Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında əməkdaşlıq sazişi çərçivəsində elan olunmuş 4-cü layihə müsabiqəsinə dair məlumatlandırma seminarı keçirilib.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva çıxış edərək AMEA-TÜBİTAK tərəfindən elan edilmiş layihə müsabiqələri və onların nəticələri haqqında məlumat verib. Bildirilib ki, bu günə qədər 9 müştərək layihə dəstəklənib və onlardan 3-ü uğurla tamamlanıb, 3-ü davam edir və 3 layihənin icrasına yeni başlanılıb.
Məruzəçi qeyd edib ki, respublikanın bütün elm və təhsil müəssisələrinin mütəxəssisləri hazırkı layihə müsabiqəsində iştirak edə bilər. O, müsabiqənin şərtləri, ərizə formalarının doldurulması qaydaları, tərəfdaş seçimi, layihələrin dəyərləndirilməsi meyarları kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb. Müsabiqənin 25 noyabr 2022-ci il tarixinədək davam edəcəyini deyən E.Əlirzayeva bildirib ki, layihə təklifləri Türkiyə və Azərbaycandan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalı və hər iki ölkə üçün aktual olan mövzunu əhatə etməlidir. O, təqdim edilən layihə təkliflərinin öncə texniki baxışdan keçirildiyini və bu mərhələni uğurla keçən layihələrin 5 meyar üzrə elmi qiymətləndirmə üçün xarici ekspertlərə göndərildiyini və ən yüksək orta bal toplayan 4 layihənin dəstəklənəcəyini vurğulayıb.
E.Əlirzayeva ərizə formasının doldurulma qaydasını əyani nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb. O, çıxışında bu müsabiqəyə təqdim edilən bütün layihələrin “Horizon Avropa” Proqramının çağırışlarına uyğunlaşdırılaraq Türkiyədən olan tərəfdaşlarla birlikdə həmin proqrama təqdim edilməsinə xüsusi diqqət ayırıb.
Tədbirdə AMEA-nın, Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, səhiyyə mərkəzləri və digər təşkilatların nümayəndələri iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.