Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Sevinc Əliyeva: Gənc nəslin dil vərdişlərinin formalaşmasında mütaliə mühüm amildir
13.08.2026 10:24
  • A-
  • A
  • A+

Sevinc Əliyeva: Gənc nəslin dil vərdişlərinin formalaşmasında mütaliə mühüm amildir

Gənclərin gündəlik həyatında sosial şəbəkələrin rolunun artması onların dil və nitq vərdişlərinə də təsirsiz ötüşmür. Xüsusilə 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqi məsələsi Azərbaycan dilinin qorunması və nitq mədəniyyətinin formalaşdırılması baxımından da müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, bu istiqamətdə atılan addımlar maarifləndirmə və mütaliənin təşviqi ilə paralel həyata keçirildikdə gənclərin düzgün və səlis danışıq, eləcə də yazı vərdişlərinin inkişafına müsbət təsir göstərə bilər.

Bu fikirləri müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva söyləyib.

Professor qeyd edib ki, Dilçilik İnstitutunda Azərbaycan dilinin qorunması, inkişafı və ədəbi dil normalarının təbliği istiqamətində müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. İnstitutun prioritet istiqamətlərindən biri elektron lüğətlərin hazırlanması, terminoloji bazanın zənginləşdirilməsi, habelə orfoqrafik və orfoepik normaları əks etdirən lüğətlərin müasir tələblərə uyğun təkmilləşdirilərək yenidən nəşr olunmasıdır. Bununla yanaşı, dövlətin dil siyasətinə uyğun olaraq maarifləndirici layihələrin və tədbirlərin keçirilməsi diqqət mərkəzindədir. Bu təşəbbüslər Azərbaycan dilinin qorunmasına, ədəbi dil normalarının ictimaiyyətə daha geniş şəkildə çatdırılmasına və dil mədəniyyətinin inkişafına xidmət edir.

“Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması, sözlərin yanlış yazılması və qeyri-düzgün ifadələrdən istifadə xüsusilə gənclər arasında geniş yayılmış problemlərdən biridir. Bunun səbəbləri sırasında sosial şəbəkələrdə ünsiyyətin sürətli xarakter daşıması, dil qaydalarına kifayət qədər bələd olmamaq və söz ehtiyatının məhdudluğu göstərilir.

Bu baxımdan mütaliənin gənclərin dil bacarıqlarının inkişafında xüsusi əhəmiyyəti qeyd olunur. Gənclərin daha çox kitab oxuması, Azərbaycan dilinin qrammatik qaydalarını dərindən mənimsəməsi onların düzgün və səlis danışmasına, fikirlərini daha aydın ifadə etməsinə və yazılı nitqdə ədəbi dil normalarına əməl etməsinə imkan yaradır. Sosial şəbəkələrdə uşaqlar üçün müəyyən yaş məhdudiyyətlərinin tətbiqi isə onların dil və ünsiyyət vərdişlərinin daha sağlam istiqamətdə formalaşmasına şərait yarada bilər. Eyni zamanda, bu proses maarifləndirici tədbirlər, mütaliənin təşviqi və Azərbaycan dilinin düzgün istifadəsinin təbliği ilə dəstəkləndikdə nitq və danışıq mədəniyyətinin gücləndirilməsinə mühüm töhfə verə bilər. Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının təbliği və gənc nəslin düzgün nitq vərdişlərinin formalaşdırılması Dilçilik İnstitutunun qarşısında duran mühüm vəzifələrdən biri olaraq qalır”, - deyə professor bildirib.

AzərTac

  • Paylaş: