Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

44 günlük döyüşlərdə düşməni diz çökdürən rəşadətli Azərbaycan Ordusu
10.11.2022 11:39
  • A-
  • A
  • A+

44 günlük döyüşlərdə düşməni diz çökdürən rəşadətli Azərbaycan Ordusu

Azərbaycanın şanlı tarixinə yazılan Zəfər Günü Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Prezident İlham Əliyev həmin il dekabrın 3-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynayıb.

Ali Baş Komandan İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi: “Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Prezident vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabr tarixində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi.

Rəşadətli Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Eləcə də ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı. Dekabr ayının 1-i tarixində Prezident, Ali Baş Komandan İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa müraciətində qeyd edib ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bölgəmizdə yeni reallıq yarandı: “Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik”.

30 illik həsrətdən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Son 30 ildə Barbar Ermənistan elə məkrli planlar qurmuşdu ki, onlar güman edirdilər ki, daha Azərbaycan xalqı bu torpaqlara qayıtmayacaqdır. Düşünürdülər ki, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən çıxarıb ata biləcəklər. Ona görə də işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamış, təbiətimizə qənim kəsilərək çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdi. 30 il ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə sahib olmağa çalışmışdılar. Düşmənlərimiz cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır!

44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.

Fərid MUSTAFAYEV, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu

“Respublika” qəzeti

  • Paylaş: