Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Vətən savaşında tarixi Zəfər - Heydər Əliyevdən İlham Əliyevə
05.11.2022 11:59
  • A-
  • A
  • A+

Vətən savaşında tarixi Zəfər - Heydər Əliyevdən İlham Əliyevə

Ölkəmizin Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük tarixi hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmamış, ümummilli əhəmiyyət kəsb etməmişdir. Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin Ali Baş Komandanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, icraçısı isə Müzəffər Azərbaycan Ordusu və Azərbaycan əsgəridir.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə qələbəyə nail olmaq variantını da nəzərə çarpdırmışdır. Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən bir daha yekdilliklə tanınması və Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağdakı ərazilərimizin işğaldan azad edilməsi haqqındakı qətnamələrinin yerinə yetirilməsinin dəstəklənməsi Ulu öndər Heydər Əliyevin apardığı müdrik siyasətin uğurlu nəticəsi idi. Görkəmli dövlət xadimi Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin formatını müəyyən etmiş, beynəlxalq miqyasda həmin formatın obyektivliyi haqqında ictimai  rəy formalaşdırmışdır.

Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və ordumuzun peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanması üçün atəşkəs sazişinə nail olması da ulu öndərin tarixi xidmətlərindəndir. Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Horadizin düşməndən azad edilməsi ilə Azərbaycan torpaqlarının müharibə yolu ilə alınmasının mümkünlüyü sınaqdan çıxarılmışdır.

Bütün bunlarla bərabər, Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam və qəti qələbəyə nail olması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə Prezident İlham Əliyev ilk növbədə Azərbaycan Respublikasını iqtisadi cəhətdən inkişaf etdirilmiş ölkələrin səviyyəsinə çatdırmaq vəzifəsini uğurla yerinə yetirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 19 il ərzində İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Davos İqtisadi Forumu və bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevrildiyini dönə-dönə, dəfələrlə bəyan etmişlər.

İkincisi, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Dövlət başçımızın Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu qurumun normal iş fəaliyyətinin təşkil edilməsi də Böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardan biridir. Hələ on il bundan qabaq Azərbaycan Respublikasının dövlət büdcəsində ordu quruculuğuna, hərbi xərclərə ayrılan vəsaitin Ermənistan Respublikasının ümumi büdcəsindən çox olmasının təmin edilməsi sülh və danışıqlar yolu ilə yanaşı, zərurət yarandığı təqdirdə müharibə versiyasının işə salınmasına dövlət səviyyəsində aparılan hazırlıqların mühüm göstəricilərindən biri idi. Buna görə də hələ neçə illər bundan qabaq ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azərbaycan ordusunu bütün əsas göstəricilərinə görə dünyanın ən güclü əlli ordusundan biri hesab etmişdilər. Prezident İlham Əliyev Qarabağ - Vətən müharibəsinə mühüm hazırlıqlardan sonra, inkişaf etmiş Azərbaycan Ordusu və vətənpərvər Azərbaycan əsgəri ilə başlamışdır. İlham Əliyev bundan əvvəl 2016-cı ildə Lələtəpədə və 2018-ci ildə Naxçıvanda uğurlu döyüş əməliyyatlarına rəhbərlik edərək, torpaqlarımızın bir hissəsini düşməndən azad etməyə nail olmaqla sonralar başlayacağı Vətən müharibəsinin məşqlərini keçmişdir. Cəbhədəki uğurlu Lələtəpə və Naxçıvan əməliyyatları və Cocuq Mərcanlı qəsəbəsinin salınması vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin Horadizi düşməndən xilas edərək, təmas xəttində normal həyatı bərqərar etməsinin yaradıcı şəkildə davam etdirilməsi kimi də mühüm əhəmiyyətə malik hadisə idi.

Üçüncüsü, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması, planetimizdə etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da Qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuş və inkişaf etdirmiş əlaqələrə nail olması və sair kimi mühüm addımlar ölkəmizin beynəlxalq miqyasdakı mövqelərini daha da möhkəmləndirmişdir. Beynəlxalq təşkilatlar və region dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad gələcək Böyük Zəfərin əldə edilməsinin əsas faktorlarından biri olmuşdur. Beynəlxalq münasibətlərdə illər uzunu birtərəfli qaydada seçilmiş hər hansı ölkələr qrupu ilə deyil, Şərqdə də, Qərb masştabında da demək olar ki, bütün ölkələrlə sağlam əlaqələr yaradan Azərbaycan Respublikasının qazandığı yüksək etimad Vətən müharibəsində dövlətimizin haqlı mövqeyinin düzgün qavranılmasını və dəstəklənməsini şərtləndirmişdir.

Dördüncüsü, təməli böyük uzaqgörənliklə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət - iki dövlət" düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində səsləndirdiyi "Tək millət - iki dövlət" kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır.

Beşincisi, dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat vermişdir. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı olmuşdur. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox Azərbaycan xalqı Vətən müharibəsində birmənalı şəkildə Prezident İlham Əliyevi yüz faiz dəstəkləmişdir. Bu məqamda Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının yaradılması və fəaliyyətinə dövlət səviyyəsində dəstək verilməsi etibarlı təməl rolunu oynamışdır.

Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuzdan çox aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmək qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki,  Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da artıq Qələbəyə xidmət etmişdir. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dəmir məntiqə əsaslanan dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə müharibəni udmuşdur. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında yüksək hazırlığa, qeyri-adi bacarıqlara və geniş dünyagörüşə malik olan fərqli bir liderlə qarşılaşmışdır.

Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyətləri, dönməz iradəsi və qətiyyəti etibarilə İlham Əliyev rəqabətdə dünya liderlərinin mütləq əksəriyyətindən qabağa getmişdir. Həqiqi bir qüdrətli Liderə malik olmaq baxımından isə hamıdan çox Azərbaycan xalqı qazanmışdır. Prezident İlham Əliyev nəinki dünya liderlərinin ön sırasına çıxmış, mənsub olduğu xalqı və rəhbərlik etdiyi ölkəni də böyük xalqların və dövlətlərin cərgəsinə yüksəltməyi bacarmışdır. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük Zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün Qalib Ali Baş Komandanı və Müzəffər Dövlət Rəhbəri kimi daxil olmuşdur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmin olunmasına nail olmaq şansı qazandırmışdır. İlham Əliyevin əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin uydurduğu "böyük Ermənistan" mifi darmadağın edilmişdir. Erməni diasporu və lobbisi haqqında mövcud olan ictimai rəyin də süni şişirtmədən başqa heç nə olmadığı isbat olunmuşdur. Vətən müharibəsində qazanılmış hərbi-siyasi Zəfərdən sonra vaxtilə İosif Stalin, Serqo Orconikidze və Anastas Mikoyan kimi radikal millətçi bolşeviklərin məkrli diqtəsi ilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə getmişdir. Bundan başqa, İlham Əliyevin Vətən müharibəsindəki tarixi Zəfəri Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı mat vəziyyətinə salmış, onun başçılıq etdiyi başabəla ölkəni sonu görünməyən müddətdə dərin iflasa uğratmışdır. Ermənistan Respublikasının mövcud hərbi-siyasi böhrandan xilas olması üçün bu ölkəyə on illiklərlə vaxt tələb olunur. Ermənistan hazırda dünyadan təcrid olunmuş, siyasi-iqtisadi və mənəvi böhranın məngənəsində çabalayan, məhv olmağa doğru gedən bir ölkəyə çevrilmişdir. Ermənistanın hazırkı hərbi-siyasi mənzərəsində onu bu dərin böhrandan xilas edəcək hər hansı bir "xilaskar" görünmür. Süni şəkildə ərazi iddiaları xülyasına uymuş, koronavirusdan da betər ifrat millətçilik xəstəliyinə yoluxmuş erməni başbilənlərindən birinin digərini əvəz etməsi ilə Ermənistanda vəziyyətin əsaslı şəkildə dəyişdiriləcəyinə inanmaq mümkün deyildir. 

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti:

Özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmişdir.

Ərazi bütövlüyünü təmin etmişdir.

Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir.

Ölkədə möhtəşəm Birliyə nail olmuşdur.

BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsini təmin etmişdir.

Dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.

Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla imzaladıqları 10 noyabr 2020-ci il tarixli razılaşma sənədi regionda qarşıdurmalara və müharibəyə son qoyan, nahaq qanların axıdılmasını dayandıran, Azərbaycan xalqına qarşı edilmiş böyük ədalətsizlikləri aradan qaldıran, bölgədə sülh və əməkdaşlığa yol açan əhəmiyyətli bir deklorasiyadır. Razılaşma sənədindəki müddəalara əsasən müharibənin dayandırılması, qəhrəman Azərbaycan əsgərinin əzmi ilə azad edilmiş ərazilərdən başqa, işğal olunmuş Ağdam, Kəlbəcər və Laçın rayonlarının silah-sursat işlədilmədən, şəhid verilmədən geri qaytarılması mühüm diplomatik Qələbə və böyük tarixi hadisədir. Eyni zamanda, razılaşma sənədinin müddəalarına əsasən Naxçıvan Muxtar Respublikasına gedən nəqliyyat dəhlizinin açılması ölkəmizin qardaş Türkiyə Cümhuriyyəti ilə, oradan da Avropa və əksinə Asiya ölkələri ilə əlaqələrinin daha da genişləndirilməsinə, Pekindən - Londona qədər uzanan tarixi İpək yolunun yenidən bərpa edilməsinə geniş imkanlar açılmışdır. Bu, Naxçıvan Muxtar Respublikasının illərdən bəri davam etməkdə olan çətin blokada şəraitindən xilas edilməsinə və Azərbaycanın ayrılmaz bir parçası olan bu diyarın ölkəmizin digər rayonları ilə əlaqələrinin yenidən formalaşmasına xidmət edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir. Fəxri xiyabandakı ziyarət aktı müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının hansı miqyasda və necə həyata keçirməyin bariz nümunəsidir. Müasir Azərbaycan tarixinin nadir səhifəsi olan bu ziyarət anı yeni nəsillərin ideya-siyasi və mənəvi tərbiyəsi üçün də xüsusi öyrənilməyə layiq ibrətamiz hadisə kimi də böyük əhəmiyyət kəsb edir.      

Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 8 Noyabr - Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət - iki dövlət" strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir.

Zəfər Günün və zəfərlərin mübarək olsun, Azərbaycan!

İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: