bildirib ki, tədbirdə akademik Şəfaət Mehdiyev, akademik Bəkir Nəbiyev və digər görkəmli alimlər çıxış edərək yubilyarın ünvanına təbriklərini səsləndiriblər.

Qeyd olunub ki, əlyazma kitabların kamil bilicisi, klassik ədəbiyyatımızın istedadlı tərcüməçisi Məmmədağa Sultanov 22 yanvar 1991-ci ildə Bakıda vəfat edib.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: