Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Bioloq alimin 90 yaşı tamam olub
24.10.2022 16:28
  • A-
  • A
  • A+

Bioloq alimin 90 yaşı tamam olub

Bu günlərdə Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, 52 il institutun elmi katibi işləmiş Zemfira Cəfərovanın anadan olmasının 90 ili və əmək fəaliyyətinin 60 ili tamam olur. Zemfira xanımın həyat tarixcəsi, onun əmək fəaliyyəti Fiziologiya İnstitutunun inkişaf  tarixi ilə sıx bağlıdır.

Zemfira Fuad qızı Cəfərova 1932-ci il oktyabrın 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda məşhur olan İbrahimbəyovlar nəslinin nümayəndəsidir. Atası Fuad İbrahimbəyov ilk azərbaycanlı-psixiatr olmuş, respublikada eksperimental psixologiya elminin yaradılmasında müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, Zemfira xanımın şəxsiyyətinin özəyini təşkil edən intellekt və istedad, humanistlik və alicənablıq, xeyirxahlıq və tələbkarlıq, son dərəcədə yüksək məsuliyyətlik hissi nadir  insanlarda vəhdətdə rast gəlinən  keyfiyyətlərdir.

Zemfira Cəfərova 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti), biologiya fakültəsini “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə bitirmiş, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya sektorunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. O, 1967-ci ildə görkəmli fizioloq akademik Abdulla Qarayevin rəhbərliyi altında “Yod mikroelementinin  maddələr mübadiləsinə və quşların məhsuldarlığına təsiri” mövzusunda  dissertasiya işini  müdafiə edərək biologiya elmlər namizədi alimlik dərəcəsi almışdır. O zaman böyük praktiki əhəmiyyətə malik və səmərəli nəticə verə biləcək belə elmi tədqiqatlar  respublikamızda müxtəlif sahələrin bir-birilə əlaqələndirilməsi istiqamətində atılan addımların təzahürü idi. Eksperimental modellərdə uzun müddətli yodla zəngin qidalandırılma zamanı qalxanabənzər vəzinin  funksional vəziyyətinin dinamikası  və onun disfunksiyalarının neft-kimya sənayesi tullantıları vasitəsilə aradan qaldırılması məsələləri  müxtəlif elm sahələri üçün böyük  maraq doğururdu. Fundamental və praktiki baxımdan əhəmiyyətli nəticələrə gətirən mürəkkəb eksperimental tədqiqatları həyata keçirərək, Zemfira Cəfərova peşəkar tədqiqatçı kimi yetişdiyini, məsuliyyətli və idarəetmə bacarıqlarına malik olan yetkin  alim kimi formalaşdığını nümayiş etdirdi.     

1 mart 1968-ci ildə Azərbaycan SSRİ EA-nın Fiziologiya Sektoru genişlənərək Fiziologiya İnstitutuna çevrildi. Məhz bu tarixdən yenicə təsis olunmuş institutun elmi katibi vəzifəsinə direktor, akademik Abdulla Qarayevin təqdimatı ilə Zemfira Cəfərova təyin edildi. Bu vəzifəni Z.Cəfərova 2020-ci ilə qədər fasiləsiz, 52 il müddətində icra edib, institutun elmi-təşkilati fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edib. Bununla yanaşı, o paralel olaraq 1990-cı ildən 2011-ci ilə kimi institutda fəaliyyət göstərən “İnsan və heyvan fiziologiyası” və “Biokimya” ixtisasları üzrə namizədlik (fəlsəfə doktoru) və elmlər doktoru elmi dərəcələrin verilməsi üzrə Dissertasiya Şurasının elmi katibi vəzifəsini də yerinə yetirmişdir.

Onu da qeyd etmək lazımdır ki, elmi-tədqiqat institutunda elmi katib vəzifəsi xüsusi səriştə tələb edən çox məsuliyyətli işdir. Elmi katibin fəaliyyəti Elmlər Akademiyasının rəhbərliyinin və müvafiq bölmələrin qərar və sərəncamlarının həyata keçirilməsi üzrə institutun struktur bölmələrinin işinin təşkili, tədqiqat planlarının, hesabatların hazırlanması, digər tədqiqat müəssisələri ilə əlaqələrin tənzimlənməsi,  institutda çalışan sanballı alimlərdən - akademiklərdən, professorlardan tutmuş gənc alimlərə, doktorantlara qədər əməkdaşların elmi və təşkilati işlərlə bağlı müraciət və təkliflərin təhlil edilməsi, direksiya qarşısında müvafiq təqdimatların hazırlanmasını və bir çox digər gündəlik məsələlərin  həllini əhatə edir. Zemfira xanım böyük peşəkarlıqla, təmkinlə, uzun illərin təcrübəsinə əsaslanan idarəçilik qabiliyyəti ilə bütün bu işlərin öhdəsindən gəlib.

 Zemfira xanımın elmi katib olduğu Dissertasiya Şuralarında 250-yə yaxın doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur. 250 şəxsi iş, müəyyən mənada 250 insan taleyi onun əllərindən keçmişdir. Bu insanların minnətdarlığı, duaları yəqin ki, 90 ilin sağlam, xoşbəxt, şərəfli günlərində öz əksini tapıb.

Yarandığı gündən Fiziologiya İnstitutu respublikada fiziologiya elminin inkişafına töhfələr vermiş, fiziologiya sahəsində tədqiqatlar aparan kafedraların və tədqiqat institutlarının koordinasiya mərkəzi kimi fəaliyyət göstərmişdir. 1980-cı illərdə institut SSRİ EA-nın fiziologiya sahəsində aparıcı institutlarından birinə çevrilmişdir. Bu illərdə institutda intensivləşən tədqiqat prosesinin, genişlənən beynəlxalq əlaqələrin elmi-təşkilati məsələlərinin həllində təcrübəli elmi katibin əməyi yüksək qiymətləndirilmişdir.

Zemfira Cəfərovanın 60 illik əmək fəaliyyyəti yalnız Fiziologiya İnstitutu ilə bağlıdır, bu müddətdə o, gördüyü bütün işlərə peşəkarlıqla, böyük məsuliyyətlə yanaşmış, cavabında institut kollektivinin daimi rəğbət və sevgisini qazanmışdır. Həmkarlarının Zemfira xanım haqqında ürək sözləri belə səslənir.

AMEA-nın müxbir üzvü, professor Rafiq Qasımov: Mən 50 ilə yaxındır ki, Zemfira xanımla çalışıram. O, Fiziologiya İnstitutunun formalaşmasında vacib rol oynayan əməkdaşlardan biridir. Zemfira xanım Fiziologiya İnstitutu yarandığı vaxtdan 2020-ci ilə qədər Elmi Şuranın elmi katibi kimi qüsursuz çalışıb. Bu müddətdə onun  bir dəfə də olsun işlərində çatışmazlıq olmayıb. İnstitutun bütün əməkdaşları xadimədən laboratoriya müdirinə qədər hamı onu sevir. O, gözəl insandır. Ona uzun ömür, can sağlığı arzu edirəm.

Tibb elmləri doktoru, professor Əli Allahverdiyev: Böyük şəxsiyyət, görkəmli alim, Azərbaycanın  ziyalı xanımı Zemfira Cəfərovanın yubileyini təbrik edirik . Ömrunün çox hissəsini Zemfira xanım AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutuna həsr etmişdir. Fizioligiya İnstitutu yaranan gündən son illərə qədər institutun formalaşmasında və inkişafında Zemfira xanımın istisna rolu var. Uzun illər institutun elmi katibi olaraq, Azərbaycan SSR EA-nın, AMEA-nın Fəxri fərmanları ilə təltif olunub. Zemfira xanım yüksək insani xüsusiyyətləri ilə fərqlənir, bu səbəbdən onu tanıyan insanların boyük hörmətini və sevgisini qazanıb. Zemfira xanım böyük ziyalı ailəsindəndir. Onun atası Azərbaycanın məşhur həkimi, birinci psixiatrı - psixoloqu olub. Hörmətli sevdiyimiz Zemfira xanıma daim gümrah qalmaq və 100 illiyini qeyd etmək arzulayırıq.

Biologiya elmləri doktoru, professor Fəxrəddin Əskərov: Gözəl insan və zəhmətkeş alim, biologiya üzrə fəlsəfə doktoru Cəfərova Zemfira Fuad qızı haqqında saatlarla xoş təəssüratlar danışmaq olar. Zemfira xanımı mən 1962-ci ildən Azərbaycan SSR EA Fiziologiya Sektoruna aspiranturaya daxil olduğum vaxtdan tanıyıram, o zaman o sektorun “Biokimya” laboratoriyasında elmi işçi vəzifəsində çalışırdı və akademik Abdulla Qarayev, dosent Fikrət Hacıyevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparırdı. Sonra Zemfira xanım sektorun yerli komitəsinin sədri işləyirdi, mən isə onun müavini vəzifəsini icra edirdim. Onda mən Zemfira xanımı yaxından tanıdım və onun nə qədər xeyirxah insan olduğunu, insanlara yaxından kömək etdiyinin şahidi oldum. 1 may 1968-ci ildə Fiziologiya sektoru institut statusu aldı. Direktor akademik Qarayev Zemfira xanımı institutun elmi katibi vəzifəsinə təyin etdi. Zemfira xanım 50-ildən çox müddətdə bu vəzifəni şərəflə daşıdı, institut kollektivinin dərin hörmətini qazandı. Zemfira xanım elə bir ailədə böyüyüb 90 yaşına çatıb ki, bu ailənin bütün üzvlərinin Azərbaycan xalqının irsinin inkişafında şərərfli yolları var! Zemfira xanımı anadan olmasının 90 illiyi münasibətilə təbrik edirəm və ona cansağlığı arzulayıram.

Biologiya elmləri doktoru Xədicə İsmayılova: Zemfira xanım haqqında danışmaq mənim üçün fəxarətdir. Əzizim Zemfira xanım, Siz elə insanlardansınız ki, sizinlə ünsiyyətdə olmaq, söhbət etmək böyük bir məktəb keçməyə bərabərdir. Səmimiyyət, mehribanlıq, nəzakət sahibi olan, məsuliyyətli, bütün həmkarlarına hörmətlə yanaşan Zemfira xanım, 90 illik yubileyiniz mübarək! 

Fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev: Möhtəşəm bir yubiley – 90 il! Əziz Zemfira xanım! Həyat hamını bu qədər sevmir, yalnız seçilmişlərə bu nəsib olur. Sizin uzun, mənalı ömrünüzün sirri sizin özünüzdədir, sizin xeyirxah və işıq saçan təbiətinizdədir. Hansısa klassik deyib ki, “Qadının gözəlliyi onun yaşı ilə artır”. Yəqin ki, həm daxili, həm zahiri gözəllik nəzərdə tutulub, bu müdrik sözlər sizə aiddir. Bir çox illər şərəflə, namusla çalışmısınız, ömrünüzün çox hissəsini doğma Fiziologiya İnstitutuna həsr etmisiniz, neçə nəsil fizioloqlar, biokimyaçılar sizdən bəhrələnmiş, ada-sana çatmışlar. Şübhə etmirəm ki, bu insanların sizə olan hörməti, sevgisi daimidir, çünki sizinlə ünsiyyətdən yalnız təmənnasız kömək, dəstək görüblər, müsbət emosiyalar alıblar. Bir həmkar kimi, bu insanlardan biri olaraq özümü xoşbəxt hiss edirəm ki, sizinlə bir yerdə çalışıram. Səmimiliklə bildirirəm ki, institutumuzun elmi-təşkilati fəaliyyətinin müvəffəqiyyətləri sizin adınızla bağlı olub və olacaq, birgə fəaliyyətimiz zamanı mənə göstərdiyiniz diqqət və qayğı unudulmazdır. Yubileyiniz Mübarək!       

Zemfira xanım Cəfərova Akademiyanın digər tədqiqat institutları, struktur bölmələri arasında tanınan hörmətli şəxsiyyətdir. AMEA-nın iclaslarında müzakirə edilən elmi problemlər  haqqında söhbət aparmağı, işini təqdim etməyi  bacaran insandır. O deyir: “Mən Akademiyamızın iclaslarında bizim məşhur alimlərimizlə tez-tez rastlaşırdım və onlara öz ehtiramımı bildirirdim. Xüsusən Aida xanım İmanquliyeva ilə  görüşlərimizi xatırlayıram, onlar mənim üçün sadə olmayan keçmişimizin ən kövrək, qəlbimi isindirən xatirələrimdəndir. Bizi ümumi düşüncələr, eyni dəyərlər, baxışlar və qohumluq əlaqələri bağlayırdı. Hər dəfə bir-birimizi dəstəkləyib yaxşılığa ümid edirdik”.

Zemfira xanımın sözlərinə görə: “Mən ömrüm boyu yalnız və yalnız elm sahəsində fəaliyyət göstərərək, həmişə öz vəzifə və vətəndaşlıq borcumu dürüst və vicdanla yerinə yetirməyə, iş yerimdə ədaləti güdərək işgüzar şəraitin yaradılmasına, əməkdaşlarımla xeyirxah ünsiyyət qurulmasına çalışmışam”. Demək olar ki,  Zemfira xanım çalışdığına,  özü üçün məqsəd kimi qoyduqlarına  nail olmuşdur!   

Zemfira Cəfərova AMEA Rəyasət Heyətinin və Biologiya Elmlər Bölməsinin Fəxri fərmanları, V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə Yubiley medalı, 1984-cü ildə Əmək Veteranı medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti 2005-ci ildə onun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam vermişdir.

Zemfira xanım elmi fəaliyyəti ilə yanaşı, gözəl, nümunəvi ailəsi var, o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. 

Əziz Zemfira xanım! Siz layiqli, mənalı, nüfuzlu ömrünüzün 90-cı baharına gəlib çatmısınız. Sizə gələcək illərdə sağlam, gözəl, rahat, məhəbbət və qayğı ilə dolu günlər arzu edirik. Gün o gün olsun 100 yaşınızı böyük təntənə ilə qeyd edək!

Uca Tanrı daim köməyiniz olsun, əziz Zemfira xanım!

Zirvəniz Uca, Ocağınız Yanar, Bulağınız Axar, Ömrünüz Uzun olsun!

90 illik Yubileyiniz mübarək,  Müdrik İnsan!

Ulduz Həşimova, Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: