Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

01.11.2022 10:04
  • A-
  • A
  • A+

Professor Məmməd Əliyev: “Heydər Əliyev İli” çərçivəsində Özbəkistan kitabxanalarında Ulu Öndərin irsini əks etdirən sərgilərin keçirilməsi nəzərdə tutulur

Professor Məmməd Əliyev: “Heydər Əliyev İli” çərçivəsində Özbəkistan kitabxanalarında Ulu Öndərin irsini əks etdirən sərgilərin keçirilməsi nəzərdə tutulur

Xəbər verdiyimiz kimi, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bu yaxınlarda Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olublar.

Professor Məmməd Əliyev Özbəkistana səfərləri ilə bağlı təəssüratlarını bizimlə bölüşüb.

-Məmməd müəllim, istərdik əvvəlcə Özbəkistana rəsmi səfərinizin məqsədi haqqında məlumat verəsiniz.

-Bildiyimiz kimi, son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, eləcə də Özbəkistan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkələrimizdə aparılan islahatlar və hərtərəfli tərəqqi prosesi qardaşlıq və dostluq əlaqələrini məzmunca daha da zənginləşdirir, qarşılıqlı-faydalı əməkdaşlıq yeni yönləri ilə şaxələnir və dərinləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, imzalanmış sazişlər iki xalq arasındakı dostluq və qardaşlığın tarixi özülü ilə yanaşı, son illərdə əhatə etdiyi hüdudları da yenidən canlandırıb. Bizim Özbəkistana səfərimiz də dövlət başçımızın imzaladığı sazişdən irəli gələn məsələlərin icrasına istiqamətlənib.

Özbəkistan Respublikasına rəsmi səfərimiz bu ölkənin İnnovativ İnkişaf Nazirliyinin dəvəti ilə baş tutub. AMEA rəhbərliyini təmsil etdiyimiz işgüzar səfərimizin əsas məqsədi həmin Nazirliyin dəstəyi ilə keçirilən “Texno həftə” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək idi. Səfərdə zamanı MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ilə birlikdə Özbəkistanda keçirilmiş “İnnovasiya, elm, texnika, araşdırma” mövzusunda beynəlxalq konfransda və konfrans çərçivəsində təşkil olunan sərgidə iştirak etdik, həmçinin qardaş ölkədə mövcud olan elmi-kütləvi kitabxanaların fəaliyyəti, kitabxana istiqamətində əməkdaşlığın iki ölkənin elmi-mədəni münasibətlərinə verə biləcəyi töhfəni nəzərdən keçirdik.

-Səfər çərçivəsində Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin həyata keçirdiyi layihələrlə yaxından tanış olmusunuz. Məlum olduğu kimi, Mərkəzin rəhbəri Abduləziz Abdulvəliyev cari ilin sentyabr ayında Bakıya səfəri zamanı MEK-də olmuş, əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə hansı istiqamətləri əhatə edir?

-Rəsmi səfər çərçivəsində, ilk olaraq paytaxt Daşkənddə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Dahi Liderin büstünü ziyarət etdik. Daha sonra Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin ofisində qurumun həyata keçirdiyi layihələrlə tanış olduq. Qurumun direktoru Abduləziz Abdulvəliyev, birinci müavin Fərrux Aminov və əməkdaşların müşayiəti ilə Mərkəzlə tanışlıq zamanı qurumun gələcəkdə AMEA, o cümlədən MEK-lə əməkdaşlıq istiqamətləri müzakirə olundu. Görüşdə MEK adından mərkəzə kitablar təqdim edildi, həmçinin qarşı tərəfdən MEK-ə Özbəkistanın elmi-texniki fəaliyyətlərindən bəhs edən önəmli nəşrlər hədiyyə olundu.

Qeyd etdiyiniz kimi, sentyabr ayında Özbəkistanın İnnovasiya və İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin rəhbəri Abduləziz Abdulvəliyev Bakıya səfər etmiş və MEK-də olmuşdur. Görüş zamanı A.Abdulvəliyevə ölkəmizdə müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklər, MEK-in beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi imkanları, kitabxananın fondları, layihə və təşəbbüsləri, burada fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verilmişdir. Görüşün nəticəsi olaraq qarşılıqlı əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanmışdır.

-Səfər çərçivəsində iştirak etdiyiniz “InnoWeek.uz-2022” adlı beynəlxalq sərgi ilə bağlı təəssüratlarınızı bölüşərdiniz.

-50-dən çox xarici ölkənin 100-ə yaxın təşkilatının təmsilçilərinin qatıldığı "-“InnoWeek.uz-2022” beynəlxalq sərgisində innovativ texnologiyalarla, o cümlədən kitabxana işinə aid olan yeni texnologiyalarla yaxından tanış olduq. 

Bir məqamı da vurğulamaq istərdim ki, ümumiyyətlə, özbək gəncləri elmə, özünüinkişafa meyillidirlər. Sərgi kompleksində gənclər özlərinin istehsal etdikləri protezləri və digər cihazları nümayiş etdirirdilər.

Sərgiyə baxış keçirildikdən sonra konfransın açılış mərasimində iştirak etdik. Tədbirdə Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov, Baş nazirin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev, innovativ inkişaf naziri İbroxim Abduraxmonov kimi dövlət rəsmiləri, millət vəkilləri, universitet rektorları çıxış etdilər. Konfrans işini bölmələr üzrə maraq doğuran məruzələrlə davam etdirdi.

-Məmməd müəllim, Özbəkistanda “Beynəlxalq Elm və İnnovasiyalar Forumu”nda Azərbaycanı layiqincə təmsil etdiyinizə görə Özbəkistan Respublikasının innovativ inkişaf naziri İbroxim Abduraxmonov tərəfindən sertifikata layiq görülmüsünüz. İstərdik bir qədər də bu barədə məlumat verəsiniz.

-“InnoWeek.uz-2022" beynəlxalq sərgisinin davamı olaraq keçirilən “Beynəlxalq Elm və İnnovasiyalar Forumu”na fəxri qonaq qismində qatıldıq. Beynəlxalq forumda müasir qloballaşma, rəqəmsal elm şəraitində innovativ fəaliyyətin təşkili və dəstəklənməsi üzrə dünya ölkələri kitabxanalarının təcrübəsi, kitab mübadiləsi, oxu mədəniyyəti kimi məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Tədbirdə Özbəkistan Respublikasının innovativ inkişaf naziri İbroxim Abduraxmonov tərəfindən dəvəti qəbul etdiyimiz və beynəlxalq forumda Azərbaycanı layiqincə təmsil etdiyimiz üçün sertifikatla mükafatlandırıldıq.

-Bildiyimiz kimi, səfər zamanı Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası və Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanasının fəaliyyəti ilə də tanış olmusunuz. Bu kitabxanalar və MEK arasında hansı istiqamətlərdə əməkdaşlıq əlaqələrinin yaradılması nəzərdə tutulur?

-Məlumdur ki, MEK-in beynəlxalq əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlərimizdən biridir. Qeyd etdiyiniz kimi, səfər çərçivəsində iki kitabxananı - Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası və Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanasını ziyarət etdik, əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.

Əvvəlcə Milli Kitabxananın direktoru Umida Teşabayeva ilə görüş zamanı iki qurum arasında sıx əməkdaşlıq münasibətlərini müzakirə etdik. Görüşdə qarşılıqlı informasiya və nəşr mübadiləsinin hər iki kitabxananın istifadəçiləri üçün geniş imkanlar yaradacağı vurğulandı. Bundan başqa, bu kimi faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə niyyət protokolunun imzalanması məsələsi müzakirə olundu.

Sonra direktor Umida Teşabayevanın müşayiəti ilə Özbəkistan Milli Kitabxanası ilə tanışlıq məqsədilə ekskursiya təşkil edildi. Kitabxananın qeydiyyat qaydaları, oxu zalları, fondları, rəqəmsallaşdırma imkanları, o cümlədən həmin kitabxananın elmi nəşrləri haqqında ətraflı məlumat verildi.

Görüşün sonunda “Şuşa İli” çərçivəsində MEK tərəfindən tərtib olunan “Şuşa-270” adlı biblioqrafik göstərici Özbəkistan Milli Kitabxanasının fonduna hədiyyə edildi. Həmçinin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən göstərilən şücaət, qazandığımız Zəfər haqqında Milli Kitabxana əməkdaşlarına ətraflı məlumat verildi.

Bundan başqa, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar”, eləcə də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlanan özbək şairi Əlişir Nəvaiyə həsr olunmuş kitablar da fonda hədiyyə edildi.

Daha sonra Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanasında olduq. Görüş zamanı MEK ilə Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanası arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni Azərbaycan tərəfdən mən, qarşı tərəfdən isə direktor Zuxra Berdiyeva imzaladı.

Bu əməkdaşlıq sazişi kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasını da nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.

Bununla yanaşı, əlavə etmək istərdim ki, gələn ilin aprel ayında bu kitabxana tərəfindən təşkil olunacaq beynəlxalq konfransda MEK-in əməkdaşlarının iştirakına dair razılıq əldə olundu.

Qeyd edim ki, Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanasında “Azərbaycan Bölməsi” fəaliyyət göstərsə də bölmənin kitablarla zənginləşdirilməsi zərurəti olduğundan bu günlərdə MEK tərəfindən kitabxanaya yeni kitablar hədiyyə olunacaq.

-Məlumdur ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli” çərçivəsində Özbəkistanın müvafiq qurumları ilə hansı birgə layihələrin həyata keçirilməsi planlaşdırılır?

-Bildiyimiz kimi, müasir dövlətçiliyimizin banisi,  ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti Azərbaycan ədəbiyyatında öz izini qoyan istiqamətlərdən biridir. Ulu Öndərin doğulduğu tarix hər il bütün ölkə ərazisində təntənəli şəkildə qeyd olunur. Dahi Liderin 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Azərbaycan xalqının böyük sevincinə səbəb olmuş əlamətdar hadisələrdən biridir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin  irsini öyrənmək hər bir azərbaycanlının borcudur. Heydər Əliyev irsinin təbliğinə böyük önəm verən MEK-də son illərdə həyata keçirilən tədbirlərdən biri də “Heydər Əliyev lektoriyası”nın təşkilidir. Lektoriyalarda “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və Azərbaycanda təhsil”, “Heydər Əliyev və Azərbaycan musiqisi” və digər mövzularda müzakirələr aparılır, Ümummilli Liderin irsi dərindən öyrənilir.

MEK Ulu Öndərin doğum günü ərəfəsində əməkdaşlıq etdiyi dünya kitabxanalarında Azərbaycan ədəbiyyatı həftəsinin keçirilməsi və burada Ümummili Liderin yaradıcılığının təqdim edilməsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Bu məqsədlə artıq Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası və Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanası ilə razılıq əldə olunub. Hər iki kitabxanada həm elektron daşıyıcı, həm də kitab formatında Heydər Əliyev irsini nümayiş etdirən əsərlərdən ibarət sərgi təşkil olunacaq.

Son olaraq vurğulamaq istərdim ki, Özbəkistanda Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporu və mədəniyyət ocaqlarının birgə dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdən birinin keçirilməsini arzu edirəm.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: