Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.11.2022 16:20
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində mühazirə oxuyub

Azərbaycanlı alim Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində mühazirə oxuyub

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Alternativ energetika: nailiyyətlər, problemlər və perspektivər” mövzusunda lider mühazirəsi oxuyub.

Biologiya və Biotexnologiya fakültəsinin təşkil etdiyi tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, alimlər və tələbələr işrirak ediblər.

Fəxri qonağı İdarə Heyətinin üzvü, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin (KazNU) əməliyyat işləri üzrə prorektoru Asel Uvəliyeva auditoriyaya təqdim edib. Asel Uvəliyeva tədbirin əhəmiyyətini vurğulayaraq, universitetdə liderlik mühazirələrinin gözəl və faydalı ənənəyə çevrildiyini qeyd edib. Bu layihə tələbələrə seçdikləri ixtisas üzrə fəaliyyətin xüsusiyyətləri haqqında ilkin mənbədən məlumat almağa imkan verir, həmçinin onları özünü daha da inkişaf etdirmək və uğurlu karyera qurmaq üçün ruhlandırır.

A.Uvəliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetini professoru, Rusiya Elmlər Akademiyasının K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, Qlobal Enerji Beynəlxalq Mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyevin nailiyyətlərini şərh edib. O qeyd edib ki, Süleyman Allahverdiyev Thomson Reuters - WoS (Clarivate Analytics) tərəfindən biologiya sahəsində ən çox istinad edilən Rusiya tədqiqatçısı seçilib və “Elsevier”, “Springer” və “CSIRO Publishing” kimi nəşriyyatların 6 beynəlxalq jurnalının redaktor müavini və 15-dən çox beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.

“S.İ. Allahverdiyev fiziki-kimyəvi, molekulyar biologiya və bitki biokimyası sahəsində beynəlxalq miqyasda tanınan alimdir”, - deyə Asel Uvəliyeva bildirib: “Onun elmi maraqlarına fotosistem II-nin strukturu və funksiyasının, suyun oksidləşdirici kompleksinin, süni fotosintezin, hidrogenin fotoformasiyasının öyrənilməsi daxildir”.

Dəvətə görə Əl-Fərabi adına KazNU-nun rəhbərliyinə, Biologiya və Biotexnologiya fakültəsinə təşəkkürünü bildirən professor Süleyman Allahverdiyev alternativ enerjinin nailiyyətləri və perspektivləri haqqında mühazirə oxuyub.

“Biz hamımız dünyanın qlobal problemləri haqqında məlumatlıyıq. Bunlar əhalinin artması, aclıqla mübarizə, təbii sərvətlərin tükənməsi, varlılarla yoxsullar arasında uçurumun artması, ölkələr arasında münaqişələrin kəskinləşməsidir”, - deyə mühazirəçi qeyd edib: “Bu problemlər bir çox cəhətdən enerji resurslarına olan ehtiyacdan irəli gəlir. Zamanla bu vəziyyət daha da pisləşəcəkdir”. Mühazirəçinin sözlərinə görə, qlobal enerji problemlərinin həlli üçün müxtəlif alternativ - ekoloji cəhətdən təmiz bərpa olunan enerji mənbələrindən getdikcə daha çox istifadə olunur. Bunlara ənənəvi olaraq külək, geotermal və Günəş enerjisi, həmçinin emal olunmuş biokütlə əsasında enerji daxildir. Müasir elm təbii fotosintezi alternativ enerji mənbələrinin istifadəsi üçün perspektivli istiqamət hesab edir.

Ölkənin aparıcı universitetinə səfəri çərçivəsində fəxri qonaq Əl-Farabi adına KazNU-nun İdarə Heyətinin sədri, rektor Janseit Tumebayevlə görüşüb. Görüşdə təşkilatlar arasında əməkdaşlığın perspektivləri, birgə elm və təhsil layihələrinin həyata keçirilməsi müzakirə olunub.

Görüşün sonunda alimə KazNU-nun “Ерен еңбегі үшін” (“Əməkdə fərqlənməyə görə”) medalı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: