Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Dəyərli alim, gözəl insan
05.11.2022 12:37
  • A-
  • A
  • A+

Dəyərli alim, gözəl insan

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradovun 70 yaşı tamam olur. Rauf Muradov 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geologiya fakültəsinin “Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” fakültəsini bitirib. Mühəndis-geoloq kimi ilk əmək fəaliyyətinə Rusiya Federasiyasının Pışma kompleks geoloji-kəşfiyyat ekspedisiyasında geoloq kimi başlamış (1974-1979), 1979-1983-cü illərdə Əlcəzair Xalq Demokratik Respublikasında faydalı qazıntıların axtarışı və kəşfiyyatı, eləcə də onun istehsalatda tətbiqi sahəsində çalışmışdır. Əlcəzairdə böyük geoloq vəzifəsində çalışarkən tikinti materialları (sement, kərpic, mərmər və s.) yataqlarını kəşf etmişdir. Eləcə də dünyanın ən böyük yataqlarından biri olan Tizi-Uzu mərmər yatağının kəşf olunmasında Rauf Muradovun əməyi və rolu olmuşdur.

1984-1986-cı illərdə Rauf Muradov Azərbaycan Xəzər dəniz su ehtiyatlarının mühafizəsi idarəsində şöbə rəisi işləmişdir. 1989-cu ildə indiki Azərbaycan  Dövlət  Sənaye Universitetinin aspiranturasına daxil olmuş, 1986-1987-ci illərdə həmin ali məktəbdə kiçik elmi işçi, 1989-1991-ci illərdə kafedra assistenti, 1991-1995-ci illərdə dosent vəzifələrində çalışmışdır. 1990-cı ildə “Исследование и совершенствование технологии добычи пильного камня карбонатных пород (на примере разработки травертинов и известняков Азербайджанской ССР)” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru dərəcəsini, 1991-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.

Rauf Muradov Geoloji elmlərlə yanaşı, ekologiyanın və ətraf mühitin öyrənilməsi sahəsi ilə də məşğul  olmuşdur. O, 1995-ci ildə Azərbaycan Respublikası Dövlət ekologiya və təbiətdən istifadəyə nəzarət komitəsinin ekoloji ekspertiza şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 1996-1999-cu illərdə  Ətraf  mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planının koordinatoru, 1999-2001-ci illərdə isə Dünya Bankının “Təxirəsalınmaz ekoloji investisiya layihəsi”nin icra qrupunun direktoru olmuşdur. 2002-2009-cı illərdə “Currie and Brown” International LTD-nin marketinq üzrə menecer, 2009-2012-ci illərdə “Təmiz Şəhər” ASC-də Ətraf mühitin mühafizəsi şöbəsinin müdiri, 2012-2015-cü illərdə “Bakı Tələbat Qabları” ASC İdarə Heyətinin baş direktoru vəzifəsində çalışmışdır.

R.Muradov respublika ərazisində baş vermiş zəlzələlərin tədqiqi, onların əmələ gətirdiyi ekoloji fəlakətlərin proqnozlaşdırılması və aradan qaldırılması yollarının müəyyənləşdirilməsi sahəsində təcrübəli mütəxəssislərdən biri kimi 2015-ci ildən AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışır. O, 2015-2021-ci illərdə bu mərkəzdə baş mühəndis, 2022-ci ildən isə icraçı direktor vəzifəsində çalışır. Rauf Muradov dünyanın bir çox ölkələrində (Avstraliya, İndoneziya, Tailand, İngiltərə, Almaniya, Fransa, Danimarka, İsveçrə, Macarıstan, Norveç, Hollandiya, ABŞ, Şotlandiya, Xorvatiya və digər xarici ölkələrdə) geoloji və ekoloji problemlərə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlarında elmi məruzələrlə çıxış etmişdir.

Onlarla elmi məqalə və  tezisin, 1 metodik vəsaitin, 2 dərslik və 5 ixtiranın müəllifi olan R.Muradov Azərbaycan Neft və Sənaye Universitendə çalışdığı dövrdə yetişdirdiyi  mütəxəssislər respublikanın müxtəlif elm və isehsalat sahələrində uğurla fəaliyyət göstərirlər. R.Muradov hazırda da öz işində böyük səylə çalışır, Yer elmlərinin müxtəlif şöbələri üzrə yeni-yeni araşdırmalar aparmaqla məşğuldur. Bir neçə ay əvvəl onun rəhbərliyilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi əsasında “Su hövzələrinə seysmik təhlükələrin təsirinin araşdırılması üzrə”  tədqiqatlar aparmışdır.

Rauf Muradov peşəkar mütəxəssis olmaqla yanaşı, həm də yaxşı dost, yaxşı ailə başçısıdır. Rauf Muradov bu gün də seysmologiya elminin öyrənilməsi sahəsində əzmlə çalışır, gənc kadrlara seysmologiya elmi, onun gələcək perspektivləri ilə bağlı çox vacib və zəruri istiqamətlər verir.

Biz-həmkarları, dostları Rauf müəllimi 70 illik yubiley münasibətilə ürəkdən təbrik edir, uzun sağlam ömür və elmi fəaliyyətində böyük uğurlar arzulayırıq!

İbrahim QULİYEV, AMEA-nın vitse-prezidenti, akademik 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: