2020-ci il iyul ayının 12-də Ermənistanın hər zaman olduğu kimi təcavüzkar və işğalçı niyyətlə Tovuz rayonuna təxribatı, sentyabrın 27-də isə 28 ilə yaxın bir müddət ərzində işğal altında saxladığı Qarabağdan kənarda yerləşən digər şəhərlərə hücumu Azərbaycanın səbrinin son həddi oldu və qardaş ölkənin ordusu əks-hücuma keçərək tarixdə görünməmiş sürətlə və uğurla 44 gün ərzində işğal altındakı torpaqlarını geri qaytararaq böyük qələbə qazandı.
10 noyabr 2020-ci il tarixində Ermənistanın məğlubiyyəti qəbul etməsi ilə Qarabağ əbədi olaraq öz sahibinə qayıtdı. Bu qələbə ilə bağlı yaranmış reallıqlar həm Azərbaycan, həm də Türkiyə ilə sıx bağlıdır. Onları qısaca aşağıdakı kimi ümumiləşdirmək olar.
Qarabağda əldə edilmiş qələbə ilə Azərbaycanda 1918-ci ildə formalaşan, lakin 1991-ci ildə SSRİ-nin dağılması və Qarabağın işğal edilməsi ilə yarımçıq qalan “milli kimlik” amili başa çatmış oldu. Bunun xüsusilə gələcək üçün çox böyük təsiri olacaq. Çünki milli mənsubiyyəti güclü olan ölkələr güclü iqtisadi və sosial cəmiyyətə malik olurlar. Həm ölkə daxilində, həm də beynəlxalq arenada nüfuz və etimad qazanan bir ölkə kimi Azərbaycanın Qafqazda və regionda mövqeyi daha da möhkəmlənəcəkdir.
Qarabağ zəfəri Azərbaycanın beynəlxalq ədaləti özünün bərpa etməsidir.
Qarabağ müharibəsi azərbaycanlıların “ölümdən qorxmuruq, yetər ki, torpaqlarımız azad olunsun” sözləri ilə qəhrəmanlıq dastanına çevrildi. Bu düşüncə Azərbaycan xalqının vətənin müdafiəsindəki həssaslığını bütün dünyaya göstərdi və öz daxilindəki birliyi daha da gücləndirdi.
Böyük qələbə sayəsində ictimaiyyətin əhval-ruhiyyəsi və motivasiyası artdı. Məcbur köçkünlərin geri dönməsi ilə bu duyğular daha da artacaqdır.
Qarabağ zəfəri ilə Azərbaycanda çox güclü “ictimai sosial kapital” formalaşdı. Xalq-dövlət bütünlüyü təmin edildi və bu da özlüyündə insanların həyat səviyyəsini yüksəltdi.
Bu qələbə həm dünya, həm də türk dövlətləri nəzdində Türkiyə və Azərbaycana olan inamı artırdı. Bu etimad iki ölkənin iqtisadi və siyasi mövqelərinə müsbət təsir göstərəcək.
Bu zəfərlə Türkiyənin müdafiə sənayesi məhsullarına tələbat artdığı kimi, iki ölkənin ticarət, turizm fəaliyyətləri və beynəlxalq əməkdaşlıq qurmaq səyləri artmaqdadır.
Bir sözlə, Qarabağ zəfəri sayəsində həm Azərbaycanla Türkiyə arasında, həm də regionda yeni bir dövr başlamışdır. Başlanan bu prosesin aparıcı ölkələri Azərbaycan və Türkiyədir. Bu qələbə sayəsində gələcəkdə Zəngəzur dəhlizinin açılması və buna uyğun olaraq Qars-İğdır-Naxçıvan dəmir yolunun fəaliyyətə başlaması Azərbaycan və Türkiyənin bütün sosial-iqtisadi məsələlərdə mühüm imkanlar əldə etməsinə səbəb olacaq.
Qarabağ zəfərini əldə edən Azərbaycanımızın qəhrəman şəhidlərinə rəhmət diləyir, Azərbaycan dövlətini, qazilərini və bütün azərbaycanlıları bu qələbə münasibətilə təbrik edirəm.
Azərbaycanımızın və Türkiyəmizin zəfərləri əbədi olsun!
Kərəm KARABULUT, Türkiyənin Atatürk Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsinin İqtisadiyyat Bölməsinin nəzdindəki İqtisadi siyasət bölməsinin rəhbəri, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.